Astrofizika kafedrasının tarixi

Astrofizika kafedrası Bakı Dövlət Universitetinin ən cavan kafedralarından biridir. Ulu Öndər Heydər Əliyev 1974-ci ildə Şamaxı Astrofizika Rəsədxanasına səfər edərkən, orada milli kadr çatışmazlığının olduğunu müşahidə etmişdir. Bu səbəbdən, onun  təşəbbüsü ilə  1975-ci ildə Azərbaycan Dövlət Universitetində “Astrofizika” kafedrası yaradılmışdır.  Kafedranın ilk rəhbəri Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Rəhim Əyyub oğlu Hüseynov olmuş, o, 1992-ci ilə kimi kafedraya rəhbərlik etdmişdir. Kafedraya 1992-1997-ci illərdə professor İnqilab Əsədov, 1997-2019-cu illərdə professor Cəfər Quluzadə rəhbərlik etmişlər. Hazırda dosent Kəmalə Alışeva kafedra müdiridir.

Yarandığı ilk gündən kafedrada astrofizika üzrə ciddi elmi-tədqiqat işləri aparılıb. Rəhim Hüseynov elmi-pedaqoji işləri yüksək səviyyəyə qaldırmağa nail olmuş, yüksək ixtisaslı kadr hazırlığına və Astrofizika istiqamətində elmi məktəbin yaradılmasına xüsusi diqqət yetirmişdir. Kafedra yaranan gündən ora yüksək ixtisaslı, peşəkar müəllimlər cəlb olunublar. Professor Cəfər  Quluzadə (1936-2021) «Spektroskopiya» kursunun tədrisini təşkil etmiş, Günəş fizikası sahəsində bir çox yeni tədqiqat üsulu təklif etmişdir.  Prof. Məmməd Əli Haşımzadə (1906-1980) - Günəş fəaliyyətinin tədqiqi və Azərbaycan alimi Nəsirəddin Tusinin elmi irsinin öyrənilməsi ilə məşğul olmuş­, Nəsirəddin Tusinin “Şəklül-Qita” (“Tam dördtərəfli haqqında traktat”) adlı əsərinin tərcüməsini redaktə etmiş, Azərbaycan dilində astronomiyaya dair terminlər yaratmış, ali məktəblər üçün astronomiyadan dərsliklər yazmış və tərcümə etmişdir.

Dosent Teymur Eminzadə (1928-2007) nəzəri astrofizika və cırtdan ulduzların tədqiqi sahəsində geniş elmi işlər aparmışdır. Onun kafedranın həm elmi, həm də tədris işlərində böyük rolu olmuşdur.

Dosent Nazilə Əbdülqasımova N.Tusinin həyatı və elmi fəaliyyətini dərindən tədqiq etmişdir. 1976-cı ildə 4 nəfərdən ibarət Astrofizika kafedrasının ilk buraxılışı N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına təyinatların almışlar. 1980-ci illərdə Astrofizika kafedrasının məzunları hesabına N.Tusi adına Şamaxı Astrofizika rəsədxanasının kadr ehtiyatı xeyli artmışdır.

Kafedranın mövcudluğu dövründə 5 fəlsəfə doktoru, 2 elmlər doktoru hazırlanmışdır.

 Hal-hazırda N.Tusi adına Şamaxı Astrofizika rəsədxanasının elmi işçilərinin 90 % - i   Astrofizika kafedrasının məzunlarıdır. 

2017-ci ildən N.Tusi adına Şamaxı Astrofizika rəsədxanasında Astrofizika kafedrasının filialı yaradılmışdır. Filialın rəhbəri f.r.e.n., dos.Bayram Nizam oğlu Rüstəmov təyin olunmuşdur.

 

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət