Beynəlxalq əlaqələr
Bakı Dövlət Universitetinin Fizika fakültəsi dünyanın bir çox elm və təhsil mərkəzləri ilə əlaqə saxlayır. Bu əlaqələr fakültə alimlərinin həmin mərkəzlərdən olan həmkarları ilə birgə elmi-tədqiqat işləri aparması, birgə layihələr üzərində çalışması və fakültənin gənc tədqiqatçılarının həmin mərkəzlərdə təcrübə keçmələri üçün münbit şərait yaratmışdır.
1.Avropa Birliyinin ECONANO layihəsi
Bakı Dövlət Universiteti Avropa Birliyinin TEMPUS proqramı çərçivəsində İtaliyanın Roma Sapienza Universitetinin koordinatorluğu ilə ECONANO layihəsini həyata keçirib. Layihədə Fransanın Paris 13, Yunanıstanın Patras Universitetləri, Azərbaycanın Memarlıq və İnşaat Universiteti, Qafqaz Universiteti, AzEcolab monitoring mərkəzi və Azərbaycanın Təhsil Nazirliyi iştirak edir. Layihənin əsas məqsədi "Nanotexnologiyaya əsaslanan ekoloji mühəndislik" ixtisaslaşmasında postmagistr tədris proqramının yaradılması və təkmilləşdirilməsini nəzərdə tutub. Bu məqsədlə Azərbaycanın Universitetlərini uğurla bitirmiş 12 nəfər magistr dərəcəsi almış mütəxəssis seçilib, onlara layihə çərçivəsində xüsusi proqram əsasında layihədə iştirak edən Avropa və Azərbaycan professorlarının mühazirələr oxuması nəzərdə tutulub. BDU-da təşkil olunmuş Nəzəri və laborator kurslarını bitirdikdən sonta onlar postmagistr dissertasiya işlərini yerinə yetirmək üçün 3 ay layihə çərçivəsində İtaliya, Fransa və Yunanıstan Universitetlərinə ezam olunublar. Layihənin icrası ilə bağlı iştirakçı universitetlərin nümayəndələrinin Bakı, İtaliya və Parisdə 7 dəfə görüşləri keçirilib. 12. noyabr 2015-ci il tarixdə Bakı Dövlət Universitetində "Nanotexnologiyaya əsaslanan ekologiya mühəndisliyi kurrikulumunun reforması və modernləşdirilməsi" adlı TEMPUS ECONANO layihəsinin yerinə yetirilməsi ilə əlaqədar Avropa və Azərbaycan alimlərinin birgə konfransı keçirilib. Layihə üzrə görülən işlər barədə Azərbaycandan olan iştirakçı universitetlərin rəhbərləri və Təhsil Nazirliyinin nümayəndəsi, layihədə iştirak edən Avropa dövlətlərinin səfirləri çıxış etmişlər. ECONANO layihəsinin rəhbəri, professor Luka Di Palma layihənin qarşıya qoyduğu problemlərdən, bu istiaqamətdə görülən işlərdən bəhs edib. Qeyd edib ki, layihə yerinə yetirildiyi müddət ərzində bir sıra uğurlara imza atılıb. Belə ki, Azərbaycan universitetlərinin 12 magistrantı üç ay müddətində BDU-da Avropa və Azərbaycan professorlarının mühazirələrini dinləyib, 2015-ci ilin fevral-may ayları ərzində Avropa universitetlərində dissertasiya işlərini tamamlayıb, 2015-ci ilin iyul ayında BDU-da Beynəlxalq komissiya qarşısında ingilis dilində müdafiə ediblər. Tədbir iştirakçıları layihənin uğurla yekunlaşdığını və Azərbaycan təhsilinə faydalı olduğunu bildirmişlər.
- STAR-NET Şərqi Avropa və Orta Asiya ölkələrinin vahid təhsil şəbəkəsinin yaradılması məqsədilə məsləhətləşmələr keçirilib
22-24 aprel 2015-ci il tarixlərində Belarus Respublikasının paytaxtı Minsk şəhərində Beynəlxalq Atom Enerjisi Agentliyinin (İAEA) nüvə enerjisinin dinc məqsədlər üçün istifadəsi məqsədi ilə Şərqi Avropa və Orta Asiya ölkələrinin vahid təhsil şəbəkəsinin (STAR-NET - Regional Network for Nuclear Education and Training in Nuclear Technology) yaradılması ilə bağlı məsləhət seminarı keçirilib. İclasda MDB məkanından 6 ölkənin 18 universitetinin nümayəndəsi, Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspertləri iştirak ediblər. Azərbaycanı BDU Fizika fakültəsi təmsil edib. STAR-NET şəbəkəsinin yaradılmasının iştirakçı ölkələrdə nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üçün vahid təhsil məkanın yaradılmasında xüsusi əhəmiyyəti olduğu, bu şəbəkəyə qoşulan ölkələrin İAEA-nın bütün resurslarından istifadə edə biləcəkləri qeyd olundu. Görüşdə Regional Şəbəkənin əsasnaməsinin layihəsi, strukturu və fəaliyyət mexanizmi müzakirə edildi. Təklif olundu ki, STAR NET-in Koordinasiya komitəsinin strukturunda hər ölkədən bir nümayəndə təmsil olunsun. Şəbəkənin prezidentinin, vitse prezidentinin və katibliyinin səlahiyyətləri müzakirə olundu. Layihənin icrası ilə bağlı 4 iclas keçirilib.
- "Nizami"layihəsinin ilk təqdimat iclası keçirilib
07.12.-10.12.2015-ci il tarixlərində Avropa Birliyinin Erasmus+ proqrami çərçivəsində Azərbaycanda doktoranturanın Avropa standartlarına yaxınlaşdırılması üçün "Nizami" adlı layihəsinin ilk təqdimat iclası Avropa Birliyi ölkələrindən Fransanın Monpelye Uniersitetində keçirilib. Layihənin ümumi dəyəri 994056,0 Avrodur. Təqdimat iclasında Fransanın Monpelye, İspaniyanın Barselona, Çexiyanın Masaruk, Türkiyənin Fateh, Almaniyanın Haydelberq, İsveçin Upsala universitetlərinin, Azərbaycan Təhsil Nazirliyinin iştirakı ilə Bakı Dövlət Universitetinin, AZAİU, Qafqaz universitetinin, Xəzər Universitetinin, Azərbaycan Dillər Universitetinin, Azərbaycan Texniki Universitetinin, Naxçıvan Dövlət Universitetinin nümayəndələri iştirak ediblər. Azərbaycan tərəfi layihənin Azərbaycan üçün böyük əhəmiyyəti olduğunu qeyd edib. Azərbaycanda bakalavr və magistr pilləsində təhsil kredit sistemi ilə yerinə yetirilir və boloniya posesinə uyğundur. Ali təhsilin doktorantura pilləsi isə Sovetlər birliyində olduğu kimidir. AB-nin dəstəyi ilə yerinə yetirilən "Nizami" layihəsi Azərbaycanda təhsilin doktorantura pilləsini Avropa Birliyinin standartlarına uyğunlaşdırmaq məqsədini həyata keçirməyi nəzərdə tutur. Layihənin baş kordinatoru Fransanın Montpelier Universitetinin professoru Veronika Montero layihənin mərhələlər üzrə qarşıya qoyduğu problemlərdən və layihənin büdcəsindən danışdı. Layihə üzrə digər ölkə unversitetlərinin nümayəndələri layihənin effektiv idarə yolları barədə müzakirələr apardılar. Layihənin icrası ilə bağlı 2 iclas keçirilib, BDU Fizika fakültəsində “Doktoranrura üzrə internet konfrans zalı” istifadəyə verilib.
BDU Fizika fakültəsinin əməkdaşları İtaliya, İsveçrə, Fransa, Yaponiya, Türkiyə, Rusiya və digər ölkələrin aparıcı universitetlərində və elmi mərkəzlərində ezamiyyətlərdə olub, birgə tədqiqatlar aparıblar. Gənc tədqiqatçıların Rusiyada yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna hər il ezamiyyəti həyata keçirilib.
Fakültə alimləri və doktorantları bir sıra beynəlxalq konfranslarda məruzələrlə çıxış ediblər.