HOLOQRAFİK KVANT XROMODİNAMİKASINDA TENZOR MEZONLARIN QARŞILIQLI TƏSİR SABİTLƏRİ MÖVZUSUNDA ELMİ SEMİNAR
Mexanika-riyaziyyat və Fizika fakültələrinin birgə elmi seminarı keçirilib. Seminarda BDU-nun Fizika Problemləri ETİ-nin Nəzəri Fizika şöbəsinin aparıcı elmi işçisi, f.r.e.n., dos. Şahin Məmmədov “Holoqrafik kvant xromodinamikasında tenzor mezonların qarşılıqlı təsir sabitləri” mövzusunda çıxış edib. Şahin Məmmədov qeyd edib ki, AdS/KXD-nin sərt və yumşaq divar modellərində f2(1270) mezonunun nuklonlarla qarşılıqlı təsir sabiti və bu mezonun iki fotona və bir vektor mezon bir fotona parçalanma sabitləri öyrənilir. 5- ölçülü Anti-de Sitter fəzasında tenzor mezonlar üçün hərəkət tənlikləri metrik tenzorun kiçik həyəcanlaşmaları üçün Eynşteyn təsirinin ifadəsindən alınmaqla və tenzor sahə üçün kinetik Laqranjian qurmaq yolu ilə alınır. Bu tənliklər həll edilərək profil funksiyaları tapılır. Hər iki yolla tapılan həllərin bərabərliyi göstərilir. Laqranj formalizmindəm istifadə edərək 5-ölçülü Anti-de Sitter fəzasında tensor və spinor sahələrin qarçılıqlı təsiri üçün Laqranjian qurulur. 5-ölçülü təsirin ifadəsi 4-ölçülü nuklon cərəyanı ilə 4-ölçülü tenzorun hasili şəklinə gətirilir. AdS/KSN uyğunluğu prinsipindən 5-ölçülü törədici funksionalın ifadəsindən nuklon cərəyanı və nuklon-tenzor mezon qarşılıqlı təsir sabiti tapılır. Tapılan qiymətlər təcrübi qiymətlərə yaxın ədədlərdir. Həmçinin 5-ölçülü vektor sahələrin qarşılıqlı təsiri üçün Laqranjian yazılaraq proseduru təkrarlamaqla tenzor mezonun parçalanma sabitləri üçün ədəi qiymətlər tapılır ki, bunlar da təcrübi qiymətlərlə uzlaşır.
Seminarın sonunda müzakirələr aparılıb və suallar cavablandırılıb.