Maarif Əli oğlu Cəfərov 04 avqust 1960-cı ildə Laçın rayonunun Minkənd kəndində anadan olub. 1967-1977-ci illərdə Minkənd orta məktəbində təhsil alıb və orta məktəbi "əla" qiymətlərlə bitirib. 1977-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinə daxil olub, 1982-ci ildə BDU-nu Fizik, Fizika müəllimi ixtisasları üzrə Fərqlənmə diplomu ilə bitirib. 1982-1986-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun aspirantı olub. 1989-cü ildə “Cd1-хZnxS nazik təbəqələrinin və n və p-tip СdS:Cu monokristallarının fotoelektrik xassələri” mövzusunda dissertasiya müdafiə edərək "Yarımkeçiricilər və dielektriklər fizikası" ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb. 2007-ci ildə “АIIBVI tipli bəzi birləşmələrinin monokristallarında və onların bərk məhlullarında kimyəvi çökdürülmüş təbəqələrində elektron prosesləri” mövzusunda dissertasiya müdafiə edərək "Yarımkeçiricilər və dielektriklər fizikası" ixtisası üzrə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini alıb. 2009-cü ildə dosent, 2010-cü ildə isə professor elmi adını alıb.
1982-1991-ci illərdə Müdafiə Sənayesi Nazirliyinin Tətbiqi Fizika İnstitutunda mühəndis, 1991-1993-cü illərdə AMEA-nın Fotoelektronika Elmi Tədqiqat İnstitutunda (ETİ) böyük elmi işçi, 1994-2005-ci illərdə BDU-nun Fizika fakültəsinin nəzdində Bərk cisimlər Elektronikası Elmi-Tədqiqat laboratoriyasının müdiri, 2005-2010-cü illərdə BDU-nun nəzdində Fizika Problemləri ETİ-də aparıcı elmi işçi, 2010-2023-cü illərdə BDU-nun Fizika fakültəsinin Yarımkeçiricilər fizikası kafedrasında professor vəzifələrində çalışıb. 2023-cü ildən Nanomaterialların kimyəvi fizikası kafedrasına rəhbərlik edir.
Bərk cisim elektronikası, mikroelektronika, nanotexnologiya, bərk məhlullar əsasında nanozərrəcikli nazik təbəqələrin sintezi və onların alınma texnologiyaları sahələrində elmi tədqiqatlar aparır. Respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 200-dən çox elmi işin, 4 müəlliflik şəhadətnaməsinin, 2 patentin və "Практикум по физике полупроводников" (dərs vəsaiti), "Yarımkeçiricilər fizikası üzrə praktikum" (dərs vəsaiti), "Электронные свойства наноструктированных материалов соединений А2В6" (monoqrafiya), "Yarımkeçiricilər fizikasından məsələlər" (dərs vəsaiti), "Radiophysics" (dərs vəsaiti) adlı kitablarının müəllifidir. Rəhbərliyi ilə 5 nəfər fəlsəfə doktoru dissertasiya işini müdafiə edib. Fizika fakültəsinin Elmi Şurasının üzvüdür.
2019-cu ildə "BDU-nun 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. 2024-cü ildə isə Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və Akademiyanın “Qızıl Ulduz” medalı ilə təltif olunub.