15 yanvar 1942-ci ildə Siyəzən rayonunun Sədan kəndində anadan olub. 1964-cü ildə BDU-nun Fizika fakültəsini bitirib və həmin ildən nəzəri fizika ixtisası üzrə aspiranturaya daxil olub. Rəsul Muradov 1967-ci ildən Nəzəri fizika kafedrasında müəllim, dosent və professor vəzifəsində çalışıb. Dissertasiya işini müdafiə edərək 1969-cu ildə fizika-riyaziyyat elmləri namizədi, 1992-ci ildə isə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini alıb. 1989-1994-cü illərdə BDU-nun Fizika fakültəsinin dekan müavini, 1994-2004-cü illərdə isə Fizika fakültəsinin dekanı işləyib. 2004-cü ildə Nəzəri fizika kafedrasının müdiri vəzifəsinə seçilib. 2004-2006-cı illərdə BDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, 2006-cı ildən ömrünün sonunadək BDU-nun axşam və əlavə təhsil üzrə prorektoru vəzifələrində çalışıb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin fizika üzrə Elmi-metodiki Şurasının və Prezident Aparatı yanında AAK-ın fizika üzrə ixtisaslaşdırılmış Elmi Şurasının sədri vəzifəsində çalışıb. YUNESKO-nun 1998-ci ildə Parisdə keçirilmiş “Ali Təhsil XXI əsrdə” konqresində respublikamızı layiqincə təmsil edib. 1972-1976-cı illərdə Əlcəzairdə işləyib. Onun rəhbərliyi ilə 1 nəfər elmlər namizədi hazırlanıb. “Tərəqqi” medalı ilə təltif olunub. Rəsul Muradov 2006-cı il sentyabrın 26-da vəfat edib.