9 Noyabr - Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür. Xalqımızın azadlıq mücadiləsinin, milli kimliyinin və özünütəsdiqinin rəmzi olan ay-ulduzlu, üçrəngli bayrağımız milli qürurumuz, güvənc yerimizdir. Vətənimizin azadlığı uğrunda şəhid olan minlərlə soydaşımızın qanına boyanan, tarixin keşməkeşli yollarından keçib gələn bayrağımız bütün dünya azərbaycanlıları üçün müqəddəsdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, hər il ölkəmizdə 9 noyabr Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Milli varlığımızın rəmzi olan bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilib. Üçrəngli bayrağımızın ikinci dəfə müstəqilliyimizin atributu kimi yüksəlməsi isə Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada üçrəngli, ay-ulduzlu bayrağımız Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edildi. Bu, olduqca cəsarətli və uzaqgörən bir addım idi, eyni zamanda müstəqilliyimizə gedən yolda ciddi dönüş nöqtəsi idi. Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı.
Nəticədə 1991-ci il fevralın 5-də bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən ikinci dəfə dövlət rəmzi kimi təsdiq edildi.
1991-ci il oktyabrın 18-də dövlət müstəqiliyimizi bərpa etdikdən sonra “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzləri, o cümlədən üçrəngli bayrağımız da bərpa edildi. “Türkləşmək, müasirləşmək, islamlaşmaq” ideyasını rənglərində əbədiləşdirən bayrağımız müasir Azərbaycanın tarixi dövlətçilik ənənələrinə sadiqliyini bir daha nümayiş etdirir, bu ənənələri inamla yaşadır.
Azərbaycan Respublikasının dövlət bayrağından istifadə Azərbaycan Respublikası Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və Əsasnamə ilə təsdiq edilib.
Bütün tarixi, əlamətdar günlərdə, dövlət başçılarının rəsmi səfərlərində, beynəlxalq tədbirlərdə, idman yarışlarında, olimpiadalarda Azərbaycanın adını yüksəldiyi ucalıqlardan dünyaya çatdıran da varlığımızı təsdiqləyən bayrağımızdır. Azərbaycan bayrağı bütün dövlət təşkilatlarının, respublikamızdan kənarda diplomatik korpuslarımızın, nümayəndəliklərimizin binaları üzərində müstəqilliyimizin rəmzi kimi dalğalanır. Beynəlxalq tədbirlərdə dünya dövlətlərinin bayraqları arasında Azərbaycanın simvolu kimi dayanır.
İki il öncə müzəffər Azərbaycan Ordusu otuz ilə yaxın düşmən işğalında qalan əzəli torpaqlarımızı xilas etdi. O günlərdə bütün Azərbaycan xalqını ən çox qürurlandıran anlardan biri də döyüşçülərimizin Ermənistan silahlı qüvvələrini məğlubiyyətə uğradaraq, azad etdikləri hər bir şəhərdə dövlət bayrağımızı ucaltmalarını və bu barədə Ali Baş Komandan İlham Əliyevə məlumat vermələrini əks etdirən videogörüntülər idi. Ermənistan öz layiqli cavabını döyüş meydanında aldı. Düşmənin silahlı qüvvələri qəhrəman Azərbaycan ordusu tərəfindən darmadağın edildi.
İkinci Qarabağ müharibəsində bütün Azərbaycan xalqı öz Prezidentinin, ordusunun yanında bir yumruq kimi birləşərək Vətən üçün can verməyə hazır, qan tökməyə qadir olduğunu bir daha göstərdi.
Dostlarımızı sevindirən, düşmənimizi xar edən üçrəngli bayrağımız dövlətimizin əzəmətini və gücünü bütün dünyaya təsdiqləyir. Doğma Qarabağımızda, Şərqi Zəngəzurumuzda qürurla dalğalanır – bu torpaqların əbədi sahibinin kim olduğunu bir daha bəyan edir!
Dövlətimizin, xalqımızın gücünə güc qatan bayrağımız daim zirvələrdə dalğalansın!