ATAKİŞİYEV NATİQ MƏMMƏD OĞLU

ATAKİŞİYEV NATİQ MƏMMƏD OĞLU

ATAKİŞİYEV NATİQ MƏMMƏD OĞLU

Atakişiyev Natiq Məmməd oğlu 15 fevral 1939-cu ildə Bakıda anadan olub. 1956-cı ildə Bakı şəhər 6 saylı orta məktəbini bitirib və həmin il Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub. 1961-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini fizik, fizika müəllimi ixtisasları üzrə bitirib. 1964-cü ildə, Azərbaycan Elmlər Akademiyasında aspiranturaya daxil olub və 1964-1967-ci illərdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna (Dubna şəhəri, Rusiya) ezamiyyətə göndərilib. 1971-ci ildə Rusiya (Serpuxov ş.) Yüksək Enerjilər Fizikası İnstitutunda "Normallaşmış sahə nəzəriyyələrində Qrin funksiyalarının tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb. 1987-ci ildə Boqolyubov adına Nəzəri Fizika İnstitutunda (Kiyev, Ukrayna) "İşıq konusunda sahə nəzəriyyəsinin Hamilton operatoru ilə formulə edilməsi və relyativistik bağlı halların dalğa funksiyaları" adlı doktorluq dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi alıb.

Natiq Atakişiyev ilk əmək fəaliyyətinə 1961-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda kiçik elmi işçi vəzifəsində başlayıb. 1967-1972-ci illlərdə Fizika İnstitutunda elmi işçi, 1972-1983-cü illərdə isə böyük elmi işçi vəzifəsində çalışıb. 1973-1974-cü illərdə ABŞ-ın Nyu-York Kolumbiya Universitetində 10 ay müddətində elmi-tədqiqat işləri həyata keçirib. 1983-1994-cü illərdə Fizika İnstitutunda "Elementar zərrəçiklər nəzəriyyəsi" laboratoriyasının rəhbəri vəzifəsində işləyib.

Natiq Atakişiyev 1994-cü ildən Meksikada yaşayır və çalışır. O, öz ana dili Azərbaycan dili ilə yanaşı, rus, ingilis və ispan dillərini də bilir. 1994-1996-cı illərdə, Meksika Milli Muxtar Universitetində dəvət olunmuş professor olaraq, elmi-tədqiqat işləri həyata keçirib. 1996-cı ildən Meksika Milli Muxtar Universitetinin Riyaziyyat İnstitututun professordur və Meksika Elmlər Akademiyasının üzvüdür. Onun beynəlxalq jurnallarda 131 məqaləsi, beynəlxalq konqreslərin materiallarında 62 məqaləsi dərc olunub. Natiq Atakişiyev 4 iyul 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.

 

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət