|
Azərbaycan xalqının maariflənməsində, ziyalı təbəqəsinin formalaşmasında, elmi ənənələrin zənginləşməsində böyük rolu olmuş, yaşı bir əsrdən çox olan Bakı Dövlət Universitetinin Bərk cisimlər fizikası kafedrası 1971-ci ildə Azərbaycan Elmlər Akademiyasının təşəbbüsü ilə bərk cisimlər fizikası sahəsində yüksək ixtisaslı kadrlarin hazırlanması məqsədi ilə yaradılmışdır. Yarandığı gündən 2014-cü ilə qədər kafedraya Əməkdar Elm xadimi, Dövlət Mükafatı Laureatı, “Şöhrət” ordenli akademik, fizika-riyaziyyat elmləri doktoru, professor Bəhram Mehrəlı oğlu Əsgərov rəhbərlik etmişdir. 2014-2022-ci illərdə kafedranın müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Məmməd Novruz oğlu Əliyev olmuşdur. 2022-ci ildən kafedraya fizika-riyaziyyat elmləri namizədi, dosent Mehdi Müqabil oğlu Mahmudov rəhbərlik edir. Azərbaycanda Bərk cisimlərin nəzəriyyəsi istiqamətində elmi məktəbin yaradıcılarından olan kafedranın ilk müdiri akademik Əsgərov Bəhram Mehrəli oğlu on idən artıq Bakı Dövlət Universitetinin Elmi İşlər üzrə prorektoru vəzifəsində çalışmışdır. O, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, “Bakı Universitetinin Xəbərləri” jurnalının fizika-riyaziyyat elmləri seriyasının redaktoru, AMEA-nın “Xəbərləri” və bir çox elmi jurnalının redaksiya heyətinin üzvü olmuşdur. Bundan başqa o, Azərbaycan Milli Ensiklopediyasının elmi məsləhətçisi kimi də fəaliyyət göstərmişdir. |
Kafedrada akademik Əsgərov Bəhram Mehrəli oğlu ilə yanaşı, uzun illər, professorlar Quliyev Baxşəli İmamqulu oğlu, Əliyev Məmməd Novruz oğlu, Fiqarova Sofya Rüstəm qızı, İsmyılov Taryel Hümbət oğlu, dosentlər Ağamalıyev Əmirulla Qulu oğlu, Həsənov Eldar Rəsul oğlu, Eminov Ramazan Fərrux oğlu, Mahmudov Mehdi Müqabil oğlu, müəllimlər Cəfərov Mahir Ismayıl oğlu, Qədirova İradə Ramiz qızı, Mustafayeva Ruhiyyə Kərəm qızı kimi mütəxəssislər çalışmışlar ki, onlardan da bir çoxu indi də kafedrada öz fəaliyyətini davam etdirir. Qeyd etmək lazımdır ki, kafedra əməkdaşlarınin böyük əksəriyyəti əsasən Sankt-Peterburq, Moskva və Kazan şəhərlərində aspirantura təhsilini alıb dissertasiya işlərini hazırlamışlar.
Bərk cisimlər fizikası kafedrası uzun illər ərzində Rusiya, Türkiyə, Ukrayna və Belarusiyanın aparıcı Ali məktəbləri və elmi mərkəzləri ilə beynəlxalq əlaqələr yaratmışdır ki, bunlardan M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Gaziosmanpaşa, Leninqrad, Kazan, Tomsk, Kiyev, Minsk və Sankt-Peterburq Texniki Universitetləri, A.F.İoffe adına Fizika-Texnika İnstitutu (Sankt-Peterburq), Novosibirsk və Kiyev Yarımkeçiricilər İnstitutlarını göstərmək olar. Bu elmi mərkəzlərin əməkdaşları Bakı Dövlət Universitetinin Bərk cisimlər fizikası kafedrasında mühazirələr oxumuş, elmi seminarların işlərində iştirak etmiş və dissertasiya işlərinin opponentləri kimi çıxış etmişlər. Bundan başqa akademik B.M.Əsgərov, professorlar M.N.Əliyev və T.H.İsmayilov müxtəlif illərdə Hacettepe Üniversitesi (Ankara, Türkiyə), École normale supérieure (Paris, Fransa), Ankara Üniversitesi (Türkiyə) kimi ali məməktəblərdə çalışmış, tədqiqat işləri və elmi seminarlar aparmışlar. Professor B.İ.Quliyev və dosent R.F.Eminov isə 1996-2011-ci illərdə Türkiyənin Van Yüzüncü Yıl Üniversitesinin fizika fakültəsində işləmiş və həmin fakültədə nəzəri fizika kursları tədrisinin əsasını qoymuşlar ki, bu da öz növbəsində Universitet rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir.
Kafedranın əməkdaşları professor S.R.Fiqarova və prof. T.H.İsmayılov 2011 və 2012-ci illərdə Finlandiyanın Oulu şəhərində keçirilən Avropa Birliyinin 7-ci Çərçivə Proqramı üzrə NAPEP layihəsinin (EU FP7-INCO-2010-6 project “Elektronika və fotonika üçün nanotexnologiya platformaları”) seminarlarında elmi məruzələrlə uğurla çıxış etmişlər.
Kafedranın bir çox məzunları dünyanın və Azərbaycanın bir sıra ali məktəblərində və elmi-tədqiqat institutlarında əsası bu kafedrada qoyulmuş elmi istiqaməti davam və inkişaf etdirirlər. Belə ki, kafedrada aspiranturanı keçərək, dissertasiya işini müdafiə edən alimlərdən professor Pənahov Məzahir Məhəmməd oğlu uzun illər Fizika fakültəsinin Ümumi fizika kafedrasının müdiri olmuşdur. Bu kafedranın digər yetirməsi Mehrabov Həmdulla Oruc oğlu Orta Doğu Teknik Üniversitesinin Metallurgiya və Materiallar Mühəndisliyi kafedrasında professor kimi çalışır. Tələbəlik illərində kafedrada ixtisaslaşan və aspiranturada akademik B.M.Əsgərovun rəhbərliyi altında dissertasiya işini müdafiə edən dosent Mahmudov Mehdi Müqabil oğlu hal-hazırda Bərk cisimlər fizikası kafedrasının müdiri olaraq tədris və elmi-tədqiqat işlərini davam etdirir.
Bərk cisimlər fizikası kafedrasında müxtəlif illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitununun əməkdaşları akademik Haşımzadə Firudin Məmməd Əli oğlu, müxbir üzvlər Seyidov Yühənnas Mirhəsən oğlu və Hüseynov Rauf Rüstəm oğlu, professorlar Paşayev Hafiz Mircəlal oğlu və Mehdiyev Məmməd Əzim oğlu müxtəlif ixtisas kurslarından mühazirələr oxumuş, yeni nəzəriyyəçi fiziklərin formalaşmasına öz töhfələrini vermişlər.
Hal-hazırda kafedrada ştat üzrə 7 nəfər professor-müəllim heyəti və 2 nəfər tədris-köməkçi heyət çalişır. Professor-müəllim heyətindən 3 nəfər elmlər doktoru, professor, 2 nəfər elmlər namizədi, dosent, 1 nəfər elmlər namizədi, müəllim və 1 nəfər fəlsəfə doktoru, müəllimdir.