13 mart 1951-ci ildə anadan olmuşdur. 1967-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuş, 1972-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1973-1976-ci illərdə Sankt-Peterburq şəhərində A.F.İoffe adına Fizika-Texnika İnstitutunun aspiranturasında oxumuşdur. 1977-ci ildə Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasında baş müəllim, 1988-ci ildə isə dosent vəzifəsinə təyin olunmuşdur. 1979-cu ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1993-cu ildən professor elmi adı almışdır. 1982-1983-ci illərdə Böyük Britaniyada olmuş, Mançester Universitetində, Təbiət elmləri və Texnologiya İnstitutunda (UMİST) tədqiqatlar aparmışdır. 1991-cı ildən Ümumi fizika kafedrasında dosent, 1996-cı ildən kafedra müdiridir.
Elmi fəaliyyəti, əsasən, mürəkkəb quruluşlu bərk cisimlərdə elektron və optik hadisələrin tədqiqi ilə əlaqədardır. Rəhbərliyi ilə bir elmlər doktoru və bir elmlər namizədi hazırlanmışdır. Yerli və xarici nəşrlərdə dərc edilmiş 100-dən çox elmi məqalə və 3 dərs vəsaitinin müəllifidir. 2000-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədridir.