TƏLƏBƏ HƏYATI

Fizika fakültəsində tələbələrin universitet həyatının maraqlı keçməsi və yaddaqalan olması fakültə rəhbərliyi və ictimai təşkilatlar tərəfindən müxtəlif işlər görülür. Bu işlərə tədris prosesinin maraqlı və cəlbedici olması, tələbələrin asudə vaxtlarının səmərəli təşkili, elmi tədbirlərdə tələbələrin iştirakçı kimi cəlb edilməsi, könüllülük fəaliyyətinə qoşulmaq üçün tələbələrin təşviq edilməsi aiddir. Son iki ildə pandemiyanın yaratdığı çətinliklər kollektiv tədbirlərin keçirilməsini çətinləşdirmişdir. Ona görə də tələbələrin bir sıra yerlərə qrup şəklində getmələrini təşkil etmək mümkün olmamışdır. Bununla belə, Fizika fakültəsi tələbələri Hərbi Qənimətlər Parkını fərdi qaydada ziyarət etmiş, Bakı şəhərində fəaliyyət göstərən muzeylərə baş çəkmişlər. Onlayn formatda təşkil olunan tədbirlərdə tələbələrimiz aktiv iştirak etmişlər. Tələbələrdə təşəbbüskarlıq və təşkilatçılıq bacarıqlarının formalaşması üçün əksər hallarda bu cür tədbirlərin təşkil olunması və keçirilməsi onlara tapşırılmışdır. Mədəniyyət Nazirliyi tərəfindən yaradılan imkandan istifadə edən tələbələrimiz müxtəlif teatr tamaşalarına getməklə öz mənəvi dünyalarını zənginləşdirirlər. Tələbələrin tədris və istehsalat təcrübələrinin onlar üçün maraqlı və səmərəli keçməsi üçün fakültə rəhbərliyi lazımi işləri görmüşdür. Fizika fakültəsinin tələbələri həmçinin Universitet üzrə təşkil olunan iməcilik, ağacəkmə kampaniyalarında fəal iştirak etmişlər. Hazırda pandemiya ilə bağlı yumşalmalar gələcəkdə Respublikamızın tarixi yerlərinə tələbə qruplarının səfərlərini təşkil etməyə imkan verəcək.  Son dövrlər Universitetdə tələbələrin hərtərəfli inkişafı üçün xüsusilə geniş şərait yaradılmışdır. Fizika fakültəsinin tələbələri bu gün Bakı Dövlət Universitetində  fəaliyyət göstərən İdman-sağlamlıq mərkəzi, Mədəniyyət-yaradıcılıq mərkəzi, Psixoloji yardım sektoru kimi təsisatlarınyaratdığı imkanlardan bəhrələnərək fiziki və əqli cəhətdən sağlam inkişafa nail olmaqla yanaşı, universitetin mədəni, ictimai, sosial həyatında aktiv iştirak edirlər. Fakültənin oğlanlardan ibarət futbol komandası hər il universitetdaxili çempionatda çıxış edir. Fakültədə mütəmadi olaraq intellektual oyunlar və müxtəlif elmi-sosial müsabiqələr  keçirilir. Eyni zamanda ölkədə fəaliyyət göstərən fizika profilli elmi-tətqiqat müəssisələri və institutları ilə əməkdaşlıq həyata keçirilir. Fakültənin professor-müəllim heyəti gənc nəslin yetişdirilməsində, onların elmi-tədqiqata cəlb edilməsində, eləcə də dövlətçilik, vətənpərvərlik mövzularında sosial tərbiyə yönümlü işlər aparırlar. 

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət