Fizika fakültəsində “Müstəqilliyin bərpası günü” qeyd olunub.
17 oktyabr 2025-ci il tarixində Fizika fakültəsinin Tələbə Gənclər Təşkilatının və Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə 18 Oktyabr - Müstəqilliyin bərpası gününə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində Azərbaycan Respublikasının dövlət himni səslənib və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev çıxış edərək bu günkü tədbirin əhəmiyyəti barədə danışdı. O, bildirdi ki, müstəqil olmaq tarix boyu bütün xalqların arzusu olub, bu yolda mübarizələr aparılıb, qurbanlar verilib. Azərbaycan da müstəqillik yolunda böyük maneələrlə, çətinliklərlə üzləşib, çoxlu şəhidlər verib. XX əsrin əvvəlində, 1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik respublika kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq sonrakı nəsillər üçün böyük miras qoydu, xalqın tarixi yaddaşına qanla yazıldı. Sonradan 70 il Sovet imperiyasının tərkibində olması xalqın müstəqillik arzusunu qıra bilmədi. Həmin dördə də xalqımızın aydınları, görkəmli şəxsiyyətləri canları bahasına da olsa xalqımızın müstəqil olma ideyasını unutmaması üçün fədakarlıqla çalışdılar. 1991-ci ildə yenidən müstəqillik edən ölkəmiz çox ağır sınaqlarla üzləşdi: bizim müstəqliiyimizi qəbul edə bilməyən böyük güclərin qızışdırdığı ermənilər torpaqlarımızın bir hissəsini işğal etdi. Lakin, Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti nəticəsində xalqımız bu ağır sınaqlardan üzüağ çıxdı, torpaqlarımızı azad etdik, suverenliyimizi bərpa etdik və Ulu Öndərin sözləri ilə desək, Azərbaycanın müstəqilliyi əbədi və dönməz oldu. Sonra tələbələrin ifasında müstəqilliyimizə həsr olunmuş şerlər səsləndi və videoçarx nümayiş olundu.