Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin elmi seminarı keçirilib

Fizika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin 5 Oktyabr Müəllimlər Gününə həsr olunmuş elmi seminarı keçirilib. Seminarda əvvəlcə III kurs FzM278-ci qrup tələbəsi Səkinə Əhmədova “Yarımşəffaf fotovoltaik strukturların optik mühəndisliyi” mövzusunda çıxış edib. Məruzəçi qeyd edib ki, yarımşəffaf perovskit fotovoltaiklər görünən işığı keçirərək eyni zamanda günəş enerjisini elektrik enerjisinə çevirən müasir texnologiyadır. Bu sistemlər xüsusilə binaların şüşə fasadlarında tətbiq olunaraq passiv şüşə səthlərini enerji istehsal edən aktiv elementlərə çevirə bilər. Texnologiyanın əsas prinsipi görünən işığı keçirmək, ultrabənövşəyi və infraqırmızı şüaları isə udmaqdır. Perovskitlərin yüksək işıqudma qabiliyyəti onların çox nazik təbəqələr şəklində hazırlanmasına imkan verir. Lakin rütubət, oksigen, istilik və işığın təsiri ilə materialın deqradasiyası əsas problemlərdəndir. Buna görə də gələcək araşdırmaların əsas məqsədi bu elementləri daha dayanıqlı, təhlükəsiz, uzunömürlü və səmərəli etməkdir.
Sonra III kurs FzMing05-ci qrupun tələbəsi Səbinə Vəlizadə “Qravitasiya dalğaları: kainatın səsini dinləyək” mövzusunda məruzəsini təqdim edib. O. bildirib ki, qravitasiya dalğaları məkan-zamanda yaranan və kosmosda yayılan dalğalanmalardır. Eynşteynin Ümumi Nisbilik Nəzəriyyəsinə görə, kütlə və enerji məkan-zamanı əyir və güclü kosmik hadisələr zamanı bu əyrilikdə yaranan dəyişikliklər dalğa şəklində yayıla bilər. Bu dalğalar əsasən qara dəliklərin və neytron ulduzlarının birləşməsi kimi hadisələr nəticəsində yaranır. Qravitasiya dalğalarını aşkar etmək üçün LIGO detektorlarından istifadə olunur. LIGO 2015-ci ildə ilk birbaşa qravitasiya dalğası siqnalını qeydə aldı. Siqnallar çox zəif olduğuna görə onların səs-küydən ayrılmasında süni intellekt və maşın öyrənməsi də istifadə olunur. Gələcəkdə LISA kimi kosmik detektorlar daha aşağı tezlikli qravitasiya dalğalarını aşkar etməyə imkan verə bilər. Beləliklə, qravitasiya dalğaları Kainatdakı güclü hadisələri öyrənməyin yeni üsuludur.
Hər iki məruzəçinin çıxışı maraqla qarşılandı sonda onlar iştirakçıların suallarını cavablandırdılar.