BDU və BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisinin birgə beynəlxalq tədbiri başa çatıb
Birləşmiş Millətlər Təşkilatının (BMT) Xarici Kosmos Məsələləri üzrə Ofisi (UNOOSA) və Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı, Qlobal Naviqasiya Peyk Sistemləri (GNSS) üzrə Beynəlxalq Komitə (ICG) və Amerika Birləşmiş Ştatları Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) tərəfdaşlığı və dəstəyi ilə “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer” BMT/Azərbaycan beynəlxalq tədbiri (“United Nations/Azerbaijan Workshop on the International Space Weather Initiative: The Sun, Space Weather and Geosphere”) başa çatıb.
Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev beynəlxalq tədbirin işini yüksək qiymətləndirib və iştirakçılara təşəkkür edib. Bildirib ki, beş gün davam edən tədbirdə dünyanın 36 ölkəsindən, 4 qitəsindən tanınmış alim və tədqiqatçıların Günəş və Günəş-Yer əlaqələri fizikasının nəzəri və praktiki aspektləri, Kosmik Hava və Qlobal Naviqasiya Peyk Sistemləri sahələrində məruzələri dinlənilib. Beynəlxalq tədbirdə dinlənilən məruzələr əsasında Kosmik Hava məlumatlarının yüksək dəqiqliklə toplanması, mübadiləsi və çatdırılması, həmçinin qabaqcıl təcrübələrin təşviqi yolu ilə modelləşdirmə və proqnozlaşdırma metodlarının dəqiqliyinin və etibarlığının artırılması üçün tövsiyələr hazırlanacaq.
Tədbirdəki müzakirələr həmçinin “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi” və onun Dayanıqlı İnkişaf Məqsədləri (SDG) üçün müəyyən edilmiş hədəfləri ilə əlaqələndiriləcək, əldə olunan nəticə və tövsiyələr isə Birləşmiş Millətlər Təşkilatının Kosmosdan Dinc Məqsədlə İstifadə Komitəsinin (COPUOS) hesabatı çərçivəsində BMT-nin Baş Assambleyasına təqdim olunacaq.
Həmçinin vurğulanıb ki, tədbirin məqsədi təkcə Kosmik Hava istiqamətində birgə tədqiqatlar üçün platforma təqdim etmək deyil, həm də gələcəkdə bu sahənin inkişafının necə nəzərdə tutulduğunu daha dərindən araşdırmaqdır. Bu məqsədlə innovativ-texnoloji əsaslara və beynəlxalq təcrübəyə söykənən çevik mexanizmlər qurulmasının məqsədəuyğunluğu diqqətə çatdırılıb. Qeyd olunub ki, tədbir zamanı Beynəlxalq Kosmik Hava Təşəbbüsü proqramı üzrə müzakirə olunan bütün məsələlərin həyata keçirilməsinə dair əsaslar müəyyənləşdirilməlidir.
Bu sahədə həyata keçiriləcək yeni layihələr barədə təşkilatçılar tərəfindən verilən məlumatlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Bağlanış mərasiminin sonunda beynəlxalq tədbirin iştirakçılarına sertifikatlar təqdim olunub