FİZİKA FAKÜLTƏSİNİN MƏZUNU NƏZƏRİ FİZİKA ÜZRƏ SEMİNAR KEÇİRİB
Fizika fakültəsinin 2025-ci il tədbirlər planına uyğun olaraq 21 aprel 2025-ci il tarixində Mexanika-riyaziyyat fakültəsi ilə birgə elmi seminar keçirilib. Hər iki fakültənin müəllim və tələbələrinin qoşulduğu on-line formatda keçirilən elmi seminarda Türkiyənin Kocaeli Universitetinin professoru, BDU Fizika fakültəsinin məzunu Elşən Vəliyev “Kvark-qlüon plazması faza keçidinə yaxın temperaturlarda hadron parametrlərinin tədqiqi” mövzusunda çıxış edib. Məruzəçi bildirib ki, güclü qarşılıqlı təsirin nəzəriyyəsi olan Kvant Xromodinamikasına (KXD) (Quantum Chromodynamics – QCD) görə, kritik temperatur və barion sıxlığından yüksək olan şəraitdə maddə kvarklara və qlüonlara ayrılaraq kvark-qlüon plazması (KQP) adlanan maddənin yeni bir halını əmələ gətirir. Termal KXD-yə görə, böyük partlayışdan təxminən 10-6 saniyə (bir neçə mikrosaniyə) sonra temperatur bir neçə trilyon dərəcədən aşağı düşənə qədər kainatdakı maddə kvark-qlüon plazma vəziyyətində mövcud idi. Bundan əlavə, KQP neytron ulduzları kimi təbii mühitlərdə tapıla bilər. Neytron ulduzlarının nüvəsində maddə KQP-ləri əmələ gətirmək üçün kifayət qədər yüksək enerjiyə (normal nüvə maddəsindən 10 dəfə çox enerji sıxlığına) malikdir. KQP laboratoriya mühitində hər nuklon üçün bir neçə TeV-lik ağır ion toqquşmalarında da baş verə bilər. Bu toqquşmalarda yaranan temperatur Günəşin mərkəzindəki temperaturdan 100.000 dəfə çox olmaqla 2 trilyon 0C-dir. İsveçrədəki Böyük Hadron Kollayderində və ABŞ-da Brookhaven Milli Laboratoriyasında aparılan təcrübələrdə kvark-qluon plazmasının varlığına dair güclü dəlillər əldə edilib.
Ağır ionların toqquşması nəticəsində əmələ gələn kvark-qlüon plazması birbaşa müşahidə oluna bilməz və sürətlə soyuyaraq hadronlara çevriləcək. Bu hadronlar bir-biri ilə qarşılıqlı əlaqədə olaraq digər zərrəciklərə çevrilir və bir sıra transformasiyalardan sonra əmələ gələn zərrəciklər detektora çatır. Ağır ionların toqquşması təcrübələrini şərh etmək və təcrübə nəticələrini düzgün təhlil etmək üçün maddi mühitdə hadron parametrlərini araşdırmaq lazımdır.
Elşən Vəliyev bildirdi ki, o, Termal KXD Cəm Qaydaları metodundan istifadə etməklə hadron parametrlərinin temperaturdan asılı olaraq mühitdə necə dəyişdiyini araşdırıb. KXD Cəm Qaydalarında araşdırılan əsas fiziki kəmiyyət korrelyasiya funksiyasıdır və bu funksiya Wilson Operatorunun genişlənməsi (Operator Product Expansion – OPE) vasitəsilə kvark parametrləri ilə ifadə olunur. Termal Wilson genişlənməsində isə yeni operatorlar meydana çıxır və bu tədqiqatda həmin yeni operatorlar da nəzərə alınıb. Qeyd olunub ki, Wilson genişlənməsində perturbativ əlaqələr, kvark kondensatları, qlüon kondensatları və kvark və qlüon enerji sıxlığından yaranan əlaqələr mövcuddur. Digər tərəfdən, korrelyator həm də hadron parametrləri ilə ifadə oluna bilər. Alınmış hadron və kvark parametrləri baxımından ifadələr bir-birinə bərabərləşdirilir və Borel çevrilmələrindən sonra KXD Cəm Qaydaları alınır. Bu qaydaların analizi göstərir ki, faza keçidinə yaxın temperaturlarda hadronların kütləsi, parçalanma sabiti və digər parametrləri əhəmiyyətli dərəcədə dəyişir.
Elşən Vəliyev öz təqdimatında J/ψ və Υ (bottom-bottom) zərrəciklərinin analizini təqdim edib, eyni zamanda skalyar və tenzor zərrəcikləri üçün də oxşar hesablamalar apardıqlarını bildirib. Temperaturdan asılı olaraq hadron parametrlərinin dəyişməsi maddənin faza diaqramını, yəni, normal hadron halından KQP-yə keçidi, hələ də tam anlaşılmayan KXD-də kvarkların “həbsini” (confinement), KXD vakuumunun strukturunu və bu kimi hadisələri başa düşməkdə mühüm rol oynayır.
Seminarın sonunda BDU Elmi fəaliyyətin təşkili və innovasiya mərkəzinin müdiri Mais Süleymanov, Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev, Maddə quruluşu kafedrasının müdiri Sacidə Əbdülvahabova, Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəbli və digər iştirakçılar təqdim olunan məruzə barədə fikirlərini bildirib. Elşən Vəliyev seminar iştirakçılarının suallarını cavablandırıb.