AMEA Fizika İnstitunda elmi seminar
BDU Fizika fakültəsi Nəzəri fizika kafedrasının 2212.01 – «Nəzəri fizika» ixtisası üzrə dissertantı Səriyyə Məmmədəli qızı Aslanova AMEA-nın Fizika İnstitutunda 04.04.2022 tarixində elmi seminarda “Kleyn-Fok-Qordon, Dirak və Daffin-Kemmer-Petiau tənliklərinin bəzi sferik simmetrik potensiallar üçün adi və supersimmetrik kvant mexanikasında analitik həlləri” mövzusunda çıxış etmişdir. Məruzəçi qeyd etdi ki, tədqiqat işində Kleyn-Fok-Qordon, Dirak, Daffin-Kemmer-Petiau tənlikləri Hülten və Yukava, Manninq-Rosen və Yukava sinif potensiallarının xətti cəmi və orbital kvant ədədinin ixtiyari qiymətləri üçün mərkəzdənqaçma potensialına yeni yaxınlaşma tətbiq etməklə adi kvant mexanikasında Nikiforov-Uvarov metodu vasitəsilə və supersimmetrik kvant mexanikasında forma invariantlığı metodunu tətbiq etməklə analitik şəkildə həll edilib. Dirak tənliyi Hülten və Yukava sinif potensiallarının kombinasiyasından ibarət mürəkkəb potensiallı sahədə hərəkət edən relyativistik zərrəcik üçün Kulon tenzor qarşılıqlı təsiri nəzərə alinmaqla dəqiq spin və psevdo spin simmetriya halları üçün adi və supersimmetrik kvant mexanikasında analitik şəkildə həll edilib. Hər iki halda zərrəciyin enerji spektri və spinor funksiyaları üçün analitik ifadələr tapılıb. Zərrəciyin spinor funksiyaları Yakobi polinomu və hiperhəndəsi funksiya ilə ifadə edilib. Hər iki kvant mexanikasında alınan analitik ifadələrin mütləq üst-üstə düşməsi göstərilib. Enerji spektrinin ekranlaşma parametrindən asılılıqları geniş intervalda öyrənilib. Enerji spektrlərinin və spinor funksiyalarının kvant ədədlərinin müxtəlif qiymətləri üçün ədədi qiymətləri hesablanaraq alınan analitik ifadələrdən relyativistik və qeyri-relativistik limitlər hesablanıb.
Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb. Məruzəçi sualları cavablandırıb