Fizika fakültəsində “Müzəffər Ali Baş Komandan” adlı tədbir keçirilib
BDU Fizika fakültəsinin 2025-ci il sosial tədbirlər planına uyğun olaraq 15 oktyabr 2025-ci il tarixində Zəfər gününə və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilk dəfə Prezident seçilməsinin 22 illiyinə həsr olunmuş “Müzəffər Ali Baş Komandan” adlı tədbir keçirilib. Tədbirdə Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev, Optika və molekulyar fizika kafedrasının professoru İradə Əliyeva, sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Məhəmməd Məhərrəmov çıxış ediblər. Bəxtiyar Paşayev cənab Prezidentin Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı kimi gördüyü işlər, onun rəhbərliyi dövründə ölkəmizin qazandığı uğurlar, keçdiyi inkişaf yolu barədə danışıb. O, bildirib ki, cənab Prezident İlham Əliyev öz sözləri ilə desək, ata vəsiyyətini layiqincə yerinə yetirib, Azərbaycanın qarşısında duran bir çox problemləri, xüsusən də ən ağrılı problemimiz olan Dağlıq Qarabağ problemini uğurla həll edib, işğalda olan bütün torpaqlarımızın azad olunmasını və Azərbaycanın suverenliyini tam təmin edib. Onun məqsədyönlü və ardıcıl fəaliyyəti nəticəsində bu gün Azərbaycan bütün dünyada öz sözünü deyə bilən, sözü eşidilən, öz taleyi ilə bağlı məsələlərdə özü qərar verə bilən bir dövlətə çevrilib, İlham Əliyev isə dünyanın ən güclü siyasi liderləri sırasındadır. Professor İradə Əliyeva cənab Prezidentin Azərbaycanda təhsilin inkişafı ilə bağlı qəbul etdiyi qərarlar, xarici ölkə universitetlərində təhsil almaq üçün təsdiiqlədiyi Dövlət Proqramları, həmin proqramların bakalavr, magistratura və doktorantura səviyyəsində yüzlərlə gəncin yüksək ixtisaslı mütəxəssis kimi yetişməsinə verdiyi töhfələr barədə məlumat verib. Məhəmməd Məhərrəmov 2003-cü il Prezident seçkiləri ərəfəsində Ulu Öndər Heydər Əliyevin İlham Əliyev haqqında söylədiyi “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikirləri tədbir iştirakçılarının yadına salaraq, Ulu Öndərin öz seçimində nə qədər haqlı olduğunu qeyd edib. Cıxış edənlər ölkəmizin şərəfli tarix yaşadığını, bu tarixin yazılmasında gənclərimizin də böyük pay sahibi olduğunu qeyd edərək, tələbələri cənab Prezidentin həyat və fəaliyyətindən nümunə götürməyi, çalışqan olmağı və vətənimiz üçün yararlı vətəndaş kimi formalaşmaq üçün təhsilə məsuliyyətlə yanaşmağı tövsiyə ediblər.