Fizika fakültəsinin əsası Bakı Dövlət Universiteti (BDU) təsis edildiyi ilk gündən - 1 sentyabr 1919-cu ildə Tibb fakültəsinin nəzdində Fizika kafedrasının yaradılması ilə qoyulub. 1920-ci ildə Fizika-riyaziyyat fakültəsi yaradılıb, 1958-ci ildən isə Fizika fakültəsi müstəqil fəaliyyət göstərir. 1920/1921-ci tədris ilində Fizika-riyaziyyat fakültəsində 64 tələbə oxuyub. 1921-ci ildə Fizika-riyaziyyat fakültəsinin fizika və riyaziyyat şöbələri yaradılıb. Həmin il fakültəyə 71 tələbə qəbul olub. 1921-ci ildə fakültənin iki şöbəsində 244 tələbə təhsil alıb. 1923/1924-cü tədris ilində fakültədə 322 tələbə (Universitet tələbələrinin 17 faizi) oxuyub. Fakültənin ilk buraxılışı 1925-ci ildə olub və fakültəni 29 nəfər bitirib. 1926-cı ildə isə fakültəni 22 nəfər bitirib. Fizika-riyaziyyat fakültəsinin ilk dekanı Vladimir Razdorski, ilk azərbaycanlı dekanı isə Mikayıl Xıdırzadə olub. Fizika-riyaziyyat fakültəsində riyaziyyat, fizika və mexanika ixtisasları üzrə elmi-tədqiqat institutları üçün mütəxəssislər və ali məktəb müəllimləri hazırlanırdı.
Fəaliyyətinin ilk illərində Fizika-riyaziyyat fakültəsi həm professor-müəllim heyəti, həm də maddi texniki baza cəhətdən çətinlik çəkib. İlk vaxtlar milli kadrların olmaması səbəbindən digər fakültələrdə olduğu kimi, Fizika-riyaziyyat fakültəsində də tədris keçmiş SSRİ-nin müxtəlif şəhərlərindən dəvət olunmuş müəllimlər tərəfindən aparılıb. Yaranmış vəziyyətlə əlaqədar Respublika rəhbərliyi azərbaycanlı alimlərin ölkəyə gəlməsi üçün fəaliyyətə keçdi. O vaxtlar isə cəmi iki nəfər ali təhsilli azərbaycanlı fizik vardı: Bəhram Mirzəyev və Rəhim bəy Məlikov. Kazan Universitetinin fizika-riyaziyyat fakültəsinin məzunu olan Bəhram Mirzəyev 1921-ci ildə dəvət gözləmədən Bakıya döndü. O, 1923-cü ildə BDU-da müəllimlik fəaliyyətinə başladı. Bəhram Mirzəyev BDU-nun Fizika kafedrasında tələbə labaratoriyaları təşkil etdi, fizika-riyaziyyat fakültəsində optikaya dair ilk dəfə olaraq Azərbaycan dilində mühazirələr oxumağa başladı. Bu mühazirələrin nəticəsində o, eksperimental məşğələlər üzrə Azərbaycan dilində tədris vəsaiti hazırladı və 1930-cu ildə onu nəşr etdirdi. Bu işinə görə ona dosent vəzifəsi verildi. Bəhram Mirzəyev 1936-1938-ci illərdə yeni laboratriyaların təşkili işinə başladı, böyük zəhmət bahasına laboratoriyalar, nümayiş müzeyi, fizika kabineti yaratdı. Eksperimental işlərin nəticələrinə və fizika nəzəriyyəsinə aid üç dərs vəsaiti nəşr etdirdi. İlk azərbaycanlı fizik-alim Rəhim bəy Məlikov Universitetdə milli ali təhsil quruculuğu işinə cəlb olundu. O, ana dilində fizika və riyaziyyat proqramları, dərslikləri, tədris vəsaitləri yaradılması işinin önündə gedib, ilk peşəkar fizika məktəbinin əsasını qoyub. Bəhram Mirzəyevin və Rəhim bəy Məlikovun səyi və köməyi nəticəsində yüksək ixtisaslı kadrların hazırlanması məqsədi ilə bir çox aspirant Moskva, Leninqrad, Kiyev və SSRI-nin digər böyük elmi mərkəzlərinə göndərilib.
1940/1941-ci tədris ilində Fizika-riyaziyyat fakültəsinin səkkiz kafedrası olub: 1) Ümumi fizika, 2) Nəzəri fizika, 3) Molekulyar fizika, 4) Astronomiya, 5) Geofizika, 6) Riyazi analiz, 7) Cəbr və funksiyalar nəzəriyyəsi, 8) Nəzəri mexanika. 1941-ci ilin yanvar ayının 1-dək fakültənin akademik heyəti 35 nəfərdən ibarət olub və onların 23 nəfəri azərbaycanlı idi. Akademik heyət 4 professordan, 20 dosentdən, 1 baş müəllimdən, 6 müəllimdən, 4 assistentdən ibarət olub. 1941-1945-ci illərdə Universitet müharibə dövrünün qanunları ilə yaşamasına baxmayaraq, çətinliklə də olsa elmi potensialının bir hissəsini qoruyub saxlaya bilib. Universitetdə ilk açıq mühazirə 1949-cu ildə Fizika -riyaziyyat fakültəsinin II kursunda Həndəsə kafedrasının müdiri dosent Maqsud Cavadov tərəfindən oxunub.
Müxtəlif illərdə fakültəyə rəhbərlik etmiş şəxslər fakültənin formalaşmasında, onun elmi potensialının artırılmasında və yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasında mühüm rol oynayıblar. 1920-1958-ci illərdə birgə fəaliyyət göstərmiş Fizika-riyaziyyat fakültəsinin dekanı Vladimir Razdorski (1920-1924), Pyotr Kuznetsov (1924-1930), Yevgeni Lopuxin (1934-1936), Aleksandr Buxştab (1936-1937), Mikayıl Xıdırzadə (1937-1938) və Əşrəf Hüseynov (1939-1959) olublar. 1958-ci ildən müstəqil fəaliyyətə başlamış Fizika fakültəsinin dekanı vəzifəsində Mədət Sərdarlı (1958-1963), Kəriş Köçərli (1963-1965), Abdulla Muxtarov (1965-1967), Əlicavad Cavadov (1967-1970), Mədət Sərdarlı (1970-1973), Faiq Sadıxov (1973-1978), Sabir Hacıyev (1978-1988), Əhməd Abdinov (1988-1989), Qəhrəman Ağayev (1989-1994), Rəsul Muradov (1994-2004), Rasim Məmmədov (2004-2012), Məhəmmədəli Ramazanov (2012-2020) çalışıblar. 2022-ci ilin yanvar ayından Fizika fakültəsinə Bəxtiyar Paşayev rəhbərlik edir. Yeni kafedraların açılması, mövcud kafedraların elmi kadr potensialının gücləndirilməsi, tədris laboratoriyalarının təşkili, digər ölkələrin elm və təhsil mərkəzləri ilə əməkdaşlıq fakültənin inkişafına səbəb olub.
“Ümumi fizika və fizikanın tədrisi metodikası” kafedrası Fizika fakültəsinin ilk kafedrası olub və 1924-çü ildə yaradılıb. 1938-1972-ci illərdə bu kafedra Eksperimental fizika kafedrası, 1972-ci ildən 2016-cı ilədək isə “Ümumi fizika” kafedrası adlandırılıb. İlk kafedra müdiri Semyon Usatıy secilib. Bu kafedranı fizika fakültəsində sonralar yaranan digər kafedraların əsası hesab etmək olar. Kafedrada işləmək üçün dəvət olunan E.E.Lopuxin, F.M.Qallerin, M.A.Poqrebnoy, L.S.Leybenzon, S.Q.Rjanov, Y.Q.Dorfman uzun müddət kafedrada çalışıblar. Kafedranın ilk azərbaycanlı mütəxəsisləri Rəhim bəy Məlikov və Bəhram Mirzəyev olublar. Rəhim bəy Məlikov Ümumi fizika kafedrasında Azərbaycan dilində mühazirələr oxuyan ilk azərbaycanlı alimdir. Fakültənin ilk məzunlarından olan və sonradan Azərbaycan elminin inkişafında xüsusi əməyi olmuş Mehdi Əliyev, Məmməd Abdullayev, Həbibulla Əmirxanov, Malik Ramazanzadə, Yühənnas Seyidov, Abbasqulu Abbaszadə hələ tələbəlik illərində “Ümumi fizika” kafedrasının tədris laboratoriyalarının qurulmasında fəal iştirak ediblər. 1938-1939-cu tədris ilində bu kafedranın bazasında Eksperimental fizika, Molekulyar fizika, Nəzəri fizika və Geofizika kafedralarının yaradılmasına başlanılıb. Əvvəlcə Eksperimental fizika kafedrasının müdiri Y.Q.Dorfman olub. 1941-ci ildən kafedraya Bəhram Mirzəyev, 1960-1964-cü illərdə Kəriş Кöçərli, 1965-1972-ci illərdə Qafar Əfəndiyev rəhbərlik edib. 1972-ci ildə kafedra "Ümumi fizika" və "Fiziki elektronika" kafedralarına bölünüb, 1972-1976-cı illərə kimi “Ümumi fizika” kafedrasının müdiri Kəriş Кöçərli olub. 1976-1991-ci illərdə kafedraya Аzər Zeynallı, 1992-1995-ci illərdə Fərrux Yusifov, 1996-2019-cu illərdə Məzahir Pənahov rəhbərlik edib. 2016-cı ildən kafedranın adı dəyişdirilərək “Ümumi fizika və fizikanın tədrisi metodikası” adlandırılıb. 2022-ci ildən kafedraya Rəhim Rəhimov rəhbərlik edir. Kafedranın əməkdaşları “Halkogen komponentli monokristallarda və nazik təbəqələrdə baş verən elektron proseslərinin tədqiqi” və “Fizikanın tədrisi metodikasının müasir problemləri” mövzusunda elmi tədqiqat işləri aparırlar.
“Nəzəri fizika” kafedrası 1940-cı ildə yaradılıb və respublikada nəzəri fizikanın inkişafında əhəmiyyətli rol oynayıb. Ötən illər ərzində kafedrada onlarla yüksək ixtisaslı elmlər namizədi və elmlər doktoru hazırlanıb ki, onlardan bir çoxu respublikanın elmi mərkəzlərində və xarici ölkələrdə müvəffəqiyyətlə çalışırlar. Kafedranın ilk müdiri S.Q.Rjanov (1940-1942) olub. Kafedraya 1942-1945-ci illərdə Y.Q.Dorfman, 1946-1967-ci illərdə Rəhmi Həsənov, 1967-1988-ci illərdə isə Abdulla Muxtarov rəhbərlik ediblər. Kafedranın elmi potensialının möhkəmlənməsində Azərbaycanda nəzəri fizika elmi məktəbinin yaradıcısı kimi respublikada elmin inkişafına sanballı töhfələr bəxş etmiş, fizikanın ali və orta məktəblərdə tədrisin təşkilində, yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidmətlər göstərmiş Abdulla Muxtarovun əməyi danılmazdır. 1988-2004-ci illərdə kafedraya İsmət Nəcəfov, 2004-2006-ci illərdə Rəsul Muradov rəhbərlik ediblər. 2006-cı ildən kafedraya Məmməd Rəcəbov rəhbərlik edir. Kafedranın əməkdaşları “Fundamental qarşılıqlı təsirlərdə yüksək enerjili zərrəciklərin spin xarakteristikaları nəzərə alınmaqla xassə və strukturlarının tədqiqi” mövzusunda elmi tədqiqat işləri aparırlar. Nəzəri fizika üzrə Azərbaycanda çoxsaylı nəzəriyyəçi fiziklər yetişib. Bu isə Fizika fakültəsinin nəzdində Nəzəri fizika kafedrasının bazasında nəzəri fizika elmi məktəbinin formalaşmasına gətirib. Sabir Hacıyev, İsmət Nəcəfov, Əlicavad Cavadov, Faiq Sadıxov, Rəsul Muradov, Sərhəddin Abdullayev və digərləri həmin elmi məktəbin layiqli yetirmələridir. Abdulla Muxtarovun “Kvant mexanikası”, İsmət Nəcəfovun “Müasir klassik elektrodinamika” dərslikləri fakültənin dəyərli kitablarındandır. Sərhəddin Abdullayevin orta məktəb dərslik və dərs vəsaitlərinin yazılmasında böyük xidmətləri olub.
“Optika və molekulyar fizika” kafedrası 1952-ci ildə Mehdi Əliyevin, Mədət Sərdarlının və Məhəmməd Abdullayevin təşəbbüsü ilə yaradılıb. 1982-ci ilədək kafedra, “Molekulyar fizika” kafedrası adlandırılıb. 1982-ci ildən kafedranın adı dəyişdirilərək “Optika və molekulyar fizika” adlandırılıb. Kafedranın ilk müdiri onun yaradıcılarından biri olan Mehdi Əliyev olub. Yarandığı ilk gündən kafedrada Mehdi Əliyevin rəhbərliyi ilə “Molekulyar fizika” ixtisası üzrə elmi tədqiqatlar aparılıb. 1962-ci ilədək “Molekulyar fizika” kafedrasına Mehdi Əliyev rəhbərlik edib. Bu vəzifədə işlədiyi 10 il müddətində Mehdi Əliyev yüksək ixtisaslı kadr hazırlığına və molekulyar fizika istiqamətində elmi məktəbin yaradılmasına xüsusi diqqət yetirib, universiteti müvəffəqiyyətlə bitirmiş bir qrup gənci - Niftalı Qocayevi, Tamilla Əbilovanı, Aydın Rəsulovu, Məmməd Əliyevi, Adil Mahmudovu, Svetlana Sadıxovanı, Faiq Əhmədovu və s. keçmiş SSRİ-nin bir sıra aparıcı universitetlərinə göndərib. Həmin şəxslər aspirantura təhsilini başa vurduqdan sonra kafedraya qayıdaraq öz elmi-pedaqoji fəaliyyətlərini BDU-da davam etdiriblər. Onlardan Niftalı Qocayev, Adil Mahmudov və Faiq Əhmədov “Optika və molekulyar fizika” kafedrasının müdiri vəzifəsində çalışıblar. 1962-1965-ci illərdə Molekulyar fizika kafedrasına Mədət Sərdarlı, 1965-1984-cü illərdə Niftalı Qocayev rəhbərlik edib. 1968-ci ildən etibarən kafedranın əsas elmi istiqaməti molekulyar fizikanın mühüm sahələrindən biri olan “Bioloji molekulların quruluş və quruluş-funksiya əlaqələrinin tədqiqi” olub. Bununla yanaşı molekulyar fizikanın digər bölmələri - molekulyar akustika və polimerlər fizikası üzrə də elmi-tədqiqat işləri aparılıb. Bu istiqamətdə aparılan işlərin nəticəsi olaraq kafedrada namizədlik və doktorluq dissertsiyaları müdafiə edilib, elmi işlərin nəticələri dünyanın nüfuzlu elmi jurnallarında dərc olunub. Niftalı Qocayevin yazdığı və ümumi fizika kursunun üç bölməsini əhatə edən “Mexanika”, “Molekulyar fizika” və “Optika” dərslikləri fizika müəllimlərinin və universitetlərin fizika fakültəsinin tələbələrinin stolüstü kitabıdır. Optika və molekulyar fizika kafedrasına 1985-1995-ci illərdə Adil Mahmudov, 1996-2011-ci illərdə Faiq Əhmədov rəhbərlik edib. 2015-ci ildən kafedraya Rəna Qasımova rəhbərlik edir. Kafedranın əməkdaşları “Bioloji aktiv molekulların quruluş-funksiya əlaqələri”, “Sulu məhlullarda struktur xüsusiyyətləri”, “Kvant elektronikası və qeyri-xətti optika” sahəsində elmi tədqiqatlar aparırlar.
"Yarımkeçiricilər fizikası" kafedrası 1956-ci ildə akademik Həsən Abdullayevin təşəbbüsü ilə Eksperimental fizika kafedrasının nəzdində olan "Yarımkeçiricilər fizikası" tədris laboratoriyasının bazası əsasında yaradılıb. Bəhram Mirzəyev tərəfindən yarımkeçiricilər fizikası sahəsində tədqiqatların genişləndirilməsi, 1950-ci illərin əvvəlində Həsən Abdullayevin BDU-da bu istiqamətdə səmərəli fəaliyyəti 1956-ci ildə “Yarımkeçiricilər fizikası” kafedrasının yaradılmasına gətirib. Bu kafedra bütövlükdə keçmiş Sovetlər İttifaqında yarımkeçiricilər fizikası sahəsində yaradılmış ikinci (Leninqrad Politexnik İnstitundakından sonra) kafedra olub. Kafedranın ilk müdiri (1956-1958) Həsən Abdullayev olub. Kafedraya 1960-1969-ci illərdə Bəhrəm Mirzəyev,1970-1973-cü illərdə Qüdrət Axundov, 1974-1991-ci illərdə Vladimir Tahirov, 1991-1995-ci illərdə Füzuli Fərəcov, 1996-2015-ci illərdə Aydın Kazımzadə rəhbərlik edib. 2015-ci ildən kafedraya Vaqif Salmanov rəhbərlik edir. Yarandığı gündən kafedra sürətlə inkişaf edib və uzun illər respublikada elmi kadrların hazırlanmasında və yarımkeçiricilər fizikası sahəsinin inkişaf etdirilməsində mühüm rol oynayıb. Hazırda yarımkeçiricilər fizikası sahəsi üzrə təkcə respublikada deyil, bütün dünyada şöhrət qazanmış görkəmli alimlərin bir çoxu ilk təhsilini məhz bu kafedrada alıb. Kafedranın əməkdaşları “Yarımkeçiricilər fizikası” və “Lazer spektropiyası” sahəsində elmi tədqiqatlar aparırlar.
“Maddə quruluşu” kafedrası 1967-ci ildə bioloji sistemlərin öyrənilməsi, atom və nüvə fizikası sahəsində kadrların hazırlanması zərurətinə görə yaradılıb. Kafedranın ilk müdiri Rəhmi Həsənov olub. Universitetdə fizika elminin inkişafında və tədrisində böyük xidmətləri olmuş Rəhmi Həsənov 1972-ci ilə kimi kafedraya rəhbərlik edib. 1972-1992-ci illərdə kafedra müdiri Sabir Hacıyev olub. Sabir Hacıyev bu illər ərzində kafedranın həm tədris prosesinin, həm də elmi fəaliyyətinin keyfiyyətinin yüksəldilməsinə nail olub. 1992-ci ildən “Maddə quruluşu” kafedrasına Eldar Məsimov rəhbərlik edir. Eldar Məsimovun rəhbərliyi ilə kafedranın tədris prosesinin keyfiyyəti və elmi fəaliyyəti daha da yüksəlib. Kafedrada tədris olunan bütün fənlər üzrə azərbaycan dilində dərslik və dərs vəsaitləri yazılıb, kafedra əməkdaşlarının çox saylı elmi məqalələri nüfuzlu, yüksək impakt faktorlu xarici jurnallarda dərc edilib. Eldar Məsimovun yazdığı “Atom fizikası”, “Maddənin quruluşu”, “Polimerlərin fiziki kimyası” dərslikləri fakültənin ən dəyərli kitablarındandır. Yarandığı dövrdən BDU-nun aparıcı kafedralarından biri olan “Maddə quruluşu” kafedrasında böyük elmi nəaliyyətlər əldə olunub və yüksək ixtisaslı elmi kadr potensialı hazırlanıb. Kafedrada çoxlu fəlsəfə və elmlər doktorları yetişdirilib. Eldar Məsimovun rəhbərliyi ilə “Bioloji sistemlər fizikası” ixtisası üzrə elmi məktəb yaranıb. Kafedranın əməkdaşları “Bioloji sistemlərdə struktur və qarşılıqlı təsirlər problemləri”, “Nüvə fizikası”, “Yüksək enerjilər fizikası” və “Ultrarelyativistik ağır ionlar fizikası” mövzusunda elmi tədqiqatlar aparırlar.
“Bərk cisimlər fizikası” kafedrası 1971-ci ildə Azərbaycan Elmlər Akademiyasının təşəbbüsü ilə bərk cisimlər fizikası sahəsində yüksək ixtisaslı kadrlarin hazırlanması məqsədi ilə yaradılıb. Yarandığı gündən 2014-cü ilə qədər kafedraya Bəhram Əsgərov rəhbərlik edib. 2014-2022-ci illərdə kafedranın müdiri Məmməd Əliyev olub. 2022-ci ildən kafedraya Mehdi Mahmudov rəhbərlik edir. XX əsr, bərk cisim əsaslı mikrominiatür cihazların tətbiqi ilə əlaqədar olaraq bərk cisimlər fizikasının sürətli inkişafı ilə yadda qalıb. Bu elmi tərəqqi, xüsusən də yarımkeçiricilər fizikasının inkişafı respublikamızdan da yan keçməyib və həmin istiqamətdə keçmiş SSRİ məkanında bərk cisimlər fizikası üzrə ən qabaqcıl elmi məktəblərdən biri yaranıb. BDU-da Bərk cisimlər fizikası kafedrasının bazasında “Bərk cisimlərin nəzəriyyəsi” istiqamətində yaradılan və formalaşan elmi məktəbin əsası Bəhram Əsgərov tərəfindən qoyulub. Elmi məktəbin fəaliyyəti termomaqnit hadisələrin kvant nəzəriyyəsinin işlənməsi istiqaməti ilə bağlıdır. Mübaliğəsiz demək olar ki, Bəhram Əsgərovun “Termodinamika və statistik fizika”, “Bərk cisimlərin nəzəriyyəsi” və Sofya Fiqarovanın həmmüəllifliyi ilə "Thermodynamics, Gibbs Method and Statistical Physics of Electron Gases" kitabları fiziklərin böyük rəğbətini qazanıb. Kafedrada elmi məktəbin inkişafında müxtəlif dövrlərdə kafedrada çalışmış Firudin Həşimzadənin, Yühənnas Seyidovun, Rauf Hüseynovun, Baxşəli Quliyevin əvəzsiz xidmətləri olub. Kafedranın əməkdaşları “Bərk cisimlərin və aşağı ölçülü elektron sistemlərin termodinamik, kinetik və optik xassələrinin nəzəri tədqiqi” mövzusunda elmi tədqiqat işləri aparırlar.
“Fiziki elektronika” kafedrası 1971-ci ildə Qafar Əfəndiyevin təşəbbüsü və ciddi elmi-pedaqoji dəstəyi ilə "Eksperimental fizika" kafedrasının bazasında yaradılıb. Kafedranın ilk müdiri Qafar Əfəndiyev olub və 1992-ci ilə qədər həmin kafedraya rəhbərlik edib. O, Azərbaycanda “Plazma elektronikası” ixtisası üzrə elmi məktəbin əsasını qoyub və bu sahədə elmi məktəb yaradıb. 1971-1994-cü illərdə “Fiziki elektronika” kafedrasında Fizika fakültəsinin III-IV kurs tələbələrinin bir qisminin “Fiziki elektronika” istiqamətində ixtisaslaşması aparılıb. 1992-ci ildən kafedraya Əhməd Abdinov rəhbərlik edir. Əhməd Abdinov Azərbaycanda fəzaca qeyri-bircins yarımkeçiricilərdə elektron proseslərinin kompleks tədqiqi istiqamətində elmi məktəb yaradıb. Bu illər ərzində kafedrada plazma elektronikası ixtisası ilə yanaşı, bərk cisim elektronikası ixtisası üzrə dünya miqyasında tanınan tədqiqatlar aparılıb. Hazırda kafedranın elmi tədqiqatlarının əsas istiqamətini müasir bərk cisim elektronikası və alçaq temperaturlu plazma elektronikasının aktual problemləri təşkil edir. Bu istiqamətdə aparılan tədqiqatlar nəticəsində kafedrada 9 doktorluq və 23 namizədlik dissertasiyası müdafiə edilib. Kafedra əməkdaşları tərəfindən ali məktəblər üçün Azərbaycan dilində 22 adda dərslik və dərs vəsaiti yazılıb. Bu kitablar respublikadakı ali məktəblərin müvafiq ixtisaslar üzrə müəllimlərinin və tələbələrinin geniş istifadə etdiyi və əksəriyyəti yeganə ədəbiyyatdır. Son illərdə kafedrada yeni və optimal üsullarla günəş enerjisi çeviriciləri və nazik təbəqəli elastiki fotoelektrik işıq qəbulediciləri hazırlamaq sahəsində elmi-tədqiqat işlərinə xüsusi diqqət yetirilir.
“Nanomaterialların kimyəvi fizikası" kafedrası 1972-ci ildə yaradılıb. Kafedranın adı əvvəlcə "Atom və molekulların kvant mexanikası", sonra "Kimyəvi fizika" olub. Kafedranın yaradıcısı və uzun müddət rəhbəri (1972-1993) İsrafil Hüseyinov olub. Kafedra uzun müddət respublika üçün atom və molekul fizikası üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlayan elmi mərkəz kimi fəaliyyət göstərib. Kafedraya 1993-2005-ci illərdə Tahir Mürsəlov rəhbərlik edib. Bu dövrdə kafedra kimyəvi fizika istiqaməti üzrə “Çoxelektronlu məsələlərin həlli üçün kvant-mexaniki və hesablama metodlarının inkişaf etdirilməsi” problemi ilə məşğul olub. 2006-cı ildən nanomaterialların tədqiqinin müasir elmi-texniki əhəmiyyətini nəzərə alaraq bu sahəni daha dərindən öyrənmək, tədrisini təşkil etmək, elmi-metodik araşdırma istiqamətini formalaşdırmaq məqsədi ilə kafedranın adı “Nanomaterialların kimyəvi fizikası" kimi adlandırılıb. Kafedra müdiri 2006-2018-ci illərdə Məhəmmədəli Ramazanov, 2018-2023-cü illərdə isə Faiq Paşayev olub. 2023-cü ildən kafedraya Maarif Cəfərov rəhbərlik edir. Kafedranın əməkdaşları “Atomların, molekulların və nanosistemlərin elektron quruluşunun kvantmexaniki tədqiqi” və “Nanoquruluşların sintezi və fiziki xassələrinin tədqiqi” mövzusunda elmi tədqiqat işləri aparırlar.
Son zamanlar dünya elminin prioritet istiqamətlərindən biri olan nanotexnologiya çox böyük sürətlə inkişaf edir. Nanotexnologiyanın digər elm sahələrindən əsas fərqi odur ki, alınan elmi-texnoloji nəticələr birbaşa tətbiqə əsaslanır və bu sahədə alınan elmi nəticələr innovasiya yönümlü tədqiqatlardır. Azərbaycanda nanotexnologiya üzrə elmi məktəbin formalaşmasında BDU-nun Fizika fakültəsində aparılan tədqiqatlar əsas rol oynayıb. 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin Rumıniyaya rəsmi səfəri zamanı Bakı Dövlət Universiteti ilə Rumıniyanın bir neçə universitetləri arasında nanotexnologiya elmi innovatik istiqaməti üzrə əməkdaşlığa dair müqavilələr imzalanıb və Azərbaycanda nanotexnologiya üzrə elmi mərkəzin yaradılmasına qərar verilib. Hazırda bu istiqamətdə BDU-da fiziklər, kimyaçılar, bioloqlar dünya elminə inteqrasiya edərək müştərək innovativ elmi-tədqiqat işləri aparırlar. “Nanomaterialların kimyəvi fizikası” kafedrası və Nanoaraşdırmalar ETL nanotexnologiyanın nanofizika, nanokimya və nanobiotexnologiya sahələri üzrə aşağıdakı istiqamətlərdə birgə elmi tədqiqat işlərini həyata keçirir: daşına bilən elektronika üçün metal nanohissəcikləri və aşqarlanmış nanostrukturlar əsasında supertutumların hazırlanması və tədqiqi; portativ triboelektrik nanogeneratorların yaradılması; nanomaterialların üzvü maddələrin parçalanması üçün fotokatalizator kimi istifadə imkanlarının tədqiqi; nanomaterialların tibbdə və kənd təsərrüfatında tətbiqi imkanlarının araşdırılması.
“Astrofizika” kafedrası Fizika fakültəsinin ən cavan kafedralarından biridir. Ulu Öndər Heydər Əliyev 1974-ci ildə Şamaxı Astrofizika Rəsədxanasına səfər edərkən, orada milli kadr çatışmazlığının olduğunu müşahidə edib. Bu səbəbdən, onun təşəbbüsü ilə 1975-ci ildə Bakı Dövlət Universitetində “Astrofizika” kafedrası yaradılıb. Kafedranın ilk müdiri Rəhim Hüseynov olub və 1992-ci ilə kimi kafedraya rəhbərlik edib. “Astrofizika” kafedrasının müdiri 1992-1997-ci illərdə İnqilab Aslanov, 1997-2019-cu illərdə isə Cəfər Quluzadə olub. 2019-cu ildən kafedraya Kəmalə Alışeva rəhbərlik edir.
Yarandığı ilk gündən kafedrada astrofizika üzrə ciddi elmi-tədqiqat işləri aparılıb. Rəhim Hüseynov elmi-pedaqoji işləri yüksək səviyyəyə qaldırmağa nail olub, yüksək ixtisaslı kadr hazırlığına və Astrofizika istiqamətində elmi məktəbin yaradılmasına xüsusi diqqət yetirib. Kafedra yaranan gündən ora yüksək ixtisaslı, peşəkar müəllimlər cəlb olunublar. Cəfər Quluzadə “Spektroskopiya” kursunun tədrisini təşkil edib, Günəş fizikası sahəsində bir çox yeni tədqiqat üsulu təklif edib. Məmməd Əli Haşımzadə Günəş fəaliyyətinin tədqiqi və Azərbaycan alimi Nəsirəddin Tusinin elmi irsinin öyrənilməsi ilə məşğul olub, Nəsirəddin Tusinin “Şəklül-Qita” (“Tam dördtərəfli haqqında traktat”) adlı əsərinin tərcüməsini redaktə edib, Azərbaycan dilində astronomiyaya dair terminlər yaradıb. Teymur Eminzadə nəzəri astrofizika və cırtdan ulduzların tədqiqi sahəsində geniş elmi işlər aparıb. 1980-ci illərdə Astrofizika kafedrasının məzunları hesabına Nəsirəddin Tusi adına Şamaxı Astrofizika rəsədxanasının kadr ehtiyatı xeyli artıb. Hal-hazırda Nəsirəddin Tusi adına Şamaxı Astrofizika rəsədxanasının elmi işçilərinin 90%-i Astrofizika kafedrasının məzunlarıdır. 2017-ci ildən Nəsirəddin Tusi adına Şamaxı Astrofizika rəsədxanasında Astrofizika kafedrasının filialı yaradılıb. Kafedranın əməkdaşları “Səma cisimlərinin fizika və dinamikasının tədqiqi” və “Günəş Yer əlaqələri və kosmik hava variasiyalarının geosferə və biosistemlərə təsirinin tədqiqi” mövzusunda elmi tədqiqatlar aparırlar.
Fizika fakültəsinin məzunları içərisində görkəmli alimlərlə yanaşı, ölkəmizin inkişafında xüsusi əməyi olan dövlət xadimləri, Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda vuruşan qəhrəmanlarımız və şəhidlərimiz var:
Dünya şöhrətli fizik, Nobel mükafatı laureatı Lev Landau 1922-1924-cü illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb. Mehdi Əliyev 1965-1970-ci illərdə BDU-nun rektoru olub. Eldar Salayev və Mahmud Kərimov müxtəlif illərdə AMEA-nın prezidenti olublar. Məzahir Pənahov Respublika Mərkəzi Seçki Komissiyasının sədridir. Hafiz Paşayev Azərbaycan Diplomatik Akademiyasının rektorudur. Bakı Dövlət Universitetinin hazırkı rektoru Elçin Babayev Fizika fakültəsinin məzunudur.
Firudin Haşımzadə, Bəhram Əsgərov, Eldar Salayev, Maqsud Əliyev, Lətif İmanov, Nəriman Quliyev, Həbibulla Əmirxanov, Mahmud Kərimov, Təyyar Cəfərov, Ramiz Məmmədov AMEA-nın həqiqi üzvü, Abdulla Muxtarov, Sabir Hacıyev, Rəhim Hüseynov, İsmət Nəcəfov, Yühənnəs Seyidov, Malik Ramazanzadə, İsgəndər Cəfərov, Övsət Abdinov, Vladimir Tahirov, Səlimə Mehdiyeva, Aydın Kazımzadə, Oktay Qasımov, Rauf Hüseynov, Namiq Cəlilov, Oktay Səmədov, Vəli Hüseynov AMEA-nın müxbir üzvü seçiliblər.
Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı və Baş nazirin müavini vəzifələrində çalışıb. Məmməd Əliyev Azərbaycanın Türkiyədə və İspaniyada fövqəladə və səlahiyyətli səfiri olub. Eldar Məsimov Milli Məclisin deputatı olub. Şahlar Əsgərov Milli Məclisin deputatı, həmçinin Milli Məclisdə Elm və Təhsil Komitəsinin sədri olub. Adilə Abbasova Milli Məclisin Mərkəzi Aparatının sosial qanunvericilik şöbəsinin müdiri işləyib. Əhməd Abdinov Azərbaycan Respublikası Təhsil Nazirinin müavini vəzifəsində çalışıb. General-mayor Tofiq Babayev Azərbaycan Respublikası Milli Təhlükəsizlik, general-mayor Zahid Dünyamalıyev isə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini vəzifəsində çalışıb. General-leytenant Niyazi Hacıyev Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavinidir.
Fizika fakültəsinin bir çox məzunları dünyanın aparıcı təhsil və elm mərkəzlərində ölkəmizi layiqincə təmsil edirlər: Nizami Həsənli (Orta Doğu Texniki Universiteti, Türkiyə), Camal Musayev (Emory Universiteti, ABŞ), İsay Şlimak (İsrail Universiteti), Elşən Vəliyev (Kocaeli Universiteti, Türkiyə), Natiq Atakişiyev (Meksika Milli Muxtar Universiteti), Nigar Haşımzadə (Durham Universiteti, İngiltərə), Təhmasib Əliyev (Orta Doğu Texniki Universiteti, Türkiyə), Asəf Salamov (Birləşmiş Genom İnstitutu, ABŞ), Burxan Kərimov (Moskva Dövlət Universiteti), Arif Babayev (Süleyman Dəmirəl Universiteti, Türkiyə), Fəhəm Kəsəmənli (Sankt-Peterburq Politexnik İnstitutu), Əmrulla Məmmədov (Bilkənd Universiteti, Türkiyə), Həmdulla Mehrabov (Orta Doğu Texniki Universiteti, Türkiyə), İsgəndər Əsgərov (Tokat Universiteti, Türkiyə) və s.
Fizika fakültəsinin məzunları Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda gedən savaşlarda da fəal iştirak ediblər. Birinci Qarabağ savaşında fakültənin iki məzunu – Rövşən Hüseynov və Vahid Quliyev göstərdikləri şücaətlərə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüblər, İkinci Qarabağ savaşında fakültənin məzunları Şəhriyar Həbibi və Fikrət Zeynallı qəhrəmanlıq göstərərək şəhid olublar.
Fizika fakültəsi Bakı Dövlət Universitetinin və respublikamızın qabaqcıl fakültəsi olaraq, Azərbaycanda fizika elminin inkişafına mühüm töhvələr verən, müasir elmin və iqtisadiyyatın, dövlət idarəetməsinin bütün sahələrində effektiv çalışa bilən yüksək ixtisaslı fiziklərin hazırlanmasını həyata keçirən elm və təhsil mərkəzidir. Fakültədə fizikanın bir çox istiqamətləri üzrə ciddi tədqiqat işləri aparılır. Müasir dünyada fiziklər universal biliyə malik olmalarına, sistemli düşünə bilmələrinə, tamamilə yeni elmi-texniki məsələləri müstəqil qoyub həll etmək bacarığına görə qiymətləndirilirlər. Fizika fakültəsində əldə edilmiş bu və digər keyfiyyətlər fakültə məzunlarının müxtəlif sahələrdə - fundamental və tətbiqi elm, yüksək texnologiyalı istehsalat və informasiya sistemləri sahələrində, dövlət idarəetmə orqanlarında, sənaye və maliyyə biznesində uğurla çalışmalarının zəmini olub.
Fakültə yarandığı gündən tədris və elmi fəaliyyət günün tələblərinə uyğun qurulub, bu da daima fakültənin inkişafda olmasını təmin edib. Bu gün Fizika fakültəsində fundamental təhsil verilir və dünya səviyyəli müasir elmi tədqiqatlar aparılır. Fizika fakültəsi böyük elmi-texnoloji və kadr potensialına, elmin və texnologiyanın müxtəlif istiqamətlərində məqsədli kadr hazırlığını həyata keçirmək imkanlarına malikdir. Fizika fakültəsinin tədqiqat mövzuları müasir elmin inkişaf tendensiyalarına tamamilə uyğundur və fizikanın aktual problemləri hazırda kafedra əməkdaşlarının elmi-tədqiqat işlərinin əsasını təşkil edir. Fakültədə müasir standartlara cavab verən tədris proqramları hazırlanıb və fakültənin alimləri tərəfindən sanballı monoqrafiyalar, dərsliklər və dərs vəsaitləri yazılıb. Fakültə alimləri bir çox ölkədaxili və beynəlxalq fondların qrantlarını alıblar, aparılan tədqiqatların nəticələri dünyanın nüfuzlu elm jurnallarında dərc olunub. Elmi-tədqiqat sahəsində özünü yaxşı nəticələr əldə etmiş tələbələrə, magistrantlara və doktorantlara dünyanın aparıcı tədqiqat mərkəzlərində təcrübə keçmək, beynəlxalq konfranslarda məruzə ilə çıxış etmək, müxtəlif ölkələrdə keçirilən yay məktəblərində iştirak etmək üçün imkan yaradılır.
Fizika fakültəsində bakalavr təhsil pilləsində 3 ixtisas üzrə tələbə qəbulu həyata keçirilir: “Fizika”, “Fizika müəllimliyi”, “Mühəndis fizikası”. “Mühəndis fizikası” ixtisası 2022-ci ildə açılıb. Fakültədə təhsil forması əyanidir. Təhsil azərbaycan, rus və ingilis dillərində aparılır. “Fizika” ixtisasında universal kadr hazırlığı aparılır, həmin ixtisası bitirən məzunlar sənaye parklarında, fizika profilli elmi tədqiqat mərkəzlərində, müxtəlif qurumların texniki strukturlarında işləyə bilər. “Fizika müəllimliyi” ixtisasını bitirən tələbələr fizika müəllimi kimi ölkəmizin orta, orta ixtisas (litsey, kollec və s.) məktəblərində çalışa bilərlər. “Mühəndis fizikası” ixtisasına yiyələnlər energetika, elektronika, elektrotexnika, nüvə texnologiyası, radiasiya materialşünaslığı, aerokosmik mühəndislik və s. sahələrdə, eləcə də tətbiqi fizika üzrə elmi-tədqiqat müəssisələrində fəaliyyət göstərə bilərlər.
Fizika fakültəsində 17 ixtisaslaşma üzrə magistr hazırlığı aparılır: Nəzəri və riyazi fizika, Bərk cisimlər fizikası, Yarımkeçiricilər fizikası, İstilik fizikası və molekulyar fizika, Kvant elektronikası, Astrofizika, Atom və molekul fizikası, Bioloji sistemlər fizikası, Yarımkeçirici cihazlar və mikroelektronika, Nanohissəciklər fizikası, Bərk cisim elektronikası, Qaz boşalması və plazma elektronikası, Optoelektronika, Yüksək enerjilər fizikası, Radiasiya materialşünaslığı, Atom və nüvə fizikası, Fizika fənninin tədrisi metodikası və metodologiyası.
Hazırda Fizika fakültəsində 9 kafedra fəaliyyət göstərir: 1) Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrası, 2) Nəzəri fizika kafedrası, 3) Optika və molekulyar fizika kafedrası, 4) Yarımkeçiricilər fizikası kafedrası, 5) Maddə quruluşu kafedrası, 6) Bərk cisimlər fizikası kafedrası, 7) Fiziki elektronika kafedrası, 8) Nanomaterialların kimyəvi fizikası kafedrası, 9) Astrofizika kafedrası. Fakültədə 26 tədris laboratoriyası var. Fizika fakültəsində təhsil alan tələbə və magistrantların təlim-tərbiyəsi ilə 92 nəfər professor-müəllim heyəti məşğul olur, onlardan 27 nəfəri elmlər doktoru, professor, 65 nəfəri fəlsəfə doktoru, dosent, baş müəllim və müəllimdir. Fakültədə 30 tədris köməkçi heyəti çalışır. Hazırda fakültədə 1150 nəfərə yaxın bakalavr, 120 nəfərə yaxın magistrant təhsil alır, 11 nəfər fəlsəfə doktoru, 9 nəfər elmlər doktoru proqramları üzrə dissertasiya üzərində çalışır. Fakültədə əməkdaşların Həmkarlar İttifaqı Təşkilatı, Gənc Alimlər Şurası, Tələbə Elmi Cəmiyyəti, Tələbə Həmkarlar İttifaqı Təşkilatı və Tələbə Gənclər Təşkilatı aktiv fəaliyyət göstərir.