MƏSİMOV ELDAR ƏLİ OĞLU

MƏSİMOV ELDAR ƏLİ OĞLU

MƏSİMOV ELDAR ƏLİ OĞLU

17 dekabr 1941-ci ildə Şəmkir rayonunun Çinarlı kəndində anadan olub. 1957-ci ildə Çinarlı Beynəlmiləl orta məktəbini qızıl medalla bitirib. 1957-ci ildə BDU-nun Fizika fakültəsinə daxil olub və 1960-cı ildə təhsilini Xarkov Dövlət Universitetinin Fizika fakültəsində davam etdirərək 1963-cü ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1963-1966-cı illərdə AMEA-nın Fizika İnstitutunda aspiranturaya qəbul olub və Xarkov Fizika-Texniki İnstitutuna ezam edilib. 1969-cu ildə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi alıb. İtaliyada Roma Universitetində uzun müddətli ezamiyyətdə olub və başladığı elmi işləri yekunlaşdıraraq 1984-cü ildə Moskva Dövlət Universitetində biofizika ixtisası üzrə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi alıb. 1987-ci ildə professor elmi adını alıb.

Pedaqoji fəaliyyətə 1970-ci ildə BDU-nun Fizika fakültəsinin Maddə quruluşu kafedrasında assistent kimi başlayıb və həmin kafedrada 1972-1974-cü illərdə baş müəllim, 1974-1985-ci illərdə dosent, 1987-1992-ci illərdə isə professor vəzifəsində çalışıb. 1992-ci ildən hal-hazira kimi həmin kafedranın müdiri vəzifəsində işləyir. 1987-1989-cu illərdə BDU-dan ayrılmadan Azərbaycan Respublikası Təhsil Nazirliyində Elm İdarəsinin rəisi, Baş Elm və Təhsil İdarəsinin rəis müavini vəzifələrində, 1989-1992-ci illərdə isə BDU-da tədris işləri üzrə prorektor, elmi işlər üzrə prorektor və rektor əvəzi vəzifələrində çalışib. 1990-1995-ci illərdə XI çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı olub. 1988-2003-cü illərdə “Molekulyar fizika, istilik fizikası və polimerlər fizikası” ixtisasları üzrə ixtisaslaşdırılmış Dissertasiya şurasının sədri olub. Bununla yanaşı Azərbaycan Respublikası Təhsili Nazirliyinin “Biofizika, biokimya və biotexnologiya” Elmi Metodik Şurasının sədri, Azərbaycan Alimlərinin Sosial Müdafiə fondunun prezidenti vəzifələrində işləyib. Hal-hazırda Fizika fakültəsinin Elmi Şurasının üzvü, BDU-nun Biologiya fakültəsinin nəzdində fəaliyyət göstərən FD 2.31 Dissertasiya şurasının üzvü və bu Şuranın 2406.01-“Biofizika” ixtisası üzrə Elmi seminarının sədridir. Elmi tədqiqat istiqaməti Bioloji sistemlərdə struktur və qarşılıqlı təsirlər problemləridir. 600-ə qədər elmi əsərin, o cümlədən 6-sı monoqrafiya olmaqla 31 dərslik və dərs vəsaitinin, 2 patentin müəllifidir. Eldar Məsimovun rəhbərliyi ilə dissertasiya müdafiə edərək 22 nəfər fizika-riyaziyyat elmləri namizədi, 4 nəfər isə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi alıb.

1997-ci ildə Rusiya Pyotr Elm və İncəsənət Akademiyasının müxbir üzvü, 2002-ci ildə isə həqiqi üzvü və Akademiyanın Azərbaycan Filialının rəhbəri seçilib. 2003-cü ildə "Atom fizikası" dərsliyinə görə Azərbaycan Təhsil Cəmiyyətinin “Təhsil sahələri üzrə nailiyyətlərə görə” təsis etdiyi mükafata layiq görülüb. 2011-ci ildə Rusiyanın Təbiət Elmləri Akademiyasının Təltif və Mükafatlar Komissiyası ona “Bioloji strukturların təşkili prinsipləri” еlmi məktəbinin yaradıcısı adını verib və V.İ.Vernadskiy adına medalı və A.Nobel adına medalı ilə təltif edib. “Əməkdar elm və təhsil xadimi” fəxri adına layiq görülüb və adı “Rusiyanın Elmi məktəbləri” ensiklopediyasına daxil edilib. 2011-ci ildə Rusiya Təbiətşünaslıq Akademiyasının müxbir üzvü, 2012-ci ildə həqiqi üzvü, 2012-ci ildə Avropa Təbiətşünaslıq Akademiyasının həqiqi üzvü seçilib. 2012-ci ildə Avropa elmi-sənaye palatası tərəfindən Keyfiyyət Diplomu (DİPLOMA Dİ MERİTO) və Avropa qızıl medalı, 2014-cü ildə Avropa elmi-sənaye konsorsiumunun qərarı ilə fizika-riyaziyyat elmləri sahəsindəki xidmətlərinə görə Vilhelm Leybnis medalı, 2015-ci ildə 9 müxtəlif mötəbər beynəlxalq təşkilatlardan ibarət “Avropa Elmi-Sənaye Konsorsiumun” qərarı ilə “Avropa keyfiyyətli” qızıl medalı, 2015-ildə Rusiya Təbiətşünaslıq Akademiyasının Rəyasət heyətinin və “Avropa Elmi-Sənaye Konsorsiumunun” təltif komissiyasının qərarına əsasən “Böyük Pyotr” (“Небываемое бывает”) ordeni ilə təltif olunub. 2016-cı ildə tərcümeyi-halı və elmi fəaliyyətinin qısa məzmunu RAE tərəfindən yenidən hazırlanmış «Известные ученые» (Tanınmış alimlər) ensiklopediyasının XIII cildinə daxil edilib (XIII tom, səh.172-174). 2020-ci ildə "PRIMUS INTER PARES - ПЕРВЫЙ ИЗ РАВНЫХ" ORDENİ (Rusiya Təbiət Elmləri Akademiyası) ilə təltif olunub, 2020-ci ildə "Вода" (2018) və "Растворы" (2011) monoqrafiyaları Rusiyanın Təbiət Elmləri Akademiyası tərəfindən seçilərək əvvəl Moskva şəhərində Beynəxalq Kitab Sərgisində nümayiş etdirilib və hər iki kitab qızıl medala layiq görülüb. Həmin kitablar daha sonra Almaniyanın Frankfurt şəhərində Beynəxalq kitab sərgisində Rusiyanın Təbiət Elmləri Akademiyasının stendində nümayiş etdiriliblər və hər iki kitab yenə də "Qızıl medal"la mükafatlandırılıb. 2019-cu ildə BDU-nun 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət