Astrofizika kafedrasında elmi seminar keçirilib
14 aprel 2022-ci il tarixində Astrofizika kafedrasının elmi seminarında kafedranın dosenti Zahir Səmədovun “Bir neçə A spektral sinifli ifrat nəhəng, nəhəng ulduzların atmosferlərinin tədqiqi” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, HD207260(A2Ia), HD187982(A2Ia), HD40589(A0Iab), HD203925(A8III), HD95382(A5III) ifrat nəhəng, nəhəng A spektral sinfli ulduzların atmosferləri model və paralaks üsulları ilə tədqiq edilib. Bir sira fotometrik və spektral kəmiyyətlərin müşahidə və nəzəri qiymətlərinin müqayisəsi əsasında ulduzların effektiv temperaturları və səthlərində ağırlıq qüvvəsinin təcili təyin edilib. FeII xətləri əsasında mikroturbulentlik və metallıq [Fe/H] tədqiq olunub, müəyyən edilib ki, ağırlıq qüvvəsinin təcili kiçik olan ulduz atmosferlərində mikroturbulent hərəkət sürəti böyükdür. Metallıq Günəşdəki metallığa yaxındır. Bu isə göstərir ki, öyrəndiyimiz ulduzlar və Günəş eyni metallıqlı maddədən yaranmışlar. Bu nəticə ulduzların kimyəvi təkamülü nöqteyi-nəzərindən əhəmiyyətli nəticədir. Sonda məruzəçi iştirakçıların suallarını cavablandırdı.