28 dekabr 1926-cı ildə anadan olmuşdur. 1943-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olmuş, lakin fizikaya hədsiz marağı olduğuna görə burada təhsilini yarımçıq qoymuş, 1947-1952-ci illərdə Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində ali təhsil almışdır. 1952-ci ildə həmin universitetin aspiranturasına qəbul olunan Nəriman Quliyev 1953-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə köçürülmüş və 1955-ci ildə burada fizika ixtisası üzrə aspiranturanı bitirmişdir. Əmək fəaliyyətinə 1956-cı ildə Bakı Dövlət Universitetində başlayaraq Nəzəri fizika kafedrasında assistent və baş müəllim vəzifələrində çalışmışdır. 1959-cu ildən etibarən o, bütün sonrakı taleyini Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlamışdır. 1959-1981-ci illərdə Fizika İnstitutunda direktorun elmi işlər üzrə müavini işləmiş, 1981-2001-ci illərdə AMEA-nın vitse-prezidenti, 2001-2007-ci illərdə isə birinci vitse-prezidenti, 2007-ci ildən AMEA prezidentinin müşaviri olmuşdur. 1957-ci ildə Moskva şəhərində namizədlik və 1975-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1976-cı ildə AMEA-nın müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilmişdir.
Ömrünün altmış ilə yaxın bir dövrü ərzində akademik Nəriman Quliyev öz səmərəli yaradıcılığı ilə Azərbaycanda fizika elminin inkişafına töhfələr vermişdir. Onun nəzəri fizikanın aktual problemləri ilə əlaqəli geniş spektrli axtarışları həmin istiqamətdə gələcək dərin tədqiqatların bünövrəsini təşkil etmişdir. Azərbaycanda nüvə fizikasının inkişafının mühüm mərhələsi onun adı ilə bağlıdır. 1992-2003-cü illərdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda Azərbaycan hökumətinin səlahiyyətli nümayəndəsi olmuşdur.
Yüksək ixtisaslı kadrların hazırlanmasına böyük qüvvə sərf edən Nəriman Quliyev gənc fiziklər nəslinin formalaşmasında bilik və bacarığını əsirgəməmişdir. Alimin çoxillik zəhmətinin məhsulu olan silsilə araşdırmalarının nəticələri ölkəmizdə və onun hüdudlarından kənarda çap edilmiş 100-dən artıq sanballı elmi əsərdə əksini tapmışdır. O, mötəbər beynəlxalq forumlarda Azərbaycan elmini layiqincə təmsil etmişdir.
Akademik Nəriman Quliyev bir sıra mükafatlara layiq görülmüş, “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilmişdir.