RAMAZANOV MƏHƏMMƏDƏLİ ƏHMƏD OĞLU

RAMAZANOV MƏHƏMMƏDƏLİ ƏHMƏD OĞLU

RAMAZANOV MƏHƏMMƏDƏLİ ƏHMƏD OĞLU

31 oktyabr 1958-ci ildə Qərbi Azərbaycanın Hamamlı rayonunun Qursalı kəndində anadan olub. 1965-1975-ci illərdə Qursalı kənd orta məktəbində təhsil alıb. 1975-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub və 1980-ci ildə həmin fakültəni fizik, fizika müəllimi ixtisasları üzrə bitirib. 1983-cü ildə AMEA-nın Fizika İnstitutunda aspiranturaya daxil olub və 1989-cu ildə “Yarımkeçiricilər və dielektriklər fizikası” ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edib. 2009-cu ildə isə “Bərk cisim fizikası” və “Kimyəvi fizika” ixtisasları üzrə doktorluq dissertasiyasını müdafiə edib. 2012-ci ildə “Kimyəvi fizika” ixtisası üzrə professor elmi adı alıb.

1981-1982-ci illərdə Azərelektroişıq İB-də mühəndis-texnoloq, 1982-1986-cı illərdə AMEA-nın Fizika İnstitutunun nəzdindəki "Registr" Xüsusi konstruktor bürosunda "Kompozit quruluşlar" laboratoriyasında mühəndis, böyük mühəndis vəzifələrində çalışıb. 1986-1992-ci illərdə isə həmin laboratoriyanın müdiri vəzifəsinə işləyib. 1993-2004-cü illərdə AMEA-nın Fizika İnstitutunda böyük elmi işçi, aparıcı elmi işçi, 2004-2005-ci illərdə isə Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun AMAKA İnzibati İdarə Heyətində direktorun birinci müavini vəzifələrində çalışıb. Məhəmmədəli Ramazanov 2005-ci ildən ömrünün sonunadək əmək fəaliyyətini Bakı Dövlət Universitetində davam etdirib. 2005-2006-cı illərdə BDU-nun Fizika Problemləri ETİ-də direktor müavini, 2006-2018-ci illərdə Fizika fakültəsinin “Nanomaterialların kimyəvi fizikası” kafedrasının müdiri, 2012-2020-ci illərdə isə Fizika fakültəsinin dekanı vəzifəsində çalışıb.

Elmi fəaliyyəti, əsasən, kompozit materiallar fizikası, tibbi fizika, nanotexnologiya ilə əlaqədar olub. Yerli və xarici jurnallarda dərc edilmiş 315 elmi məqalənin (bunlardan 159 məqalə Tomson Reyter Agentliyinin siyahısına daxil olan jurnallarda), 1 monoqrafiyanın, 1 dərsliyin, 2 dərs vəsaitinin və 2 populyar kitabın müəllifidir. Elmi rəhbərliyi ilə 7 nəfər fəlsəfə doktoru dissertasiyasını müdafiə edib.

Fizika fakültəsinin Elmi Şurasının sədri, Fizika Problemləri İnstitutu və Müdafiə Sənayesi Nazirliyinin Elmi-Texniki Şuralarının üzvü, BDU-nun nəzdində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasının sədr müavini, “Bakı Universitetinin Xəbərləri” jurnalının Fizika-riyaziyyat seriyasının redaktoru olub. 2009-cu ildə BDU-nun 90 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Fəxri fərman"ı, 2019-cu ildə "Tərəqqi" medalı və "BDU-nun 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Məhəmmədəli Ramazanov 25 noyabr 2020-ci ildə vəfat edib.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət