16 oktyabr 1940-cı ildə Şəki şəhərində anadan olub. 1947-1957-ci illərdə Şəki şəhər 12 saylı orta məktəbində təhsil alıb və orta məktəbi müvəffəqiyyətlə bitirib. 1957-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub və 1962-ci ildə həmin fakültəni fizik, fizika müəllimi ixtisasları üzrə bitirib. 1962-1965-ci illərdə M.V. Lomonosov adına Moskva Dövlət Universitetində aspirant olub. 1966-cı ildə "Kristallaşan polimerlərin mexaniki xassələrinin tədqiqi" mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb. 1992-ci ildə Rusiya Federasiyasının Elmlər Akademiyasının Kimyəvi Fizika İnstitutunda "Quruluş xüsusiyyətlərini nəzərə alaraq makromolekulyar sistemlərdə relaksasiya keçidlərinin tədqiqi" adlı dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini alıb. 1994-cü ildə professor elmi adı alıb.
Faiq Əhmədovun bütün əmək fəaliyyəti Bakı Dövlət Universitetinin Fizika fakültəsinin “Optika və molekulyar fizika” kafedrası ilə bağlı olub. O, “Optika və molekulyar fizika” kafedrasında 1966-1969-cu illərdə müəllim, 1969-1971-ci illərdə baş müəllim, 1971-1993-cü illərdə dosent, 1993-1996-cı illərdə professor vəzifələrində çalışıb. 1996-cı ildən ömrünün sonuna kimi isə “Optika və molekulyar fizika” kafedrasının müdiri olub. Eyni zamanda 1997-ci ildən ömrünün sonunadək Bakı Dövlət Universitetinin Appelyasiya Komissiyasının sədri vəzifəsində çalışıb.
Faiq Əhmədovun elmi işləri makromolekulyar sistemlərdə gedən relaksasiya proseslərinin nəzəri tədqiqinə həsr olunmuşdur. O, polimerlərin relaksasiya mexanizmini araşdırmaq üçün dəyişən parametrli modellər təklif etmiş və onların əsasında müxtəlif quruluş xüsusiyyətlərinə malik olan sistemlərin özlüelastik xassələrinin ümumi və fərqli cəhətlərini göstərmişdir. Makromolekulyar sistemi təşkil edən kinetik vahidlər arasındakı qarşılıqlı təsirin xarakterinin relaksasiya müddətləri spektrinə, spektral xəttlərin eninə təsirini nəzəri olaraq hesablamışdır. Yerli və xarici jurnallarda dərc edilmiş 150-dən artıq elmi məqalənin və 12 kitabın müəllifidir.
Faiq Əhmədov Fizika fakültəsinin Elmi Şurasının üzvü, Bakı Dövlət Universitetinin Fizika fakültəsində İxtisaslaşmış Müdafiə Şurasının üzvü olub. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 2009-cu ildə "Əməkdar Müəllim" adına layiq görülüb.
Faiq Əhmədov 15 fevral 2011-ci ildə vəfat edib.