13 may 1944-cü ildə Türkmənistan Respublikasının Krasnovodsk şəhərində anadan olub. Əslən Naxçıvan Muxtar Respublikasının Ordubad rayonundandır. 1965-ci ildə BDU-nun Fizika fakültəsini fizik, fizika müəllimi ixtisasları üzrə bitirib. 1968-ci ildə keçmiş Sankt-Peterburq A.F.İoffe adına Fizika-Texnika İnstitutunda aspiranturaya daxil olub və 1976-cı ildə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb. 1987-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini alıb. 1989-cu ildə professor elmi adını alıb.
Hacıbala Abutalıbov, 1988-1995-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiri işləyib. 1995-2000-ci illərdə Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı, 2000-2001-ci ildə Baş nazirin müavini, 2001-2018-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, 2018-2019-cu illərdə Baş nazirin müavini vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvüdür.
Hacıbala Abutalıbov yarımkeçiricilər fizikası, kvant elektronikası sahəsində elmi tədqiqatlar aparır. Respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 200-dən çox elmi işin və 30-dan çox elmi ixtiranın müəllifidir. Onun rəhbərliyi ilə 10-dan çox elmlər doktoru və elmlər namizədi yetişib. 2014-cü ildə Azərbaycan Respublikasının "Şərəf" ordeni ilə təltif olunub.