BDU-DA TƏLƏBƏLƏRİN "GƏLƏCƏYİN ALİMLƏRİ" ADLI X ELMİ KONFRANSI
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində tələbələrin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Gələcəyin alimləri” adlı X elmi konfransı keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiya mərkəzinin müdiri, professor Mais Süleymanov tələbələrin elmi fəaliyyətə cəlbinin vacibliyi qeyd edib. Bildirib ki, tədqiqat universitetinə çevrilməkdə olan BDU dünya reytinqində məhz elmi fəaliyyətin artırılmasına və tələbələrin bu proseslərə cəlbinə görə ciddi nəticələr əldə edir: “Elmin müxtəlif sahələrində innovativ yanaşmaların tətbiqində gənclərin iştirakı mütləqdir və buna hər zaman dəstək olmağa hazırıq”.
Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev Ulu Öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafına göstərdiyi qayğıdan, müstəqillik illərində onun rəhbərliyi altında ölkəmizin keçdiyi inkişaf yolundan danışıb. O, Ümummilli Liderin layiqli davamçısı Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha böyük uğurlara imza atdığını, Qarabağın azadlığının gerçəkləşdiyini, azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyini, uzun illər köçkün həyatı yaşayan vətəndaşlarımızın öz yurdlarına qayıdışının uğurla davam etdiyini qeyd edib. Bəxtiyar Paşayev elm və təhsil sahəsində çalışan hər bir vətəndaşın üzərinə daha böyük məsuliyyət düşdüyünı, bunun üçün gənclərin daha çox çalışmalı və öyrənməli olduğunu bildirib.
Optika və molekulyar fizika kafedrasının müdiri, professor Rəna Qasımova 100-ə yaxın tezisin təqdim edildiyi konfransın gənclər tərəfindən maraqla qarşılandığını deyib.
Konfransın plenar iclasında Fizika fakültəsi IV kurs tələbəsi Aytən Mayılova və III kurs tələbəsi Səlimə Xalıqova məruzə ilə çıxış ediblər. Öz işini bölmə iclasları ilə davam etdirən elmi konfransda “Nəzəri fizika və astrofizika” bölməsində 21, “Molekulyar fizika” bölməsində 21, “Bərk cisimlər fizikası” bölməsində 26, “Fizikanın tədrisi metodikası” bölməsində 22 məruzə dinlənilib.