31 mart 1957-ci ildə Neftçala şəhərində anadan olub. 1963-1973-ci illərdə Neftçala şəhər orta məktəbində təhsil alıb. 1972-1973-cü illərdə Moskva Fizika-Texniki İnstitutun nəzdindəki qiyabi fizika - riyaziyyat orta məktəbində oxuyub. 1973-cü ildə BDU-nun Fizika fakültəsinə daxil olub, 1978-ci ildə BDU-nu fizik, fizika müəllimi ixtisasları üzrə bitirib. 1976-cı ildə “Tələbə və elmi – texniki tərəqqi” Ümumittifaq olimpiadasının qalibi olub. 1978-1980-ci illərdə Neftçala şəhər məktəbində fizika müəllimi işləyib. 1980-1983-cü illərdə BDU-nun Yarımkeçiricilər fizikası ETL-nin aspirantı olub. 1986-cı ildə dissertasiya müdafiə edərək "Yarımkeçiricilər və dielektriklər fizikası" ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb. 1994-cü ildə baş elmi işçi elmi adını alıb. 2000-ci ildə dissertasiya müdafiə edərək "Bərk cisimlər fizikası" ixtisası üzrə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini alıb.
1984-1985-ci illərdə BDU-nun Yarımkeçiricilər fizikası ETL - də mühəndis, 1985-1988-ci illərdə kiçik elmi işçi, 1988-1989-cu illərdə elmi işçi, 1989-1992-ci illərdə böyük elmi işçi, 1992-2005-ci illərdə aparıcı elmi işçi vəzifələrində çalışıb. 2005-ci ildən BDU-nun Fizika Problemləri ETİ-nin Kondensə olunmuş hal fizikası şöbəsinin müdiri vəzifəsində çalışır. Maye kristallar, yarımkeçiricilərdə qeyri-xətti optik effektlər, nanokristalların fizikası, məsaməli silisiumun alınma texnologiyası və lyuminessensiya xassələrinin tədqiqi sahələrində elmi tədqiqatlar aparır. Respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 80-dən çox elmi işin müəllifidir. 1992-ci ildə elmi araşdırmalarına görə Soros qrantına layiq görülmüşdür. "BDU-nun 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.