|
BDU-nun "Nanomaterialların kimyəvi fizikası kafedrası" 1972-ci ildə yaradılmışdır. Kafedra yaradılarkən ilk dövrlərdə "Atom və molekulların kvant mexanikası", sonra isə "Kimyəvi fizika" adlandırılmışdır. Nanomaterialların tədqiqinin müasir elmi-texniki əhəmiyyətini nəzərə alaraq və bu sahəni daha dərindən öyrənmək, tədrisini təşkil etmək, elmi-metodik araşdırma istiqamətini formalaşdırmaq məqsədi ilə kafedra 2006-cı ildə "Nanomaterialların kimyəvi fizikası" kimi adlandırılmışdır. Kafedra uzun müddət respublika üçün atom və molekul fizikası üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlayan elmi mərkəz kimi fəaliyyət göstərmişdir. Kafedranın yaradıcısı və uzun müddət (1972-1993) ona rəhbərlik etmiş f.r.e.d., professor İ.İ.Hüseyinov olmuşdur. Kafedraya 1993-2005-ci illərdə f.r.e.d. prof. T.M.Mürsəlov rəhbərlik etmişdir. Bu dövrdə kafedra kimyəvi fizika, yanma və partlayış istiqaməti üzrə «Çoxelektronlu məsələlərin həlli üçün kvant-mexaniki və hesablama metodlarının inkişaf etdirilməsi» problemi ilə məşğul olmuşdur. 2006-2018-ci illərdə kafedranın müdiri fizika üzrə elmlər doktoru, prof. M.Ə.Ramazanov olmuşdur. Hal-hazırda kafedraya dosent, f.r.e.n. Faiq Heydər oğlu Paşayev rəhbərlik edir. Kafedrada 9 əməkdaş- 5 f.r.e.n. dosent, 3 müəllim, 1 laborant çalışır. Hal-hazırda kafedrada 3 elmlər doktoru proqramı üzrə, 4 fəlsəfə doktoru və 14 magistr hazırlanır və onlar elmi tədqiqat işləri aparır. Kafedranın əməkdaşları BDU-da fizika və kimya fakültələrində mühazirələr və məşğələlər aparır, diplom işlərinə və magistr dissertasiyalarına rəhbərlik edirlər. Kafedrada “Atom və molekul fizikası” və “Nanohissəciklər fizikası” üzrə 4 doktorluq, 25-ə yaxın namizədlik dissertasiyaları hazırlanmış və müvəffəqiyyətlə müdafiə olunmuşdur. |
Hal-hazırda kafedra Nanotexnologiyanın nanofizika, nanokimya və nanobiotexnologiya istiqamətləri üzrə elmi-tədqiqat işləri aparır. Nanotexnologiya fənlərarsı elm sahəsi olduğundan, o fizika, kimya, biologiya və materialşünaslıq elmləri arasında körpü rolunu oynayır. Kafedra Nanotexnologiya sahəsində elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə görə və “Atom və molekul fizikası” və “Nanohissəciklərin fizikası” üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlayan əsas elmi mərkəzlərdən biri kimi tanınmışdır.
Kafedra fizika fakültəsinin bakalavr pilləsində “Nanohissəciklərin fizikası”, “Nanotexnologiyanın əsasları”, “Müasir fizikanın tədqiqat üsulları”, “Çoxelektronlu sistemlərin kvant nəzəriyyəsi”, kimya fakültəsinin bakalavr pilləsində “Nanokimyanın əsasları”, “Kvant kimyası” fənlərini tədris edir. Həmçinin, Fizika, Kimya, Biologiya və Ekologiya fakültələrində magistr pilləsində “Atom və molekul fizikası” və “Nanohissəciklərin fizikası” ixtisaslaşmaları üzrə fənləri tədris edir.
Son on ildə kafedrada ali məktəblər üçün 12 (1 dərslik, 4 dərs vəsaiti, 6 kütləvi oxucu üçün kitab və ABŞ-da çap olunmuş 1 monoqrafiya) kitab çap olunmuş, 350 məqalə (respublikada 130, xaricdə 120, bunlardan 100 məqalə Tomson agentliyinin elmi jurnallarında) dərc edilmiş, elmi konfranslarda 190 tezis (respublikada 101, xaricdə 89) məruzə olunmuş, 4 ixtira üçün patent alınmış və ümümi dəyəri 5,5 milyon manatlıq qrant layihələri yerinə yetirilmişdir. Kafedra MDB ölkələrinin və Avropa İttifaqi ölkələrinin uyğun elmi-tədqiqat müəssisələri və universitetləri ilə elmi əlaqələr saxlayır və əməkdaşlıq edir və birlikdə beynəlxalq konfranslar təşkil edir.