ABDULLAYEV SƏRHƏDDİN QUBADDİN OĞLU

ABDULLAYEV SƏRHƏDDİN QUBADDİN OĞLU

ABDULLAYEV SƏRHƏDDİN QUBADDİN OĞLU

14 aprel 1939-cu ildə Qusar rayonunun Piral kəndində anadan olub. 1948-1958-ci illərdə Piral kənd orta məktəbində təhsil alıb və orta məktəbi müvəffəqiyyətlə bitirib. 1958-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub. Universitetdə yalnız əla qiymətlərlə oxuduğu üçün o, adlı təqaüdə - “Lenin təqaüdü”nə layiq görülüb. 1963-cü ildə Fizika fakültəsini Fizik, Fizika müəllimi ixtisasları üzrə fərqləmə diplomu ilə bitirib.

Universiteti bitirdikdən sonra təyinat üzrə Quba rayon təhsil şöbəsinə göndərilib və 1963-1964-cü illərdə 1 il müddətində Quba rayonunun Qımıl kənd orta məktəbində fizika müəllimi işləyib. 1964-cü ildə görkəmli alim, tanınmış ziyalı, Azərbaycanda Nəzəri fizika məktəbinin yaradıcısı professor Abdulla Muxtarov Bakı Dövlət Universitetində Nəzəri fizika ixtisası üzrə aspiranturaya yerin ayrılmasını nəzərə alaraq, Sərhəddin Abdullayevi imtahanlarda iştirak etməyə dəvət edib və ona elmi fəaliyyətlə məşğul olmağı məsləhət görüb. Dəvəti məmnuniyyətlə qəbul edən Sərhəddin Abdullayev imtahanlardan yüksək qiymətlər alaraq, 1964-cü ildə aspiranturaya qəbul olub. Özünün dediyinə görə bu hadisə, onun həyatında əhəmiyyətli bir dönüş nöqtəsi olub. Abdulla Muxtarovun elmi rəhbərliyi ilə tədqiqatlar aparan Sərhəddin Abdullayev 1970-ci ildə “Lepton-lepton toqquşması zamanı bir sıra elektromaqnit və zəif qarşılıqlı təsir proseslərində polyarizasiya effektlərinin tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək "Nəzəri fizika" ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb. O, 1974-cü ildə dosent elmi adını alıb.

Sərhəddin Abdullayev aspiranturanı bitirdikdən sonra 1967-ci ildə Bakı Dövlət Universitetinin Maddə quruluşu kafedrasında assistent vəzifəsində əmək fəaliyyətinə başlayıb və 1969-cu ilə kimi bu vəzifədə çalışıb. 1969-cu ildə Abdulla Muxtarovun tövsiyəsi və özünün arzusu ilə müsabiqədə iştirak edərək Bakı Dövlət Universitetinin Nəzəri fizika kafedrasına baş müəllim vəzifəsinə keçib. 1969-1974-cü illərdə Nəzəri fizika kafedrasında baş müəllim, 1974-1997-ci illərdə isə dosent vəzifəsində çalışıb, 1997-ci ildən hal-hazıra kimi isə Nəzəri fizika kafedrasında professor vəzifəsində çalışır. Sərhəddin Abdullayev bu illər ərzində pedaqoji fəaliyyətlə yanaşı, eyni zamanda elmi fəaliyyətlə də məşğul olub, həmçinin ölkəmizdə elmi və pedaqoji kadrların hazırlanmasına gərgin əmək sərf edib.

Sərhəddin Abdullayev 1970-ci ildən doktorluq dissertasiyası üzərində işləməyi qarşısına məqsəd qoyaraq intensiv elmi-tədqiqat işləri aparıb. Onun elmi tədqiqatlarından alınan nəticələr dünyanın LEP, SLC və TRISTAN kimi iri tədqiqat mərkəzlərində aparılmış təcrübələrdə öz təsdiqini tapıb, həmçinin Moskva Dövlət Universitetində, Belorus Elmlər Akademiyasının Fizika İnstitutunda və Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (Dubna şəhəri) bu sahənin görkəmli alimləri A.A. Sokolov, D.Y. Bardin, I.A. Savin, V. Kadışevski və başqalarının iştirakı ilə keçirilən geniş müzakirələrdən keçib. O, bu müzakirələrdə mütəxəssislərin verdiyi suallar və söylədiyi fikirlər əsasında sonrakı elmi fəaliyyətinin çərçivəsini müəyyənləşdirib. Odur ki, qısa zamanda onun 10-a yaxın sanballı məqaləsi Rusiyanın nüfuzlu elmi jurnalı olan "Nüvə fizikası” jurnalında dərc edilib. 1995-ci ildə "Elementar zərrəciklər və atom nüvəsi fizikası" jurnalında dərc olunmuş ”Elektron-pozitron annihilyasiyasında supersim-bozonu” adlı 60 səhifəlik icmal məqaləsində doktorluq dissertasiyasının bir sıra əsas nəticələri əks olunub. Sərhəddin Abdullayev 1996-ci ildə "Lepton-lepton və lepton-hadron qarşılıqlı təsirlərində zəif cərəyan effektləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək "Nəzəri fizika" ixtisası üzrə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini alıb. O, 1997-ci ildə professor elmi adını alıb.

Sərhəddin Abdullayevin elmi fəaliyyət istiqaməti əsasən elektromaqnit, zəif və güclü qarşılıqlı təsirlərin vahid nəzəriyyəsi olan Standart Modelin yoxlanılması və ondan kənarda mümkün hesab olunan “Yeni fizika”nın aktual problemlərinin nəzəri tədqiqi bağlıdır. Onun elmi rəhbərliyi ilə Nəzəri fizika ixtisası üzrə 6 nəfər Fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işini müdafiə edib. O, eyni zamanda çox sayda magistr dissertasiya işlərinin elmi rəhbəri olub. Respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 500-ə yaxın elmi əsərin, o cümlədən orta ümumtəhsil məktəbləri və ali məktəblər üçün yazılmış 3 monoqrafiyanın, 27 dərsliyin, 65 dərs vəsaitinin, 26 metodik vəsaitin və 12 tədris proqramının müəllifidir. Olimpiada həvəskarlarına kömək məqsədilə onun "Fizikadan olimpiada məsələləri” adlı 3 dərs vəsaiti çap edilib. Sərhəddin Abdullayev pedaqoji fəaliyyəti dövründə bakalavr pilləsində “Klassik elektrodinamika” və “Kvant mexanikası” fənlərini tədris etmiş, hazırda isə magistratura pilləsində “Kvant elektrodinamikası”, “Elementar zərrəciklərin kinematikası”, “Elektromaqnit qarşılıqlı təsir nəzəriyyəsi”, “Elektrozəif qarşılıqlı təsir nəzəriyyəsi”, “Fundamental qarşılıqlı təsirlərin ümumi xassələri”, “Standart Model, leptonların və kvarkların xassələri” və “Hadron proseslərinin fizikası” fənlərini yüksək ustalıqla tədris etməklə pedaqoji fəaliyyətini uğurla davam etdirir.

Respublikamız müstəqillik əldə etdikdən sonra yeni tədris proqramlarının tərtibi və ana dilində yazılan dərsliklərə ehtiyacın olması Sərhəddin müəllimin diqqətindən yan keçməyib. O, istər orta məktəblər, istərsə də ali məktəblər üçün bu problemin həllinə öz əhəmiyyətli töhfəsini verib. Onun orta ümumtəhsil məktəbləri və liseylər üçün yazdığı müxtəlif səpkili dərslik, dərs vəsaiti və metodik vəsaitlər Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi gündən bəri ana dilində yazılmış dərsliklərə yaranmış tələbatı yetərincə ödəyir. Artıq sayı 100-ü ötmüş bu kitablarda müəllimlərin, ali məktəblərə hazırlaşan abituriyentlərin bütün istək və arzuları öz əksini tapır. Sərhəddin Abdullayev 40 ildən çox bir müddət ərzində Fizika fənni üzrə Respublika olimpiadasının münsiflər heyətinin, o cümlədən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin orta ümumtəhsil məktəbləri üçün Fizika dərsliklərinin və dərs vəsaitlərinin yazılması üzrə komissiyasının aparıcı üzvü olub. O, eyni zamanda uzun illərdir ki, Bakı Dövlət Universitetinə nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının, həmçinin Fizika fakültəsi Elmi Şurasının üzvüdür. O, hazırda həm də Dissertasiya Şurasının Nəzəri fizika ixtisası üzrə elmi seminarının sədridir.

Sərhəddin Abdullayevin elmi-pedaqoji və ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Məhsuldar əməyinin nəticəsi olaraq o, 2014-cü ildə Azərbaycan Respublikasının “Qabaqcıl təhsil işçisi” döş nişanına, 2016-cı ildə “Qızıl qələm” mükafatına, 2017-ci ildə Avropa Nəşr Mətbuat evinin “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalına layiq görülüb. O, 2019-cu ildə Rusiyanın Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib. 2019-cu ildə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb və "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

 

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət