Fizika fakültəsində Elmi Şuranın iclası keçirilib

14 may 2026-cı il tarixində Fizika fakültəsi Elmi Şurasının növbəti iclası keçirilib. İclasın gündəliyinə aşağıdakı məsələ daxil edilib:
Astrofizika, Maddə quruluşu, Ümumi fizika və fizikanın tədrisi metodikası, Yarımkeçiricilər fizikası, Nanomaterialların kimyəvi fizikası kafedraları üzrə boş olan dosent, baş müəllim, müəllim vəzifələrini tutmaq üçün seçkinin keçirilməsi.
Elmi Şuranın sədri, dekan Bəxtiyar Paşayev iclasda Elmi şuranın 25 üzvündən 23-nün iştirak etdiyini və yetərsay olduğunu şura üzvlərinin diqqətinə çatdırdı.
Bildirildi ki, “Xalq qəzeti”nin 2026-ci il 20 fevral tarixli (№ 33 (31002)) buraxılışında dərc olunmuş elan əsasında Astrofizika kafedrasında boş olan 1 ştat dosent, Nanomaterialların kimyəvi fizikası kafedrasında boş olan 1 ştat baş müəllim, Maddə quruluşu kafedrasında boş olan 1 ştat müəllim, Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasında boş olan 0.5 ştat müəllim, Yarımkeçiricilər fizikası kafedrasında boş olan 1 ştat müəllim vəzifələrini tutmaq üçün iddiaçılar ərizə ilə müraciət ediblər. BDU rektorunun müvafiq əmri ilə yaradılmış Komissiya onların təqdim etdikləri sənədləri yoxlayaraq qəbul edib. Bəxtiyar Paşayev boş olan vəzifələri tutmaq məqsədi ilə müsabiqədə iştirak etmək üçün namizədlərin müvafiq kafedralarda müzakirə olunduğunu və Elmi Şuraya müvafiq protokoldan çıxarışların təqdim edildiyini söylədi.
Elmi şura üzvlərinin açıq səsverməsi ilə iddiaçılar (namizədlər) gizli səsverməyə buraxıldı və “Qaydalar”ın 2.12-ci bəndinə əsasən gizli səsvermənin keçirilməsi üçün aşağıdakı tərkibdə səsvermə komisiyası seçildi:
- Abdullayev Sərhəddin Qubaddin oğlu (sədr)
- Mahmudov Mehdi Müqabil oğlu (üzv)
- Məmmədov Vüsal Usub oğlu (üzv)
Gizli səsvermənin nəticələrinə əsasən Abdulkərim Asvarov Astrofizika kafedrasına dosent, Həbibə Şirinova Nanomaterialların kimyəvi fizikası kafedrasına baş müəllim, Nicat Əhmədov Maddə quruluşu kafedrasına müəllim, Gültəkin Məmmədova Yarımkeçiricilər fizikası kafedrasına müəllim vəzifələrinə seçildilər.