HÜSEYİNOV İSRAFİL İSA OĞLU

HÜSEYİNOV İSRAFİL İSA OĞLU

HÜSEYİNOV İSRAFİL İSA OĞLU

15 may 1932-ci ildə Gədəbəy rayonunda müəllim ailəsində anadan olub. 1950-ci ildə BDU-nun Fizika fakültəsinə qəbul olub, 1955-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1955-1958-ci illərdə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Fizika fakültəsinin aspirantı olub. MDU-nun Fizika fakültəsinin dekanı, professor A.A.Sokolovun rəhbərliyi altında elmi tədqiqatlar aparıb.

1959-cu ildə “Dirak hissəciklərinin elastik səpilməsi üçün sönmə nəzəriyyəsi” mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi alıb. Dissertasiyada o, klassik elektrodinamikada Lorens tərəfindən təklif olunan sönmə nəzəriyyəsinə əsaslanan yeni nəzəriyyə irəli sürüb. Bu nəzəriyyəyə görə, yükün yaratdığı sahə həmin yükə təsir edir. Lorensin sönmə nəzəriyyəsinin kvant halına genişləndirilməsində yaranan çətinliklər İsrafil Hüseynovu atomların və molekulların elektron quruluşunun öyrənilməsinə yönəldib. Bu məqsədlə o, 1969-cu ildə Kembric Universitetində professor S.F. Boys və 1970-ci ildə Oksford Universitetində professor C.A. Coulsonun elmi qruplarına qoşulub. Onun kvant mexanikasının əsas problemlərindən biri olan Sleyter tipli orbitalar (STO) üzərində çoxelektronlu, çoxmərkəzli inteqrallar üzrə apardığı nəzəri tədqiqatlar Kembric və Oksford Universitetlərində başlayıb və BDU-da davam etdirilib.

1980-ci ildə “Molekulyar kvant mexanikasında çoxmərkəzli inteqrallar nəzəriyyəsi və tətbiqləri” mövzusunda dissertasiya işini Ukrayna Elmlər Akademiyasının Nəzəri Fizika İnstitutunda müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi alıb. 1982-ci ildə professor elmi adını almışdır. 1985-1986-cı illərdə Amerika Birləşmiş Ştatlarının tanınmış ali təhsil müəssisələrindən biri olan Johns Hopkins Universitetinin Kimya fakültəsində müqaviləli professor kimi fəaliyyət göstərib, ABŞ-da bir sıra universitetlərdə elmi seminarlarla çıxış edib. 1986-1987-ci illərdə Çin Xalq Respublikasının Jilin Universiteti nəzdində fəaliyyət göstərən Nəzəri Kimya İnstitutunda müqaviləli professor kimi çalışıb və Çinin müxtəlif aparıcı universitetlərində dəvətli elmi məruzələr edib.

1960-1993-cü illərdə BDU-nun Fizika fakültəsində çalışıb, 1972-1993-cü illərdə BDU-nun Fizika fakültəsinin Kimyəvi fizika kafedrasının müdiri vəzifəsində işləyib. 1993-cü ildə Türkiyəyə Respublikasına gedib və akademik fəaliyyətini orada aşağıdakı vəzifələrdə davam etdirib: 1993-1996-ci illərdə Türkiyə, Konya - Selçuk Universiteti, Fen-Ədəbiyyat Fakültəsi, Fizika Bölümünün professoru; 1996-1999-cu illərdə Harran Universiteti, Fen-Ədəbiyyat Fakültəsi, Fizika Bölümünün professoru; 1999-2019-cu illərdə Çanakkale Onsekiz Mart Universiteti, Fen-Ədəbiyyat Fakültəsi, Fizika Bölümünün professoru.

Respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 430-dan çox elmi işin və 5 monoqrafiyanın müəllifidir. Elmi rəhbərliyi ilə 25 doktorluq dissertasiya işi müdafiə edilib.

16 fevral 2019-cu ildə vəfat edib. Vəfatından sonra Çanakkale Onsekiz Mart Universiteti rəhbərliyinin qərarı ilə adı əbədiləşdirilib - Fen-Ədəbiyyat Fakültəsinin Fizika Bölümündə yerləşən Seminar zalına professor İsrafil Hüseyin adı verilib.

 

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət