ABDİNOV ƏHMƏD ŞAHVƏLƏD OĞLU

ABDİNOV ƏHMƏD ŞAHVƏLƏD OĞLU

ABDİNOV ƏHMƏD ŞAHVƏLƏD OĞLU

30 may 1945-ci ildə Ordubad rayonunun Behrud kəndində anadan olub.1963-cü ildə Ordubad şəhər M.Sidqi adına 1№-li orta məktəbi “Əla” qiymətlərlə bitirib və həmin il Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinə qəbul olub. Universitetdə təhsil aldığı müddətdə fizika fakültəsinin adlı təqaüdçüsü - “Lenin Təqaüdçüsü” olub və 1968-cı ildə Bakı Dövlət Universitetini “Fizik, fizika müəllimi” ixtisası üzrə “Fərqlənmə diplomu” ilə bitirib. Universiteti bitirərkən “Dairəvi lazerlərin xətti modelləşdirilməsi” mövzusundakı diplom işini 1967-68-ci illərdə Belarusiya  Elmlər Akademiyasının Fizika İnstitunda SSRİ Dövlət Mükafatı Laureatı  akademik B.İ.Stepanovun laboratoriyasında yerinə yetirib. Bu İnstitutda o, bir tədqiqatçı kimi yetişmək imkanı qazanıb və sırf nəzəriyyəçilər olan qrup rəhbəri V.Rubanovun və diplom işinin elmi rəhbəri A. Orlovun irəli sürdükləri nəzəri mülahizənin döğruluğunu yoxlamaq üçün dairəvi He-Ne qaz lazerinin xətti modelini yaradaraq müvafiq təcrübi ölçmələr və müşahidələr həyata keçirib.

Əhməd Abdinov BDU-nun Fizika fakültəsini bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışıb və 1969-cu ilin yanvar ayında Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Eksperimental fizika kafedrasının “Elektronika” ixtisası üzrə əyani aspiranturasına daxil olub. O, aspirantura təhsilini keçmiş SSRİ Elmlər Akademiyasının akademik A.F.İoffe adına Fizika-Texnika İnstitutunda (Leninqrad-indiki Sankt-Peterburq şəhəri) alıb. Həmin İnstitutda Əhməd Abdinov Lenin Mükafatı Laueratı S.M. Rıvkinin laboratoriyası adlanan məşhur “Yarımkeçiricilərdə tarazlıqda olmayan elektron prosesləri” laboratoriyasında professor L.Q.Pariçkinin elmi rəhbərliyi altında mükəmməl elmi məktəb keçib, yarımkeçiricilərdə qızmar elektronlarla bağlı olan effektlərin tədqiqi ilə məşğul olub.

Əhməd Abdinov 1972-ci ildə “Germanium yarımkeçiricisində tarazlıqda olmayan “qızmar” qeyri-əsas yükdaşıyıcıların xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib və fizika-ryaziyyat elmləri namizədi elmi dərəcəsi alıb. O, aspiranturada təhsilini başa vurub BDU-ya qayıtdıqdan sonra 1972-ci ildən “Gənc mütəxssis” kimi Fizika fakültəsində assistent vəzifəsində əvvəl (1972-ci ildə) Molekulyar fizika kafedrasında, sonra isə Yarımkeçiricilər fizikası kafedrasında fəaliyyətə başlayıb, baş müəllim (1974-1979), dosent (1979-1981), professor (1981-1992), fakültə dekanı (1988-1989) vəzifələrində çalışıb, 1992-ci ildən fiziki elektronika kafedrasının müdiridir.

Əhməd Abdinov 1979-cu ildə Azərbaycan SSR EA Fizika İnstitutundakı Dissertasiya Şurasında “Laylı quruluşlu AIIIBVI birləşmələri tipli qeyri-bircins yarımkeçiricilərdə elektron hadisələri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, Azərbaycan Respublikasının fizika üzrə ən gənc elmlər doktoru olub. SSRİ Ali Attestasiya Komissiyası tərəfindən ona 1979-cu ildə dosent, 1981-ci ildə isə professor elmi adları verilib.

Bakı Dövlət Universitetində təhsil aldığı son kurslarda klassik yarımkeçirici olan selenin elektrik keçiriciliyinin xüsusiyyətlərini öyrənmək istiqamıtində elmi-tədqiqatar aparıb və aldığı nəticələr respublikanın və keçmiş SSRİ-nin elmi jurnallarında dərc olunub. Əsas tədqiqat sahəsi “Fəzaca qeyri-bircins olan kristal yarımkeçiricilərdə və onların əsasındakı kontakt strukturlarında elektron proseslərinin xüsusiyyətlərinin və onların tətbiq imkanlarının aşkar edilməsi” olan Əhməd Abdinov apardığı elmi tədqiqatlarda ilk dəfə olaraq:

- O, en kəsiyinin sahəsi bir elektrik kontaktından digərinə doğru çox kiçik qiymətdən bir neçə tərtib böyük qiymətə qədər dəyişən nümunədə qəfəs temperaturunun kontaktlar arasındakı qradiyenti hesabına yaranan termoelektrik qüvvəsinin yarandığını müşahidə edib, yarımkeçiricilərdə qızmar ektronlar hesabına yaranan bu effekti çexiya alimi Benediksin şərəfinə “Qızmar yükdaşıyıcılar əsasında Benediks effekti” adlandırıb və onun fenomenoloji nəzəriyyəsini yaradıb.

- Monokristal yarımkeçiricilərdə anomal fotokeçiricilik, fotoelektrik və elektrik yorulma hadisələrini aşkar edib;

- A.Veyngerlə birlikdə metal-yarımkeçirici kontaktında yaranan fotoelektrik hərəkət qüvvəsinin qiymətinin nümumənin və nümunədəki sərbəst yükdaşıyıcıların temperaturlarından asılığının xüsusiyyətlərinə istinad edərək, ifrat yüksək tezlikli güclü elektrik sahəsində yerləşdirilmiş metal-yarımkeçirici kontaktı əsasında sərbəst yükdaşıyıcıların qızdırılması hesabına adi fotoelektrik işıq qəbuledicilərinə nəsib olmayan dərəcədə çox yüksək həssaslığa və kiçik ətalətə malik fotoelektrik işıq qəbuledicilərinin yaradılmasının mümkünlüyünü göstərib;

- Nadir torpaq elementləri ilə aşqarlamaqla fəzaca qeyri-bircins kristal yarımkeçiricilərin qeyri-bircinslik dərəcəsinin məqsədyönlü şəkildə idarə olunması mümkünlüyünü göstərib;

- Kiçik Holl yürüklüyünə malik olan yarımkeçiricilərdə sərbəst yükdaşıyıcıların elektrik sahəsi ilə qızmasını müşahidə edib və onun səbəblərini aydınlaşdırıb

- Laylı kristal quruluşa malik olan AIIIBVI yarımkeçirici birləşmələrinin fəzaca qeyri-bircins olan kristal yarımkeçiricilərdə baş verən elektron proseslərinin tədqiqi üçün ən yaxşı “təcrübi model” olduğunu göstərib.

Əhməd Abdinovun aldığı elmi nəticələr bərk cisimlərin, xüsusi ilə də fəzaca qeyri-bircins olan kristal yarımkeçiricilərdə baş verən asta relaksasiya xarakterinə malik elektron proseslərinin, elektrik dayanıqsızlıqlarının, fəzaca qeyri-bircins olan kristal yarımkeçiricilərdə injeksiya cərəyanlarının, yarımkeçiricilərdə elektron-defekt qarşılıqlı təsirinin fizikasına böyük töhfələr verib. Elmi-pedaqoji fəaliyyti dövründə əsasən "Elektomaqnetizm" kimi umumi fizika və “Yarimkeçirici cihazların fizikası”, "Bərk cisim elektronikası", "Optoelektronikanın əsasları”, “Materialşünaslıq" kimi mühüm ixtisasyönümlü fənlərdən ali təhsilin bakalavriat və magistratura pillələrində mühazirələr oxuyub. O, elmi-pedaqoji fəaliyyətə başladığı ilk gündən, həm də Bakı Dövlt Universitetinin Yarımkeçiricilər fizikası kafedrasında intensiv şəkildə özünün elmi-tədqiqat sahəsində fəaliyyətini davam etdirib. Müxtəlif ölkələrin alimləri onun elmi nəticələrinə tez-tez istinad edir və bu nəticələrə yüksək qiymət verirlər. Onun elmi əsərlərinə olunmuş istinadlar kifayət qədərdir (Ümumi –600-ə qədər; H-indeksli – 10 dan çox, İ 10 indeksli – 15-ə qədər). Akademik M.İ.Korşunski isə özünün “Аномальная фотопроводимость и спектральная память в полупроводниковых системах” (Москва, «Наука», 1978) monoqrafiyasında bir paraqrafı tamamilə Əhməd Abdinovun elmi rəhbəri olduğu aspirantı ilə birgə dərc etdirdiyi elmi məqaləsinin tam mətni şəklində verib.

Əhməd Abdinov 1989-cu ildə Fizika fakültəsində “Bərk cisim elektronikası” Elmi-Tədqiqat Laboratoriyasını yaradıb və 1989-2005-ci illərdə həmin laboratoriyanın elmi rəhbəri olub. 1992-ci ildə Əhməd Abdinov “Fiziki elektronika” kafedrasına müdir seçilib və bundan sonra BDU-da həmin kafedranın bazasında ali təhsilin bakalavriat pilləsində “Fiziki elektronika” ixtisası üzrə (1994-2012), eləcə də magistratura pilləsində “Qaz boşalması və plazma elektronikası”, “Optoelektronika”, “Bərk cisim elektronikası” ixtisaslaşmaları üzrə mütəxəssis hazırlığının bütün səviyyələrdə təşkilini təmin edib. Əhməd Abdinov öz elmi işlərinin nəticələri ilə laylı kristal quruluşlu və fəzaca qeyri-bircins olan kristal yarımkeçiricilərin fizikasına, eləcə də yarımkeçiricilərdə qızmar elektron effektləri fizikasına nəzərə çarpacaq dərəcədə böyük töhfələr verməklə yanaşı, həm də optoelektron sistemlərinin əsas funksional elementləri olan yeni işıq qəbuledicisinin (“Фотоэлектрический приемник света”, Müəlliflik Şəhadətnaməsi №455679, Moskva,1972) və elektrolüminissensiya işıq mənbələrinin (“Люминесцентный материал на основе селенида индия”. Müəlliflik Şəhadətnaməsi №475036,Moskva, 1989) yaradılmasına dair iki Beynəlxalq Statuslu kəşfin müəllifidir.

Əhməd Abdinovun əldə etdiyi elmi nəticələr dünyanın 20-dən çox ölkəsinin (ABŞ, Rusiya Federasiyası, Fransa, İspaniya, Çexiya,Yaponiya, Tayvan, İran İslam Respublikası, Ukrayna, Belarus, Moldova, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Litva, Türkiyə, Sloveniya, Macarıstan və s.) ayrı-ayrı şəhərlərində müxtəlif vaxtlarda keçirilən beynəlxalq miqyaslı 90-a qədər Elmi Konfrans və Simpoziumlarda 100-dən çox elmi məruzə şəklində təqdim edilib. O, dünyanın 15-dən artıq ölkəsində nəşr olunan nüfuzlu elmi jurnallarda 130-a qədəri “Web of Science” və “Scopus” indeksli (Polymer Science USSR-Moskva, Russian Journal of Physical Chemistry-Moskva, Sov Phys Semiconductors-Sankt Peterburq,Phys. Stat. Sol. (a).-Berlin, Optics and Spectroscopy-Sankt Peterburq, Fizika i Tekhnika Poluprovodnikov-Sankt -Peterburq,Inorganic Materials-Moskva ,Proceedings of SPIE-USA, Russian J. Appl. Phys-Moskva, Thin Solid Films, Semiconductors-Sankt–Peterburq,Technical and Physical Problems in Power Engineering, Journal of Optoelectronics and Advanced Materials-Çexiya, Japanese Journal of Applited Physics-Yaponiya, Fizika SPb”-Sankt-Peterburq; “Электронная обработка матeриалов»- Моskva; Optoelectronica - Yaponiya; Surface Engineering and Applied Electrohemistry-Berlin.Modern Trends in Physics-Baku,Russian Physics Journal-Tomsk, Journal of Physics-Sankt-Peterburq, Nanotechnologies in Russia-Moskva, Электронная техника-Moskva, J.Appl. Phys.-USA, Molecular Crystals and Liquid Crystals-Moskva), 200-ə qədəri isə Beynəlxalq nüfuzlu və Ölkələrin Ali Attestasiya Komissiyaları tərəfindən tövsiyə edilən nəşrlərdə (ЖФХ-Moskva, Микроэлектроника-Moskva, Высокомолекулярные соединения-Moskva,Электроника-Moskva, Оптика и спектроскопия-Leninqrad, Неорганические материалы-Moskva, Доклады АН Азербайджана-Bakı, Ж.Прикладная физика-Moskva, Проблемы энергетики-Bakı, Известия АН Азербайджана-Bakı, Fizika-Bakı, Вестник Бакинского Университета-Bakı, Azerbaijan Journal of Physics-Bakı, Journal of Qafqaz University-Bakı, Физика и техника полупроводников-Leninqrad, Journal of Baku Engineering University. Physics. -Bakı, AJP Fizika-Bakı, Известия высших учебных заведений. Физика-Tomsk, UNEC Journal of Engineering and Applied Sciences-Bakı) olmaqla 460-dan çox elmi əsərin müəllifidir.

Əhməd Abdinov həm də  ali məktəblər üçün  Azərbaycan dilində 6 dərslik və dərs vəsaitinin (“Bərk cisim elektronikası”, 2004, Bakı, “Təhsil” - ali məktəblər üçün dərs vəsaiti. -136s; “Optoelektronika”, 2005, Bakı, “Maarif” - ali məktəblər üçün dərslik - 410 s. “Fiziki elektronikanın tarixi və metodologiyası”, 2008, Bakı, “Təhsil”, - ali məktəblər üçün dərs vəsaiti. -164 s; “Elektron texnikasının materialları və nanotexnologiyanın əsasları”, 2010, Bakı, “Təhsil” - ali məktəblər üçün dərs vəsaiti, -184 s; “Elektron cihazları və emissiya elektronikasının əsasları”, 2011, Bakı, “Təhsil”, - ali məktəblər üçün dərs vəsaiti -358 s; “Materialşünaslıq”, 2018, Bakı, “Təhsil”, - ali məktəblər üçün dərslik -134s); 6 fən proqramları toplusu, 2007-2018) və «Fizika Praktikumu» üzrə laboratoriya işlərinə dair 1.metodiki göstərişin (Bakı, “Bakı Universiteti nəşriyatı” 2015, - 15 səh) müəllifidir.

Onun elmi rəhbər olduğu ilk aspirantı professor Nizami Mehdiyevin həmmüəllifliyi ilə yazdığı və ali məktəblər üçün dərslik kimi nəzərdə tutulan “Optoelektronika” kitabı optoelektronikanın fiziki əsasları və əsas prinsipləri, optoelektron sistemlər, optoelektronikanın element və effekt bazası, optoelektron cihaz, qurğu və sistemləri, inteqral optoelektronika, kvant elektronikası, lifli optika və optik rabitə kimi əsas bölmələri haqqında elmi məlumatları özündə kifayət qədər ətraflı və bitkin şəkildə əks etdirir. Əhməd Abdinovun professor İlham Həsənov və professor Tərlan Hüseynovla birlikdə yazdığı və ali məktəblər üçün dərs vəsaiti kimi nəzərdə tutulan “Elektron cihazları və emissiya elektronikasının əsasları” kitabı da elektrvakuum, qaz boşalması, bərk cisim elektronikası cihazları, onlarda baş verən fiziki proseslər barədə zəngin məlumatlara malikdir. Onun elmi rəhbəri və elmi məsləhətçisi olduğu professor Hüsen Məmmədovla birgə yazdığı və Azərbaycan dilində bu mövzuda yazılmış ilk elmi və tədris ədəbiyyatı olan “Bərk cisim elektronikası”, dosent Vaqif Səfərovla birgə yazdığı “Elektron texnikasının materialları və nanotexnologiyanın əsasları”, elmi rəhbəri və elmi məsləhətçisi olduğu professor Rəna Babayeva və dosent Eldar Rəsulovla birgə yazdığı “Materialşünaslıq” kitabları da özlərinin məzmununa və istifadə olunma imkanlarına, əhatə dairəsinə  görə kifayət qədər yüksək dəyərə malikdir. Bu kitablarda müxtəlif fiziki hadisə, kəmiyyət və terminlərin adlarınin Azərbaycan dilində düzgün şərhinə xüsusi diqqət yetirilməsi təqdirəlayiqdir.

Əhməd Abdinovun Bakı Dövlət Universitetində, eləcə də Azərbycan Respublikası miqyasında ictimai və inzibati fəaliyyti də diqqətəlayiqdir. O, 1993-2000-ci illərdə Müstəqil Azərbaycan Respublikasının təhsil nazirinin müavini, müəyyən dövrlərdə isə həm də təhsil nazirini əvəz edən şəxs olub. Həmin illər müstəqil Azərbaycan Respublikasında təhsilin normativ-hüquqi bazasının formalaşma mərhələsi idi. Belə ki, təhsil sahəsində hələ indi də uğurla istifadə olunan normativ-hüquqi aktların böyük əksəriyyəti (əsasnamələr, təlimatlar, qaydalar, normativlər və s.), baza-təhsil proqramları, orta ümumi təhsil, peşə və ixtisas təhsili sahəsində dərsliklər, ən başlıcası isə təhsil haqqındakı ilk milli dövlət sənədləri (ali və orta ixtisas təhsil diplomları, vəsiqələr, baza və ümumi orta təhsil haqqında şəhadətnamələr) məhz həmin dövrdə tərtib və təsdiq edilib, Əhməd Abdinov isə onların əsas müəlliflərindən və işıq üzü görməsinə təkan verənlərdən biri olub. Həmin dövrdə o, “Azərbaycan”, “Xalq qəzeti”, “Azərbaycan müəllimi” və başqa nüfuzlu mərkəzi mətbuat orqanlarının səhifələrində təhsilimizin problemləri, uğurları, Beynəlxalq əlaqələri, inkişaf perspektivləri və s. haqqında dəyərli və böyük həcmli yazılarla çıxış edib, Azərbaycan təhsil sistemini YUNESKO-nun, Avropa Şurasının, YUNİSEF-in, MDB-nin Təhsil Nazirləri Şurasının tədbirlərində, “Türkdilli Dövlətlərin və Toplumların Qurultayları”nda uğurla təmsil edib.

Əhməd Abdinov təhsilimizin, xüsusi ilə də ali təhsilimizin formalaşmasında və inkişafında ictimai əsaslarla da xidmətlər göstərib. Belə ki, o, uzun müddət Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının Fizika Bölməsinin sədri, sonralar isə həmin Şuranın həmsədri və sədri olub. Həmin dövrlərdə onun bilavasitə böyük əməyi ilə çoxlu sayda fənn proqramları, metodiki vəsait və göstərişlər, ümumtəhsil, peşə, orta ixtisas və ali məktəblər üçün dərsliklər və dərs vəsaitləri hazırlanıb. O, 1976-1989 illərdə BDU nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının Elmi katibi, üzvü, bir neçə il AMEA-nın Fotoelektronika İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının həmsədri, Fizika fakükltəsinin Tədris-Metodiki Şurasının Sədri (2014-2019) olub. O, indi də Fizika fakültəsinin Elmi Şurasının üzvü, Respublika Təhsil Nazirliyinin "Magistr" elmi jurnalının redaksiya heyətinin üzvü kimi fəaliyyət göstərir.

Əhməd Abdinov yarımkreçiricilərin, xüsusilə də fəzaca qeyri-bircins olan kristal yarımkeçiricilərin elektron xassələrinin tədqiqi sahəsində dünya miqyasında tanınmış və çox məhsuldar alimdir. O, yüksək ixtisaslı fizik- eksperimentatorların hazırlanmasında fəal iştirak edir və indiyədək 28 namizədlik (fəlsəfə doktru) dissertasiyasına elmi rəhbər, 6 doktorluq (elmlər doktru) dissertasiyasına elmi məsləhətçisi olub. Əhməd Abdinovun elmi rəhbəri və elmi məsləhətçisi olduğu fəlsəfə doktorları və elmlər doktorları Bakı Dövlət Univrersiteti (4 nəfər professor, 2 nəfər dosent, 3 nəfər fəlsəfə doktoru, müəllim) ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (1 nəfər professor), Azərbaycan Dövlət İqtisad Universitetində (2 nəfər professor), Azərbaycamn Dövlət Prdaqoji Universitetində (1 nəfər professor), Azərbaycan Texniki Universitetində (2 nəfər dosent), Azərbaycan Tibb Universitetində (1 nəfər dosent), Azərbaycan Dövlət Aqrar Universitetində (2 nəfər dosent), Bakı Ali Hərbi Məktəbində (3 nəfər dosent), Naxçıvan Dövlət Universitetində (1 nəfər dosent), Daşkənd Texniki Universitetində (1 nəfər dosent), Saratov Dövlət Universitetində (1 nəfər dosent), Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitunda (2 nəfər baş elmi işçi-dosent) də çalışırlar. Əhməd Abdinov uzun illər SSRİ EA-nın Fizika-Texnika, Ukrayna SSR EA-nın Yarımkeçiricilər və Fizika, Litva SSR EA-nın Yarımkeçiricilərin Fizikası, Özbəkistan EA Fizika-Texnika İnstitutlarının, eləcə də Mosvka şəhərindəki Tətbiqi Fizika İnstitutunun (“Orion”) müvafiq laboratorifyaları ilə sıx və məhsuldar qarşılaqlı elmi əməkdaşlaıq edib.

Əhməd Abdinovun elmi-pedaqoji, ictimai fəaliyyəti Azərbaycan Dövləti, Elm və Təhsil Nazirliyi, BDU rəhbərliyi və dünya elmi İctimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. O, 1976-cı ildə “Respublika Komsomolu Mükafatı Laureatı” adına, 1993-cü ildə isə Beynəlxalq Elm Fondu Mükafatı”na layiq görülüb, 1995-ci ildə “Nyu-York Elmlər Akademiyasının Həqiqi Üzvü” seçilib, 2005-ci ildə Bakı Dövlət Universitetində “İlin Alimi” nominasiyası, 2009-cu ildə Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən (Kembric Universiteti) “İlin 100 Alimi”, 2009-cu ildə Amerika Beynəlxalq Bioqrafiya İnstitutu tərəfindən “İlin Adamı”, 2009-cu ildə İngiltərədə fəaliyyət göstərən “Beynəlxalq Bioqrafiya Mərkəz”i tərəfindən “İlin tədqiqatçısı” medalları; 2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fəxri Fərmanı”, 2015-ci ildə Bakı Dövlət Universitetinin “Fəxri Fərmanı”, 2017-ci ildə Bakı Dövlət Universitetinin “İlin Müəllimi” diplomu, 2019-cu ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Üçüncü Dərəcəli Əmək Ordeni” ordeni və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərfindən “Bakı Dövlət Universiteti-100 İl Yubiley Medalı” ilə təltif edilib. Onun aldığı elmi nəticələr müxtəlif illərdə “AMEA-nın İllik Hesabatı”na daxil edilib, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin mükafatlarına layiq görülüb.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət