Nəzəri fizika kafedrasının tarixi

Nəzəri fizika kafedrası 1940-cı ildə yaradılmış və uzun müddət respublikada nəzəri fizikanın inkişafında əhəmiyyətli rol oynamışdır. Ötən illər ərzində kafedrada onlarla yüksək ixtisaslı elmlər namizədi və elmlər doktoru hazırlanmışdır ki, onlardan bir çoxu respublikanın elmi mərkəzlərində və xarici ölkələrdə müvəffəqiyyətlə çalışırlar.

Kafedranın ilk rəhbəri dos. S.Q.Rjanov (1940-1942) olmuşdur. Kafedraya 1942-1945-ci illərdə prof. Y.Q.Dorfman, 1946-1967-ci illərdə dos. R.H.Həsənov, 1967-1988-ci illərdə isə AMEA-nın müxbir üzvü prof. Abdulla İbrahim oğlu Muxtarov rəhbərlik etmişlər. Kafedranın elmi potensialının möhkəmlənməsində Azərbaycanda nəzəri fizika elmi məktəbinin yaradıcısı kimi respublikada elmin inkişafına sanballı töhfələr bəxş etmiş, fizikanın ali və orta məktəblərdə tədrisinin təşkilində, yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidmətlər göstərmiş, fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi olmuş  Abdulla İbrahim oğlu Muxtarovun əməyi danılmazdır.  1988-2004-ci illərdə kafedraya AMEA-nın müxbir üzvü, prof. İsmət Məhəmməd oğlu Nəcəfov və 2004-2006-ci illərdə prof. Rəsul Xanəli oğlu Muradov rəhbərlik etmişlər. 2006-cı ildən etibarən kafedra müdiri vəzifəsini dos. Məmməd Rəcəb oğlu Rəcəbov icra edir.

1965-1967-ci illərdə Nəzəri fizika kafedrasından üç müstəqil kafedra: Bərk cisimlər fizikası, Maddə quruluşu və Kimyəvi fizika kafedraları ayrılmışlar. Ötən illər ərzində kafedranın elmi potensialı daha da möhkəmlənmişdir. Kafedranın 20-dən çox doktorantı  namizədlik dissertasiyası, bir neçə əməkdaşı müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə etmişlər.

Kafedrada uzun müddət işləmiş, lakin dünyasını dəyişmiş, ya da müxtəlif səbəblərdən kafedradan getmiş tanınmış alimlərin kafedranın uğurlarında əvəzsiz xidmətləri olmuşdur. F.r.e.d., prof. R.X.Muradov uzun müddət kafedrada çalışmış, fizika kafedrasının dekanı olmuş, BDU-nun prorektoru və nəzəri fizika kafedrasının müdiri vəzifələrində çalışmışdır. F.r.e.d., prof. F.S.Sadıxov da uzun müddət nəzəri fizika kafedrasının professoru olmuş, “Yüksək Enerjilər Fizikası” ETL-nin müdiri vəzifəsində çalışmışdır. F.r.e.d., prof. Ə.V.Cavadov da kafedranın aparıcı professorlarından olmuşdur. Bu professorlar uzun müddət kafedrada çalışmış və bir çox elmi məqalələrin və dərs vəsaitlərinin müəllifləri olmuşlar.

F.r.e.n. V.Z.Mustafayev və  f.r.e.n. S.B.Musayev  kafedrada çalışmış və kafedranın uğurlarında onların da az əməyi olmamışdır. Hal-hazırda onlar müxtəlif səbəblər üzündən kafedrada çalışmırlar.

 Kafedranın əməkdaşları “Yüksək enerjili elementar zərrəciklərin  xassələrinin polyarizasiya xarakteristikaları nəzərə alınmaqla fundamental  qarşılıqlı təsirlərdə tədqiqi” mövzusunda elmi tədqiqat işləri apararaq həm yüksək, həm də orta enerjilər  fizikasının müxtəlif problemləri ilə məşğul olurlar.

Kafedranın əməkdaşlarının aldığı elmi nəticələr hər il AMEA-nın illik hesabatına təqdim edilir. Kafedrada ali təhsilin həm bakalavr, həm də magistr pilləsində müxtəlif ixtisas fənləri üzrə dərslər tədris olunur. Bakalavr təhsil pilləsində Klassik elektrodinamika, Kvant mexanikası və Elementar zərrəciklər fizikası,Relyativistik kvant mexanikası, magistr təhsil pilləsində isə Klassik sahələr nəzəriyyəsi, Kalibrləşmə sahələri nəzəriyyəsi, Kvant elektrodinamikası, Nəzəri fizikanın riyazi əsasları, Kvant xromodinamikası, Elektro-zəif qarşılıqlı təsir nəzəriyyəsi, Supersimmetriya, Hadron proseslərinin fizikası, Qrup nəzəriyyəsi, Kvant sahə nəzəriyyəsi, Bərk cisimlər nəzəriyyəsi, Atom nüvəsi nəzəriyyəsi, Unitar simmetriya, Elementar zərrəciklərin kinematikası, Fundamental qarşılıqlı təsirlərin xassələri, Qravitasiyanın klassik nəzəriyyəsi, Supersim nəzəriyyəsi və s. fənlər tədris olunur. Kafedranın əməkdaşları nüfuzlu elmi jurnallarda (Phys.Rev., Journal of Physics, İnt.J.modern Phys.,ЭЧАЯ, Ядерная физика, Известия РАН və s.)   elmi məqalələr çap etdirmişlər.

Nəzəri fizika kafedrası dünyanın aparıcı elmi mərkəzləri olan MDU, Sankt-Peterburq Dövlət Universiteti, Nüvə Tədqiqatları İnstitutu (Dubna), Yüksək Enerjilər Fizikası İnstitutu (Protvino), Tbilisi Dövlət Universiteti, CERN, DEZİ, SLAK, Türkiyənin bir çox universitetləri və elmi mərkəzləri və s. ilə sıx elmi əməkdaşlıq edir.

Kafedranın əməkdaşları “Nüvə fizikası”, Nüvə spektroskopiyası və atom nüvəsinin quruluşu”, “Elementar zərrəciklər və hadron fizikası” və s. üzrə bir çox beynəlxalq konfrans və müşavirənin, respublikamızda keçirilən fizikanın akrual problemlərinə dair onlarla koinfransın iştirakçısı olmuş və elmi məruzələrlə çıxış  etmişlər. Kafedranın əməkdaşları həmçinin respublikamızda keçirilən bir çox elmi konfransların təşkilində də yaxından iştirak etmişlər.

Son illərdə kafedranın əməkdaşları beynəlxalq və respublika səviyyəli bir neçə qrant almışlar. Dos. A.İ.Əhmədov Abdus Salam adına Nəzəri Fizika Mərkəzinin və Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN)-nin, DAAD, TUBİTAK-Konuk Bilim İnsanı Dəstəkləmə qrantı,BDU-nun 50/50 və.s bir sira qrantlar almış, M.R.Rəcəbov isə BDU-nun 50/50 qrantını almışdır.

Hal hazırda kafedranın əməkdaşları  S.Q.Abdullayev və A.İ.Əhmədov ED 1.14 Dissertasiya Şurasının üzvləridirlər.  A.İ.Əhmədov 2019-cu ildən “American Journal of Modern  Physics” jurnalının  üzvü, və “Journal of Baku Engineering University Physics” redaksiya  heyətinin üzvüdür.

Azərbaycanda elmin və təhsilin inkişafındakı xidmətlərinə görə kafedranın əməkdaşlarından A.İ.Muxtarov,  “Şöhrət” ordeninə və əməkdar elm xadimi adına,  İ.M.Nəcəfov “Şöhrət” ordeninə  və əməkdar müəllim adına, R.X.Muradov isə “Tərəqqi” medalına layiq görülmüşlər. Prof. A.İ.Muxtarov həm də Prezident təqaüdçüsü olmuşdur.Kafedranın professoru S.Q.Abdullayev hal-hazırda Prezident təqaüdçüsüdür. Kafedranın dörd əməkdaşı: S.Q.Abdullayev, M.R.Rəcəbov, A.İ.Əhmədov, M.Ş.Qocayev “ Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşlar. Hazırda kafedrada, iki nəfər fizika-riyaziyyat elmləri doktoru, professor, bir nəfər fizika üzrə elmlər doktoru, dosent, üç nəfər fizika-riyaziyyat elmləri namizədı, dosent,  bir nəfər müəllim, bir nəfər baş laborant və bir nəfər laborant çalışır.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət