Optika və molekulyar fizika kafedrasının tarixi

1952-ci ildə o dövrün görkəmli fizikləri, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tədris işləri üzrə prorektoru dosent Mehti Əliyev, fizika-riyaziyyat fakültəsinin dekan müavini dosent Mədət Sərdarlı və öz müəllimlik məharəti ilə tələbələrin xüsusi məhəbbətini qazanmış dosent Məhəmməd Abdullayevin təşəbbüsü ilə Bakı Dölət Universitetinin fizika-riyaziyyat fakültəsində Molekulyar fizika kafedrası yaradılmışdır. Kafedranın ilk müdiri onun yaradıcısı dos. Mehti Əliyev olmuşdur. Yarandığı ilk gündən kafedrada molekulyar fizika üzrə ciddi elmi-tədqiqat işləri aparılmış, həmin işlərə 1968-ci ilədək böyük təşkilatçılıq qabiliyyətinə malik olan dos. M.Əliyev rəhbərlik etmişdir. O, kafedranın texniki təchizatını dövrün müasir tələblərinə uyğun şəkildə təmin etmiş, elmi-pedaqoji işləri yüksək səviyyəyə qaldırmağa nail olmuşdur. Molekulyar fizika kafedrasının müdiri vəzifəsində işlədiyi 16 il müddətində dos. M.Əliyev yüksək ixtisaslı kadr hazırlığına və molekulyar fizika istiqamətində elmi məktəbin yaradılmasına xüsusi diqqət yetirmişdir. Molekulyar fizika sahəsində elmi-tədqiqat işlərinin daha yüksək səviyyəyə qaldırılması üçün SSRİ-nin aparıcı elmi müəssisələrində yüksək səviyyəli kadrlar hazırlanması məqəsdi ilə  M.Əliyev fizika fakültəsini müvəffəqiyyətlə bitirmiş bir qrup gənci - Niftalı Qocayevi və Tamilla Əbilovanı (elmi rəhbər SSRİ EA müxbir üzvü M.Volkenşteyn) SSRİ EA Leninqrad bölməsinin Yüksəkmolekullu Birləşmələr İnstitutuna, Aydın Rəsulovu (elmi rəhbər M.Çulanovski) Leninqrad (indiki Sankt-Peterburq) Universitetinə, Məmməd Əliyevi SSRİ EA-nın Spektroskopiya İnstitutuna (Moskva şəhəri), Adil Mahmudovu və Svetlana Sadıxovanı Moskva Dövlət Pedaqoji İnstitutuna, Faiq Əhmədovu Moskva Dövlət Universitetinə göndərmişdir.

1968-1984-cü illərdə Molekulyar fizika kafedrasının müdiri prof.N.M.Qocayev olmuşdur. 1968-ci ildən etibarən kafedranın əsas elmi istiqaməti molekulyar fizikanın mühüm sahələrindən biri olan “Bioloji molekullarının quruluş və quruluş-funksiya əlaqələrinin tədqiqi” olmuşdur. Bununla yanaşı molekulyar fizikanın digər bölmələri - molekulyar akustika (prof. A.Mahmudov və dos.S.Sadıxova) və polimerlər fizikası (prof. F.Əhmədov, prof. A. Rəsulov, dos. V.Səfərov) üzrə də elmi-tədqiqat işləri aparılmışdır. Bu istiqamətdə aparılan işlərin nəticəsi olaraq kafedrada namizədlik və doktorluq dissertsiyaları müdafiə edilmiş, elmi işlərin nəticələri dünyanın nüfuzlu elmi jurnallarında dərc olunmuş, çoxlu sayda beynəlxalq elmi konfranslarda məruzələr dinlənilmişdir. 

Həmin əməkdaşlar Bakıya qayıtdıqdan sonra kafedrada məhsuldar elmi-pedaqoji fəaliyyət göstərmiş, yeni elmi sahə kvant elektronikası və lazer fizikasının davamı olan “Qeyri-xətti optika” inkişaf etdirilmişdir. Kafedrada bu sahədə aparılan elmi işlərin nəticələri nüfüzlu yüksək reytingli beynəlxalq elmi jurnallarında çap olunmuşdur. 

Kafedraya rəhbərlik edən şəxslər:

Kafedraya dos. Mehdi Əliyev (1952-1968), prof. Niftalı Qocayev (1968-1984), prof. Adil Mahmudov (1985-1995), prof. Faiq Əhmədov (1996-2011)  rəhbərlik etmişlər. Hazırda kafedraya prof. Rəna Qasımova rəhbərlik edir.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət