Kafedra haqqında

“Maddə quruluşu” kafedrası 1967-ci ildə yaradılıb. İlk kafedra müdiri dosent Rəhmi Həsənov olub. Universitetdə fizika elminin inkişafında və tədrisində böyük xidmətləri olmuş Rəhmi Həsənov 1972-ci ilə kimi kafedraya rəhbərlik edib. 1972-1992-ci illərdə “Maddə quruluşu” kafedrasına AMEA-nın müxbir üzvü, professor Sabir Hacıyev rəhbərlik edib. Sabir Hacıyev bu illər ərzində kafedrada tədris prosesinin keyfiyyətini yüksəldib və elmi fəaliyyətin inkişafına nail olub. 1992-ci ildən “Maddə quruluşu” kafedrasına professor Eldar Məsimov rəhbərlik edir. Eldar Məsimov 1989-cu ildə kafedranın nəzdində “Makromolekul məhlullarının fiziki-kimyası” Elmi-tədqiqat laboratoriyasını yaradıb. 2005-ci ildə bu laboratoriyanın əsasında BDU-nun “Fizika problemləri” ETİ-nin “Bioloji sistemlər fizikası” şöbəsi yaradılıb. Bioloji sistemlərin fizikasının öyrənilməsi üzrə fəaliyyət Eldar Məsimovun rəhbərliyi ilə “Bioloji sistemlər fizikası” elmi məktəbinin yaranmasına zəmin olub. Həmin elmi məktəbin elmi töhvələri beynəlxalq elm aləmində yüksək qiymətləndirilib. Rusiya Təbiətşünaslıq Akademiyasının Təltif və Mükafatlar Komissiyası Eldar Məsimova “Bioloji strukturların təşkili prinsipləri” elmi məktəbinin yaradıcısı adını verib. 

Yarandığı dövrdən BDU-nun aparıcı kafedralarından birinə çevrilən “Maddə quruluşu” kafedrasında böyük elmi nəaliyyətlər əldə olunub, 6 elmlər doktoru və 50 elmlər namizədi müdafiə edib. Kafedrada atom fizikası, nüvə fizikası və bioloji sistemlər fizikası tədris laboratoriyaları fəaliyyət göstərir. Kafedra əməkdaşları tərəfindən 45-dən çox dərslik, dərs vəsaiti, monoqrafiyalar və çoxlu sayda metodik vəsaitlər və metodik göstərişlər hazırlanıb, 800-ə yaxın elmi məqalə nüfuzlu xarici jurnallarda (Journal of Colloid and Interface Science, Journal of the Chemical Society, Faraday Transactions, Доклады Академии наук СССР, Известия высших учебных заведений, Colloid and Polymer Science, Molecular and Cellular Biochemistry, Журнал физической химии, Неорганические материалы və s.) və respublika jurnallarında çap olunub.

Hazırda kafedrada 2 istiqamətdə – bioloji sistemlər fizikası və nəzəri nüvə fizikası istiqamətində elmi-tədqiqat işləri aparılır. Elmi istiqamətlərindən biri makromolekul məhlullarında, ümumiyyətlə bioloji sistemlərdə qarşılıqlı təsirlərin öyrənilməsi və ondan irəli gələn struktur dəyişiklikləri və faza keçidlərinin tədqiqi probleminə həsr olunub. Belə bir problemin həlli üçün Eldar Məsimovun rəhbərliyi ilə üç istiqamətdə elmi-tədqiqat işləri aparılır: polimer-su sistemlərinin sistematik tədqiqi ilə polimerlər fizikasının aktual problemlərindən olan bir həlledicidə iki polimerin uyuşmazlığı məsələsinin təhlili və həmin sistemlərdə fazaəmələgəlmə mexanizminin izahı; farmakologiya, təbabət və mikrobiologiyada preparativ məqsədlərlə (bioloji hissəciklərin ayrılması və təmizlənməsi, polimerlərin fraksiyalara ayrılması, bəzi xəstəliklərin ilkin diaqnozunun verilməsi və s.) istifadə olunan və bəzi parametrlərinə görə mövcud ikifazalı sistemlərdən üstün olan yeni polimer-su ikifazalı sistemlərinin tapılması və onların tətbiqinin elmi və iqtisadi effektivliyinin artırılması; müxtəlif fiziki və fiziki-kimyəvi metodlarla su-polimer, su-kiçikmolekullu birləşmələr və ümumiyyətlə, su mühitində strukturlaşmanın (gellərin, müxtəlif molekulüstlü hissəciklərin, fazaların əmələ gəlməsi və s.) tədqiqi.

Digər bir elmi-tədqiqat işi nüvənin quruluşu və onda baş verən hadisələrin müxtəlif nəzəri üsullarla tədqiqinə həsr olunub. Metod kimi ifratkeçirici, optik modellərdən, difraksiya, eykonal yaxınlaşmalarında müxtəlif potensiallardan istifadə edilərək və zərrəciklərin kvark quruluşu nəzərə alınaraq müxtəlif səpilmələrin effektiv kəsikləri zərrəciklərin polyarlaşması və digər fiziki kəmiyyətlər tədqiq edilir.

Kafedra Elm və Təhsil Nazirliyinin Fizika, Biofizika və Radiasiya Problemləri institutları, Səhiyyə Nazirliyinin müəssisələri, Nüvə Tədqiqatları Mərkəzi ilə, eləcə də bir çox xarici ölkələrin elm və təhsil mərkəzləri ilə əməkdaşlıq edir.

Kafedrada müxtəlif illərdə dosent Rəhmi Həsənov, professor Sabir Hacıyev, professor Məmməd Məmmədov, professor Tələtdin Bağırov, dosent Hacı Mehdiyev, dosent Niyal Barxalova, dosent Nurəddin İbrahimov, dosent Xanvəli Abdullayev, dosent Valentina Prudko səmərəli fəaliyyət göstəriblər. Hazırda kafedrada professor Eldar Məsimov, professor Sacidə Əbdülvahabova, professor Mais Süleymanov, dosent Tünzalə Bayramova, dosent Alim Həsənov, Niyazi Həsənov, Nicat Əhmədov, Leyla Ağayeva, Leyla Ağamalıyeva və 5 nəfər tədris-texniki heyət çalışır.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət