BDU Fizika fakültəsində elmi seminar keçirilib
05 aprel 2022-ci il tarixində BDU Fizika fakültəsinin elmi seminarı keçirilib. Seminarda “Yarımkeçiricilər fizikası” kafedrasının müdiri, professor Vaqif Salmanov “Lazerlərin inkişaf mərhələləri” mövzusunda çıxış edib. O, qeyd edib ki, atom enerjisi və kompyüter texnologiyası ilə yanaşı, lazerlər ötən əsrin ən mühüm kəşflərindən biri olub. Hətta lazeri bəzən 21-ci əsrin “lokomotivi” də adlandırıblar. Fiziki əsası Albert Eynşteynin 1916-cı ildə kəşf etdiyi məcburi şüalanma hadisəsinə əsaslanan lazerlər klassik işıq şüalarından yüksək monoxromotikliyi, paralelliyi və böyük intensivliyi ilə fərqlənirlər. Məruzədə lazer şüalarının fiziki əsası və işləmə prinsipi, lazerlərin növləri (bərk, maye, qaz, yarımkeçirici, teraherst), lazer fizikasının hazırkı vəziyyəti, lazerlərin tətbiq sahələri haqqında, “Yarımkeçiricilər fizikası” kafedraksında qeyri-xətti optik hadisələr sahəsində aparılan nəzəri və praktik tədqiqatlar, xüsusilə laylı yarımkeçirici kristallarda eksiton effekti, optik parametrlərin (udma və sındırma əmsallarının)lazer şüaları ilə dəyişməsi haqda məlumat verilib. Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.