ƏSGƏROV BƏHRAM MEHRALI OĞLU

ƏSGƏROV BƏHRAM MEHRALI OĞLU

ƏSGƏROV BƏHRAM MEHRALI OĞLU

5 oktyabr 1933-cü ildə Tovuz rayonunun Əhmədabad kəndində anadan olub. 1952-ci ildə Tovuz rayonunun Yanıxlı kənd orta məktəbini müvəffəqiyyətlə bitirərək Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub. Universitetdə təhsil aldığı müddətdə adlı təqaüd (Stalin təqaüdü) alıb. 1957-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirib və Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunun "Yarımkeçiricilər fizikası" ixtisası üzrə əyani aspiranturasına daxil olub.

Aspirantura təhsilini, akademik A.F. İoffenin direktor olduğu, SSRİ Elmlər Akademiyası Yarımkeçiricilər İnstitutunda (Leninqrad şəhəri) alıb. Bu İnstitutda o, professor A.İ. Anselmin rəhbərliyi altında mükəmməl elmi məktəb keçərək, bərk cisimlər nəzəriyyəsinin aktual problemləri - metallar və yarımkeçiricilərdə termomaqnit effektlərin kvant nəzəriyyyəsi ilə məşğul olub. Yerinə yetirdiyi işlərin əsasında 1962-ci ildə Leninqradda namizədlik dissertasiyasını müdafiə edib. Sonra Bakıya qayıdaraq Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işini davam etdirib. Dissertasiya işində qaldırılan problemlərin aktuallığı nəzərə alınaraq Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə 1963-cü ildə namizədlik dissertasiyası bütünlüklə "Теория явлений переноса в полупроводниках" ("Yarımkeçiricilərdə köçürmə hadisələri nəzəriyyəsi", rus dilində) adı altında "Elm" nəşriyyatı tərəfindən ayrıca kitab şəklində nəşr edilib. Bu kitab onun ilk və uğurlu monoqrafiyası idi.

Bəhram Əsgərov 1966-cı ilə qədər Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunda kiçik elmi işçi, elmi işçi və baş elmi işçi vəzifələrində çalışıb. 1966-cı ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin "Molekulyar fizika" kafedrasına dosent vəzifəsinə dəvət olunub. Həmin ildən etibarən onun elmi işi ilə yanaşı pedaqoji fəaliyyəti də başlayıb. O, "Elektrodinamika", "Bərk cisimlərin kvant nəzəriyyəsi", "Termodinamika və statistik fizika" kimi mühüm ümumnəzəri kurslarından mühazirələr oxuyub. Universitetdə təşkilatçılıq fəaliyyətinə 1971-ci ildə "Bərk cisimlər fizikası" kafedrasını yaratmaqla başlayıb və 2014-cü ilə qədər həmin kafedraya rəhbərlik edib. 1972-ci ildə professor elmi adını alıb.

1970-ci ildə Leninqradda "Наука" nəşriyyatında "Кинетические эффекты в полупроводниках" ("Yarımkeçiricilərdə kinetik effektlər") adlı ikinci monoqrafiyasını nəşr etdirib. Bu monoqrafiya ona böyük uğur və şöhrət gətirir. Belə ki, bu monoqrafiyanın əsasında 1971-ci ildə doktorluq dissertasiyasını müdafiə edir və bu monoqrafiyaya görə 1974-cü ildə elm və texnika sahəsində Azərbaycan Dövlət Mükafatına layiq görülür. Bu monoqrafiya mütəxəssislər arasında böyuk şöhrət qazanır və bu günə qədər bir çox aparıcı universitetlərdə onun əsasında kinetik effektlər nəzəriyyəsindən ixtisas kursları oxunur. Üçüncü monoqrafiyası olan "Электронные явления переноса в полупроводниках" ("Yarımkeçiricilərdə elektron köçürmə hadisələri") adlı kitabını 1985-ci ildə Moskvada "Наука" nəşriyyatında nəşr etdirir. Bu monoqrafiya da uğurlu olur. Belə ki, həmin kitab, "Electron transport phenomena in semiconductors" adı ilə ingilis dilinə tərcümə olunaraq World Scientific (Singapore) Ümumdünya nəşriyyatında çap olunur. Bəhram Əsgərovun (S.R. Fiqarovanın həmmüəllifliyi ilə) "Thermodynamics, Gibbs Method and Statistical Physics of Electron Gases" (ingilis dilində) adlı növbəti monoqrafiyası 2010-cu ildə Springer (Berlin, Almaniya) nəşriyyatında işıq üzü görüb.

Bəhram Əsgərovun elmi fəaliyyəti 1957-ci ildən, onun SSRİ Elmlər Akademiyası Yarımkeçiricilər İnstitutuna (Leninqrad şəhəri) aspirant kimi ezam olunduğu dövrdən başlayıb. Həmin illərdə o, professor A.İ. Anselmlə birgə yarımkeçiricilərdə və metallarda termomaqnit hadisələrinin kvant nəzəriyyəsini inkişaf etdirib. Onlar tərəfindən kvantlayıcı maqnit sahəsində, adi kinetik tənlik tətbiq oluna bilmədiyi halda dissipativ termomaqnit cərəyanlarını hesablamaq üçün metod təklif edilib. Elmi ədəbiyyatda Anselm-Əsgərov metodu adı ilə məlum olan bu üsul, sonralar müəllifər tərəfindən dönməyən proseslərin ümumi nəzəriyyəsi vasitəsi ilə əsaslandırılıb. 1960-1961-ci illərdə "Физика твердого тела" jurnalındakı işlərinə qədər kvantlayıcı maqnit sahəsində termomaqnit hadisələrin nəzəriyyəsi ümumiyyətlə yox idi. Bu işlər termomaqnit hadisələrin kvant nəzəriyyəsinin yaranmasının başlanğıcı olur. Kinetik nəzəriyyənin yeni sahəsinin yaranışı ilə ölkəmizdəki və xaricdəki bir çox nəzəriyyəçilər kvantlayıcı maqnit sahəsində termomaqnit hadisələrin nəzəriyyəsi ilə intensiv məşğul olmağa başlayır. Onun kinetik effektlərin klassik nəzəriyyəsinə həsr edilmiş ilk işlərində güclü cırlaşmış yarımkeçiricilərdə və metallarda ixtiyari maqnit sahəsində köçürmə hadisələri kimi vacib məsələlərə baxılmışdır. Bir sıra işlərində uzununa maqnit sahəsində yerləşmiş yarımkeçiricilərdə termoelektrik hərəkət qüvvəsinin və istilikkeçirmənin elektron hissəsi öyrənilmişdir. Bu nəticələrin bir çoxu "Теория явлений переноса в полупроводниках" adlı birinci monoqrafiyaya daxil edilib.

Bəhram Əsgərovun bir sıra işləri daha mürəkkəb dispersiya qanunlu, yəni real enerji spektrli yarımkeçiricilərdəki kinetik effektlərin klassik nəzəriyyəsinə həsr olunub. O, sferik, lakin qeyri-parabolik zonalı yarımkeçiricilərdə qalvanomaqnit və termomaqnit effektlərin klassik nəzəriyyəsi ümumiləşdirib. Onun tərəfindən termomaqnit effektlərinin ölçülməsindən istifadə olunaraq güclü cırlaşmış sferik-simmetrik dispersiya qanunlu elektron yarımkeçiricilərinin parametrlərinin tapılması üçün yeni üsul təklif olunub. Bu üsul təcrübəçilər tərəfindən effektiv kütlə, səpilmə mexanizmi, yürüklük, zonanın qeyri-parabolikliliyi və s. kimi kəmiyyətlərin dəqiq ölçülməsi üçün istifadə olunur. Fiziki cəhətdən maraqlı nəticələr, onun qeyri-parabolik zonalı yarımkeçiricilərdə qalvanomaqnit effektlərin kvant nəzəriyyəsinə həsr olunmuş işlərində alınıb. Bu işlərdə Keyn dispersiya qanunlu yarımkeçiricilərdə eninə termoelektrik hərəkət qüvvəsi və izotermik Nernst-Ettinqshauzen effektinin kvant nəzəriyyəsi qurulub. Bundan başqa onun tərəfindən həm klassik həm də ölçüyə görə kvantlanmış yarımkeçirici təbəqələr üçün qalvanomaqnit və termomaqnit effektlərin ardıcıl nəzəriyyəsi qurulub.

Bəhram Əsgərovun əsas fəaliyyəti istiqamətində aldığı bir sıra başqa elmi nəticələri də göstərmək olar. İlk dəfə kvantlayıcı maqnit sahəsində elektron qazının əsaslı surətdə statistikası qurulub və kimyəvi potensialı hesablanıb. Kvantlayıcı maqnit sahəsində keçirici elektrlonların optik fononlarla qarşılıqlı təsirini nəzərə almaqla enerji spektrinin xüsusiyyətləri tədqiq edilib. Sferik-simmetrik zona üçün yükdaşıyıcıların fononlarla sövq olunma nəzəriyyəsi ümumiləşdirilib və elmə “Statistik sövqetmə qüvvəsi” adlı yeni anlayış daxil edilib. Güclü cırlaşmış yarımkeçiricilərin fiziki parametrlərinin ölçülməsi üsulunu təklif edib. Onun təklif etdiyi "İkiatomlu molekulların elektrik dipol momentinin termodinamik yolla təyini metodu" ixtira kimi qeydiyyatdan keçib. Elmi fəaliyyətinin son illərində aktual olan sahədə - ölçüyə görə kvantlanmış və aşağıölçülü elektron sistemlərində köçürmə hadisələri ilə məşğul olaraq bu sahədə də mühüm elmi nəticələr alıb. Təbəqələrdə elektron köçürmə hadisələrinin nəzəriyyəsinə həsr olunmuş işlər əsasında o, əməkdaşları ilə birgə 1984-cü ildə Almaniyada nəşr olunan "Physica Status Solidi" jurnalı üçün geniş icmal məqalə yazıb. Bu işlərin bir çox nəticələri onun "Теория явлений переноса в полупроводниках", "Кинетические эффекты в полупроводниках" və "Электронные явления переноса в полупроводниках" adlı monoqrafiyalarına daxil edilib.

Bəhram Əsgərovun "Кинетические эффекты в полупроводниках" monoqrafiyasının müqəddiməsində kitabın məsul redaktoru professor S.S. Şalit yazırdı: "Təqdim olunan monoqrafiyanın müəllifi B.M. Əsgərov yarımkeçiricilərdə kinetik hadisələrin nəzəriyyəsi üzrə öz işləri ilə məşhur olan mütəxəssisdir, o, təcrübəçilərin tələbləri ilə də yaxşı tanışdır və ümid etmək olar ki, onun bu əsəri onlar arasında təqdirəlayiq qiymətini alacaqdır." Doğrudan da monoqrafiya, redaktorun ümidlərini tam şəkildə doğrultdu, kitab çox uğurlu oldu. Tamlığı və aydınlığı monoqrafiyaya qısa müddətdə ölkəmizdə və xaricdə layiqli şöhrət qazandırdı. Buna sübut kimi yarımkeçiricilər fizikası üzrə olan elmi jurnalların və monoqrafiyaların səhifələrində çoxlu sayda istinadları göstərmək olar. Mübaliğəsiz demək olar ki, bu monoqrafiya yarımkeçiricilərdə köçürmə hadisələrinin tədqiqi ilə məşğul olan fiziklərin stolüstü kitabına çevrilib və elm aləminin tam rəğbətini qazanıb. Bu fikri təsdiq etmək üçün aşağıdakıları göstərə bilərik:

  • "Физика и Техника Полупроводников" (cild 5, buraxılış 10, 1971-ci il) jurnalında məşhur alim professor L.E.Qureviç nəşr etdirdiyi rəyində, qeyd edir ki, B.M.Əsgərovun 1970-ci ildə nəşr olunan "Кинетические эффекты в полупроводниках" kitabı yarımkeçiricilərin kinetik xassələri haqqında birinci nəzəri monoqrafiyadır və onun yenidən nəşr etmək lazımdır;
  • M.Əsgərovun üçüncü monoqrafiyası olan "Электронные явления переноса в полупроводниках" kitabı haqqında "Физика и Техника Полупроводников" (cild 22, buraxılış 7, 1988-ci il) jurnalında Leninqradlı professor O.V.Konstantinov öz rəyini dərc etdirmişdir. Burada o, qeyd edir ki, rəy verdiyi kitab digər monoqrafiyalardan onunla fərqlənir ki, bərk cisimlər fizikasının məhz bu bölməsi üzrə ən dolğun kitabdır, bu isə təbiidir, çünki B.M.Əsgərov öz əsərləri ilə termomaqnit hadisələrinin nəzəriyyəsinin yaranmasında əvəzsiz rol oynayıb;

Bəhram Əsgərovun monoqrafiyalarının bu gün də öz aktuallığını saxlayır. Ümumilikdə qeyd edək ki, onun elmi işlərində fiziki cəhətdən maraqlı və mühüm nəzəri nəticələr alınıb və bu nəticələr bir çox laboratoriyalarda öz təcrübi təsdiqini tapıb. Bu orijinal nəticələrin onun ümumi istifadə üçün nəzərdə tutulmuş kitablarına daxil edilməsi onların böyük əhəmiyyətini bir daha üzə çıxarır. Bundan başqa onun elmi nəticələri A.İ.Anselmin "Введение в теорию полупроводников", L.Bonç-Brueviç və S.Q. Kalaşnikovun "Физика полупроводнков", R.Smitin "Полупроводники", M.M.Qaciəliyevin "Термомагнитные эффекты в узкозонных полупроводниках в сильном и квантующем магнитном поле", A.V.Lyubçenko, E.A.Salkov, F.F.Sizovun "Физические основы полупроводниковой инфракрасной фотоэлектроники", E.V.Kuçisin "Гальваномагнитные эффекты и методы их исследований" kimi məşhur monoqrafiyalarına, Физическая энциклопедия, (Москва, Изд-во "Большая Российская энциклопедия", 1998), "Физика твердого тела" (Киев, Изд-во "Наукова Думка", 1998) ensiklopedik lüğətinə, V.P.Draqunov, İ.Q.Neizvestnıy, V.A.Qridçinin "Основы наноэлектроники" dərsliyinə və V.Zavadskinin "Advance In Physics" jurnalında dərc olunmuş icmalına daxil edilib. Bəhram Əsgərov öz işləri ilə yarımkeçiricilər nəzəriyyəsinə, o cümlədən kvantlayıcı maqnit sahəsində termomaqnit və qalvanomaqnit hadisələr nəzəriyyəsinə böyük töhfələr verib.

Bəhram Əsgərov "Письма в Журнал Экспериментальной и Теоретической Физики", "Физика и Техника Полупроводников", "Физика Твердого Тела" (Россия), "Физика Низких Температур" (Украина), "Journal Physics. Condensed Matter", "Nanotechnology", "Proceedings of the Royal Society A", (England), "Phys Status Solidi" (Germany), "Physica E: Low-Dimensional Systems and Nanostructures" (Netherlands), Japanese Journal of Applied Physics (Japan) və s. kimi məşhur elmi jurnallarda dərc olunmuş 170-dən çox elmi əsərin müəllifidir. Moskva, Sankt-Peterburq, Kiyev, Novosibirsk, Vilnüs, Tartu, Daşkənd, Tbilisi, Bakı, Salford, Bodrum, Varşava, Pekin, Eddinburq və s. şəhərlərində keçirilmiş çoxlu sayda Beynəlxalq və Respublika elmi konfranslarda orijinal məruzələrlə çıxışlar edib. O, eyni zamanda yuxarıda göstərilən 5 monoqrafiyadan başqa azərbaycan dilində olan 1 dərslik və 1 dərs vəsaitinin müəllifidir: "Termodinamika və statistik fizika" (Bakı Universiteti nəşriyyatı, 2005) və "Bərk cisimlərin nəzəriyyəsi" (Bakı Universiteti nəşriyyatı, 2013).

Bəhram Əsgərov bərk cisimlər fizikası sahəsində dünyada tanınmış alimdir. O, dərc olunmuş elmi işlərinə görə 1997-ci ildə İngiltərədəki Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən "XX əsrin məşhur alimi" sırasına daxil edilib, "Elmdə görkəmli nailiyyətlərinə görə" diplomu və medalı ilə təltif olunub və Ümumdünya ensiklopediyasına daxil edilib. O, yüksəkixtisaslı fizik-nəzəriyyəçilərin hazırlanmasında fəal iştirak edib, 12 namizədlik dissertasiyasına elmi rəhbər, 4 doktorluq dissertasiyasına isə elmi məsləhətçisi olub.

Bəhram Əsgərov Respublikada bir çox elmi-ictimai işləri həyata keçirib. O, 1994-2004-cü illərdə Bakı Dövlət Universitetinin Elmi işlər üzrə prorektoru olub və 1998-ci ildə bir ilə yaxın müddətdə Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edib. Bir çox illər o, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, Respublika Təhsil Nazirliyinin "Fizika" ixtisası üzrə elmi-metodik şurasının sədri, elmlər doktoru elmi dərəcəsi verən Elmi Şuraların sədri və həmsədri, Bakı Dövlət Universitetinin Böyük Elmi Şurasının və Fizika fakültəsinin Elmi Şurasının üzvləri olub. Bundan başqa "Bakı Universitetinin Xəbərləri" jurnalının fizika-riyaziyyat elmləri seriyasının redaktoru, AMEA-nın "Xəbərlər" və "Fizika", "Sumqayıt Universitetinin Xəbərləri" və "Qafqaz Universiteti" jurnallarının redaksiya heyətinin üzvü kimi də fəaliyyət göstərib.

Bəhram Əsgərovun elmi-təşkilati, pedaqoji və ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. 2001-ci ildə "Fizika" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilib. O, 1974-cü ildə elm-texnika sahəsi üzrə Azərbaycan Dövlət Mükafatını, 2000-ci ildə Əməkdar Elm xadimi fəxri adını alıb, 2004-cü ildə "Şöhrət" ordeni ilə təltif olunub və 2009-cu ildə prezident təqaüdünə layiq görülüb.

Bəhram Əsgərov 12 mart 2014-cü ildə Bakı şəhərində vəfat edib.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət