15 iyun 1941-ci ildə anadan olmuşdur. 1963-cü ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirmiş və 1964-cü ildə universitetin aspiranturasına daxil olaraq prof. L.A.Senanın rəhbərliyi (Leninqrad) ilə alçaq enerjili ionlar ilə katod tozlanmasını öyrənmişdir. 1970-ci ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Universitetdə müəllim, dosent, dekan müavini, beynəlxalq əlaqələr üzrə prorektor vəzifələrində çalışmışdır. Hazırda universitetin Fiziki elektronika kafedrasının professorudur. 1974-cü ildə Danimarkanın Texniki Universitetində birillik staj keçmiş, metal-yarımkeçirici kontaktını öyrənmiş və kontaktın qeyri-bircins modelini təklif etmişdir.
250-dən çox elmi, 700-dən artıq elmi-publisistik məqalənin, 11 kitabın, 3 monoqrafiyanın müəllifidir. 20-ə qədər dissertasiya işinə, onlarla magistr işinə rəhbərlik etmişdir.
İki çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş və 2000-2005 illərdə Elm və Təhsil Komitəsinə sədrlik etmişdir. “Şöhrət” ordeni və Əməkdar elm xadimi fəxri adları ilə təltif edilmişdir. Prezident təqaüdçüsüdür. Bir sıra beynəlxalq akademiyaların (РАЕ , АСПН ) üzvüdür.