FİZİKA FAKÜLTƏSİNDƏ “YAŞIL DÜNYAYA DOĞRU” ADLI TƏDBİR KEÇİRİLİB
Fizika fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə COP-29-a həsr olunmuş “Yaşıl dünyaya doğru” adlı tədbir keçirilib. Tədbirdə əvvəlcə Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev COP-29 tədbiri, onun əhəmiyyəti barədə danışıb. O, qeyd edib ki, bəşəriyyətin başı üzərində dolaşan iqlim dəyişikliyi kimi kabusu aradan qaldırmaq yollarının tapılması hazırda dünya dövlətlərinin qarşısında duran əsas vəzifədir. Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə istiqamətində önəmli addımlar atmaqla beynəlxalq arenanın diqqət mərkəzindədir. Bu baxımdan, COP29-un Bakıda keçirilməsi təsadüfi deyil. Bu, Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun tanınmasıdır. Xüsusilə, Azərbaycanın COP29-la bağlı sülh çağırışı etməsi heç də təsadüfi deyil. Onun bu qlobal tədbir vasitəsilə gələcək üçün müəyyənləşdirəcəyi yeni hədəflər həm "yaşıl enerji"nin inkişafı üçün mühüm vasitə olacaq, həm də beynəlxalq və regional sülhə böyük töhfələr verəcək.
Sonra Fiziki elektronika fagedrasının dosenti Şahin Ələkbərov “Müasir dünyada ekologiya və yaşıl enerji problemləri” adlı məruzə ilə çıxış edib. O, qeyd edib ki, hazırki dövrdə bütün dünyada energetikanın və bir çox sənaye sahələrinin inkişafı ilə əlaqədar olaraq bir çox qlobal ekoloji problemlər, o cümlədən iqlim dəyişikliyi problemi kifayət qədər aktuallığa malikdir. Bu problemlərin yaranmasına səbəb, əsasən ətraf mühitin – havanın, suyun, torpağın çirklənməsidir. Burada daha pis hal odur ki, bir sıra ölkələrdə ətraf mühit üçün zərərli tullantıların azaldılması istiqamətində çoxlu işlər görülməsinə baxmayaraq, bu çirklənmə bütün dünyada eksponensial qanunla artmaqda davam edir. Əsas çirkləndirici maddələr: havada – CO, CO2, azot oksidləri, metan, qaz halında olan flüorlu birləşmələr, torpaqda və suda – neft və neft məhsulları, qələvilər və turşulu birləşmələr, plastik tullantılar və s. hesab olunur.
Digər tərəfdən bütün dünyada enerjiyə tələbatın artması səbəbindən dünya energetikası qarşısında da coxlu problemlər yaranmışdır. Bu səbəblərdən də dünya energetikasının qarşısında müvcud texnologiyalarla, metodlarla ətraf mühiti çirkləndirən tullantıları azaldaraq və ya ətraf mühiti cirkləndirmədən kifayət qədər enerji istehsal etmək kimi böyük, vacib vəzifələr durur.
Müasir dövrdə bütün dünyada bu problemlərin inteqrativ həlli istiqamətində “Yaşıl energetika” sahəsində çoxlu uğurlu addımlar atılmışdır. Hələlik, “Yaşıl energetika” hesabına insanların enerjiyə tələbatı tam ödənilməsə də, yaxın gələcəkdə bu mümkün olacaq. Bu istiqamətdə “Günəş energetika”sı və “Külək energetika”sı böyük ümidlər verir.
Bu gün elm və texnologiyanın inkişafı nəticəsində daha az enerji tələb edən cihaz və avadanlıqların yaradılması və istehsalının təşkili də enerji istehsalında ətraf mühitin çirklənməsinin qarşısını almağa kömək edir.
Fizika fakültəsi “Sabah” qrupu tələbəsi Banu İsayeva COP-la bağlı tarixi məlumatları və COP-29-un iş qrafiki, keçiriləcək iclasların mövzuları və tarixləri barədə məlumatları təqdim edib. Tədbirin sonunda COP-29-un təşkilat komitəsi üzvlərinin fikirlərinin yer aldığı videoçarx nümayiş olunub.