Bərk cisimlər fizikası kafedrasında elmi seminar keçirilib
27 may 2024-cü il tarixində Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Bərk cisimlər fizikası kafedrasının növbəti Elmi seminar keçirilib. Seminarda kafedranın magistrantları Abbasova Xəyalə Nüsrət qızı “Xarici maqnit sahəsində kvant çuxurunda optik keçidlər” və İsmailova Emiliia Bayram qızı “İfratqəfəslər və onların enerji spektri” mövzusunda məruzə ediblər.
Məruzəçi Xəyalə Abbasova tədqiqat işində parabolik kvant çuxurunda işığın udulma və sınma əmsalının dəyişməsi spektrlərinə xarici sabit maqnit sahəsinin təsirinin öyrənilməsi haqda məlumat verdi. O, bildirdi ki, kvant mexanikasının həyəcanlanma nəzəriyyəsi əsasında kvant çuxurunda dielektrik qavrayıcılığının, işığın udulma əmsalının və sınma əmsalının dəyişməsinin analitik ifadələri alınmışdır. Tapılmışdır ki, kvant çuxuru müstəvisinə parallel sabit maqnit sahəsində işığın udulma əmsalı tezliyin pilləvari funksiyasıdır, maqnit sahəsinin intensivliyinin artması ilə udulma əmsalının qiyməti artır və udulma astanasının yüksək tezliklər oblastına tərəf sürüşməsi baş verir. Göstərilmişdir ki, işığın sınma əmsalının dəyişməsinin işıq tezliyindən asılılığı maksimuma malik olur. Maqnit sahəsinin intensivliyinin artması ilə bu maksimum yüksək tezliklər oblastına doğru sürüşür və onun qiyməti artır.
İkinci məruzədə Emiliia İsmailova seminar iştirakçılarının nəzərinə çatdırdı ki, son illər həm nəzəri, həm də təcrübi tədqiq olunan ifratqəfəslər əsasən kompozit və aşqarlanmış ifratqəfəslərdir. Bu növ ifratqəfəslərin enerji spektri və hal sıxlığı Kroniq-Penni modeli vasitəsi ilə hesablanır. Bu modelə əsasən ifratqəfəslər kvant çuxurları və çəpərlərin növbələşən ardıcıllığı kimi təsvir olunur. Təqdim olunmuş işdə məhz bu tip ifratqəfəslərin verilmiş model əsasında enerji spektri və hal sıxlığı nəzəri tədqiq olunmuş və müxtəlif limit halları üçün təhlil edilmişdir. Verilmiş sistemlər üçün hal sıxlığının enerjidən pilləvari asılı olduğu təyin olunmuşdur. Tapılmışdır ki, təmiz ikiölçülü enerji spektrinə malik sistemlər üçün isə xüsusi halda hal sıxlığı funksiyası enerjidən asılı olmayıb sabit qalır.
Seminarın sonunda məruzələr ətrafında müzakirələr aparılıb və seminar iştirakçıları tərəfindən verilən suallar cavablandırılıb.