24 may 1945-ci ildə Qərbi Azərbaycanın Qarakilsə rayonunun Urud kəndində anadan olub. 1951-1961-ci ildə orta məktəbdə təhsil alıb və orta məktəbi müvəffəqiyyətlə bitirib. 1961-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olub və 1967-ci ildə həmin fakültəni Fizik, Fizika müəllimi ixtisasları üzrə bitirib. 1976-cı ildə Bakı Dövlət Universitetində “InS - monokristalının alınması və bəzi fiziki xassələri” mövzusunda dissertasiya müdafiə edərək, Yarımkeçiricilər fizikası ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. 1979-cu ildə dosent elmi adını alıb. 1987-ci ildə Moskva, SSRİ Elmlər Akademiyasının Radioelektronika İnstitutunda “ - tipli yeni üçqat yarımkeçirici birləşmələri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, Yarımkeçiricilər fizikası ixtisası üzrə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi alıb. 1989-cu ildə professor elmi adlarini alıb.
Nadir Qəhrəmanov 1967-1968-ci ildə həqiqi hərbi xidmətdə olub. İlk əmək fəaliyyətinə 1968-ci ildə Bakı Dövlət Universitetinin Ümumi fizika kafedrasında laborant vəzifəsi ilə başlayıb və həmin kafedrada 1968-1970-ci illərdə laborant, 1970-1971-ci illərdə baş laborant, 1972-1979-cu illərdə müəllim, 1979-1989-cu illərdə dosent, 1989-2000-ci illərdə professor vəzifələrində çalışıb. 1995-1996-ci llərdə Ümumi fizika kafedrasının müdiri işləyib. 2000-2013-cü illərdə Sumqayıt Dövlət Universitetinin rektoru olub. 2014-cü ildən hal hazıra kimi Bakı Dövlət Universitetinin Ümumi fizika kafedrasında professor vəzifəsində çalışır.
Nadir Qəhrəmanov Mendeleyev cədvəlinin I, III və VI qrup elementləri əsasında yeni üçqat yarımkeçirici birləşmələrin alınmasl, sintezi, qidalandırıcı xəlitələrin və monokristalların yetişdirilmə üsulları və onların fundamental fiziki xassələrinin tədqiqi ilə məşğuldur. O, ilk dəfə olaraq mürəkkəb yarımkeçiricilər sinfinə mənsub olan 149 yeni üçqat yarımkeçirici birləşmələrin olduğunu sübut edib, bu birləşmələrin xeyli hissəsini təcrübi olaraq alıb və onların fundamental fiziki xassələrini tədqiq edib. Onun tədqiqat işləri qeyri-adi fiziki xassələrə malik olan yeni yarımkeçirici maddələrin axtarışı, kristallaşma zamanı güclü seqreqasiyaya malik olan binar bərk məhlulların təkmili, bircins monokristallarının alınması və onların fundamental xassələrinin öyrənilməsi sahələrini əhatə edir. Fəaliyyət sahəsi həmçinin təbii polimer olan sellülozanın ekoloji təmiz texnologiyaya əsasən aktivləşdirilməsi və onun sənayedə istifadə olunmasına aid fundamental tədqiqat işlərini əhatə edir. Nadir Qəhrəmanov Respublikanın və xarici ölkələrin nüfuzlu elmi jurnallarda dərc edilmiş 370-dən artıq elmi əsərin, 67 patent və ixtiranın, həmçinin 10 monoqrafiyanın, 16 dərslik və dərs vəsaitinin müəllifidir. Onun rəhbərliyi ilə 11 nəfər namizədlik dissertasiyasını müdafiə edib. O, uzun illər Sumqayıt Dövlət Universitetinin “Elmi Xəbərlər” jurnalının baş redaktoru olub və 11 Beynəlxalq elmi konfransa sədrlik edib.
Nadir Qəhrəmanov Respublikanın ictimai-siyasi həyatında fəal iştirak edir. O, Qərbi Azərbaycan Cəmiyyətinin Qarakilsə rayonunun icma sədridir. Nadir Qəhrəmanovun elmi, pedaqoji və ictimai fəaliyyəti dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. O, müxtəlif illərdə AHİK-in yubiley medalı, döş nişanı, “Qızıl qələm” laureatı, “GOLD” medalı (ABŞ), həmçinin bir sıra xarici və ölkə təşkilatlarının çoxlu sayda Fəxri fərmanları ilə təltif olunub. Nadir Qəhrəmanov 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Təhsildə Xüsusi Xidmətlərinə görə Şöhrət ordeni ilə təltif edilib.