KAZİMZADƏ AYDİN HƏSƏN OĞLU

KAZİMZADƏ AYDİN HƏSƏN OĞLU

KAZİMZADƏ AYDİN HƏSƏN OĞLU

Aydın Kazımzadə 08 avqust 1950-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə 1 nömrəli Ordubad şəhər orta məktəbini qızıl medalla bitirmiş və elə həmin ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuşdur. 1972-ci ildə universiteti fizik, fizika müəllimi ixtisası üzrə bitirərək həmin ildə BDU-nun Yarımkeçiricilər fizikası kafedrasının nəzdində “Yarımkeçiricilər və dielektriklər fizikası” ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1975-ci ildə “İnSe və GaSe monokristallarında tarazlıqda olmayan elektron prosesləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək “Yarımkeçiricilər və dielektriklər fizikası” ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi (fəlsəfə doktoru), 1987-ci ildə "A3B6-tipli layvari birləşmələrin elektron xassələri və onlar əsasında heterokontaktlar" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək “Yarımkeçiricilər və dielektriklər fizikası” ixtisası üzrə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələri, 1988-ci ildə professor elmi adı almışdır. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir. 

Aydın Kazımzadə 1973-cü ildən BDU-nun Yarımkeçiricilər fizikası kafedrasında çalışaraq elmi və pedaqoji fəaliyyətlə məşğul olub. 1976-1979-cu illərdə assistent, 1979-1986-cı illərdə baş müəllim, 1986-1988-ci illərdə dosent, 1988-ci ildən professor vəzifələrində çalışıb. 1996-2015-ci illərdə həmin kafedranın müdiri,  2011-2020-ci illərdə BDU-nun Elm və innovasiyalar üzrə prorektoru vəzifələrində çalışmışdır. 2020-ci ilin yanvar ayından rektorun elm və təhsil üzrə müşaviri vəzifəsində çalışır.

Elmi fəaliyyəti mürəkkəb yarımkeçiricilərdə və yarımkeçirici diod quruluşlarında elektron proseslərinin tədqiqi ilə əlaqədardır. Mendeleyev cədvəlinin 3-cü və 6-cı qrup elementləri əsasında alınmıış binar və üçqat laylı kristallarda ilk dəfə olaraq bir sıra fiziki hadisələr müşahidə etmiş, bu kristallar əsasında hazırlanmış heterokeçidlərdə, Şottki diodlarında və yarımkeçirici-maye kristal sərhəddində elektron proseslərinin xüsusiyyətlərini öyrənmişdir. O, kristallik maddələrdə anomal fotokeçiricilik və elektrik sahəsi ilə induksiyalanmış aşqar fotokeçiriciliyi hadisələrini müşahidə edib, yarımkeçiricilərdə Oje rekombinasiyanın yeni mexanizmini təklif edib. Laylı quruluşa malik olan kristallarda keçiriciliyin anomal böyük anizotropluğunun səbəbini aydınlaşdırıb və yüksək optik həyəcanlaşma halında Anderson keçidinin yeni növünü müşahidə edib. Müstəvi və həcmi qəfəslərdə Mott keçidinin kriteriyalarını müəyyən edib. Sendviç fotorezistorlarda fotokeçiriciliyin gücləndirilməsi üçün yeni mexanizm təklif edib.

Aydın Kazımzadə uzun illər ərzində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcələri verən dissertasiya şuralarının üzvü və sədri olmuş, çoxsaylı dissertasiya işlərinə opponentlik etmişdir. Hazırda BDU-nun Elmi Şurasının və “Bakı Universitetinin Xəbərləri” jurnalının Redaksiya Heyətinin üzvüdür. BDU-nun nəzdində fəaliyyət göstərən ED 2.19 dissertasiya şurasının sədr müavinidir.

Yerli və beynəlxalq informasiya agentlikləri tərəfindən indeksləşdirilən bir sıra nüfuzlu xarici elmi nəşrlərdə dərc edilmiş 350-dən çox elmi əsərin, o cümlədən bir neçə kitab, dərs vəsaiti və publisistik məqalənin müəllifidir. Azərbaycan, Almaniya, İngiltərə, Rusiya, Ukrayna, Belorusiya, Fransa, Türkiyə, İran İslam Respublikası və digər ölkələrdə keçirilən bir sıra beynəlxalq elmi konfrans və simpoziumlarda iştirak etmiş və məruzələrlə çıxış etmişdir. Rəhbərliyi altında 2 elmlər doktoru, 9 fəlsəfə doktoru və 40-dan çox magistr hazırlanmışdır.

Aydın Kazımzadənin elmi, pedaqoji və ictimai fəaliyyəti dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. 1976-cı ildə elm və texnika sahəsində Respublika Lenin Komsomolu mükafatına, 2009-cu ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. 2019-cu ildə “Şöhrət” ordeni və “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının Yubiley medalı ilə təltif olunmuşdur.

Aydın Kazımzadə universitet və respublika masştabında aparılan ictimai işlərdə fəal iştirak edir. Təhsil Nazirliyinin “Fasiləsiz pedaqoji təhsil üzrə Koordinasiya Şurası”nın sədr müavini, ali təhsildə təbiət elmləri üzrə yeni dövlət təhsil standartlarının hazırlanması üzrə yaradılan işçi qrupun sədru olmuşdur. Dəfələrlə ali məktəb tələbələri arasında aparılan olimpiadaların, müsabiqə və konfransların sədri və üzvü vəzifələrində çalışmışdır.

2002-2011-ci illərdə Dünya Bankı tərəfindən həyata keçirilən “Müəllim hazırlığı/Pedaqoji təhsil”, “Müəllimlərin peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi”, Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyası”, “Təhsilin əsasları fənni üzrə kurikulum hazırlanması”, “Əlavə təhsil sisteminin müasirləşdirilməsi” təhsil islahatları layihələri üzrə milli məsləhətçi kimi fəaliyyət göstərmişdir.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət