BDU-da görkəmli astrofizik Rəhim Hüseynovun 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir
Bakı Dövlət Universitetində (BDU) AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar müəllim Rəhim Hüseynovun 100 illik yubileyinə həsr olunmuş “Astrofiziki tədqiqatlara müasir baxış” adlı Respublika elmi konfransı keçirilir.
Tədbirdən əvvəl "Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BDU rektoru Elçin Babayev qeyd edib ki, görkəmli alim Rəhim Hüseynovun Azərbaycanın elm tarixində astrofizika sahəsi üzrə ilk elmlər namizədi və elmlər doktoru kimi özünəməxsus yeri var. Rəhim Hüseynov 1940-1946-cı illərdə BDU-nun Fizika-riyaziyyat fakültəsində təhsil alıb, Universiteti fərqlənmə diplomu ilə bitirib. 1949-1951-ci illərdə BDU-nun Astronomiya laboratoriyasında baş laborant, 1951-1953-cü illərdə müəllim, 1953-1954-cü illərdə baş müəllim, 1954-1961-cı illərdə dosent vəzifələrində çalışıb. 1946-cı ilin yayında Azərbaycan Elmlər Akademiyası və BDU-nun respublikada gələcək Astrofizika Rəsədxanası üçün əlverişli yerin seçilməsi məqsədi ilə birgə elmi ekspedisiyasının iştirakçısı olub. Uzun illər Şamaxı Astrofizika Rəsədxanasının Günəş fizikası şöbəsinə rəhbərlik edən Rəhim Hüseynov 1961-1975-ci illərdə Rəsədxananın elmi işlər üzrə direktor müavini işləyib. Rəhim Hüseynovun gərgin əməyi nəticəsində Rəsədxana təşkil olunanda onun baş planında nəzərdə tutulan Üfüqi Günəş Teleskopu alınaraq qurulub və işə salınıb. Rəsədxanada işlədiyi 20 ildən çox müddətdə bu elm ocağının yaranması və inkişafında Rəhim Hüseynovun müstəsna xidmətləri olub. 1975-ci ildə professor elmi adını alan alim 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib.
Rektor bildirib ki, professor Rəhim Hüseynov yalnız alim kimi deyil, mükəmməl pedaqoq və elm təşkilatçısı kimi öz adını ölkəmizin elm və təhsil tarixinə yazıb. O, 1975-ci ildə BDU-da təşkil olunmuş Astrofizika kafedrasının müdiri təyin olunub, 17 il bu vəzifədə, 1992-ci ildən ömrünün sonuna qədər isə həmin kafedranın professoru vəzifəsində çalışıb. Beynəlxalq Astronomiya İttifaqının və Avropa Astronomiya Cəmiyyətinin üzvü olub. “Şərəf nişanı” ordeni ilə təltif edilib, “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Professor Rəhim Hüseynovun elmi əsərləri Günəş atmosferinin radiooptik xüsusiyyətləri, Günəş alışmalarının ilk fazası və onlarda gedən dinamik proseslər, planetar dumanlıq və onların əsas parametrlərinin təyini kimi məsələlərə həsr olunub. O, ilk dəfə Günəş alışmaları və radiopüskürmələrinin geniş diapazonda şüalanmasında məhəlli maqnit sahəsində relyativist elektronların əhəmiyyətli rolu barədə hipotez irəli sürüb. Planetar dumanlıqlara qədər məsafənin və onların nüvələrinin radiusunun yeni təyini üsullarını işləyib.
Sonra professor Rəhim Hüseynovun həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.
BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrasının müdiri Kəmalə Alışeva alimin həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Bildirib ki, professor Rəhim Hüseynov 170-dən artıq elmi məqalənin, 6 elmi-kütləvi kitabın, bir monoqrafiyanın, ali və orta məktəblər üçün “Astronomiya” dərsliklərinin və “Azərbaycanca-rusca-ingiliscə astronomiya lüğəti”nin müəllifi olub. Onun 1997-ci ildə yazdığı “Astronomiya” və 2010-cu ildə yazdığı “Ümumi astrofizika“ dərslikləri bu gün də müəllim və tələbələrin stolüstü kitabıdır.
Elm və Təhsil Nazirliyinin N. Tusi adına Şamaxı Astofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov, Rəsədxananın Planetlər və kiçik səma cisimləri şöbəsinin baş elmi işçisi, AMEA-nın müxbir üzvü Əyyub Quliyev, Fizika fakültəsinin Molekulyar fizika və optika kafedrasının professoru Niftalı Qocayev, professor Rəhim Hüseynovun nəvəsi Turan Hüseynova çıxışlarında görkəmli alimin elm və təhsil tariximizdə, ölkədə astrofizika elminin inkişafında rolundan danışıb, xatirələrini bölüşüblər.
Konfransın plenar iclasında isə BDU-nun dosentləri Xıdır Mikayılov “Azərbaycanda müşahidə astrofizikasının müasir cihazları”, Bayram Rüstəmov isə “Qoşa ulduz sistemlərinin tədqiqinin ulduzların yaranması və təkamülünün öyrənilməsində rolu” mövzularında məruzələr ediblər.
Konfrans öz işini bölmə iclasları ilə davam etdirir.