Fizika fakültəsində I kurslarla görüş keçirilib

30 sentyabr 2026-cı il tarixində Fizika fakültəsinin I kursuna daxil olmuş tələbələrlə fakültə rəhbərliyinin və professor-müəllim heyətinin görüşü keçirilib. Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev I kursa daxil olmuş tələbələri təbrik edərək Bakı Dövlət Universiteti və Fizika fakültəsi barədə, fakültə tərəfindən elm və təhsildə qazanılmış uğurlar barədə danışıb. O, 6 il əvvəl xalqımızın dəmir yumruq kimi birləşərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazandığı möhtəşəm Zəfər, torpaqlarımızın azad olunması bardə danışaraq tələbələrə milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmağı, vətənpərvər olmağı, keyfiyyətli mütəxəssis kimi yetişə bilmək üçün dərslərdə fəal olmağı tövsiyə edib. Sonra Fizika fakültəsi haqqında video-çarx nümayiş olunub. Fizika fakültəsinin tədris işləri üzrə dekan müavini Vüsal Məmmədov fakültədə tədrisin xüsusiyyətləri, tələbələrin riayət etməli olduğu normalar, daxili nizam-intizam qaydaları, tələbələr üçün yaradılmış imkanlar barədə məlumat verib. Yarımkeçiricilər fizikası kafedrasının müdiri Vaqif Salmanov, Maddə quruluşu kafedrasının müdiri Sacidə Əbdülvahabova, BDU Fizika problemləri ETİ-nin direktoru Mais Süleymanov, BDU Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin direktor müavini, Nanoaraşdırmalar ETL-in müdiri Mustafa Muradov, Biotibbi tədqiqatlar şöbəsinin müdiri Vüqar Yaqublu çıxış edərək tələbələrə mükəmməl bir mütəxəssis kimi yetişmək üçün tövsiyələrini çatdırıblar, elmi-tədqiqatla məşğul olmağa dəvət ediblər. Sonra Bakı Dövlət Univesitetinin Psixoloji Yardım Sektorunun əməkdaşı İlkanə Məsimova tələbə həyatına uyğunlaşmaqda sektorun psixoloqlarının hər bir yardım göstərmək imkanında olduğunu bildirib. Fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Məhəmməd Məhərrəmov tələbə həyatı, tələbə təşkilatları barədə danışıb, tələbələri fakültənin ictimai həyatında fəal olmağa çağırıb. Tədbirin sonunda sözləri Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayevə aid olan “Yaxşı ki varsan, Universitetim” mahnısı səsləndirilib.