Bərk cisimlər fizikası kafedrasının professorunun yubileyi
Bu gün BDU-nun Fizika fakültəsinin "Bərk cisimlər fizikası" kafedrasının professoru Məmməd Əliyevin yubileyidir.
Məmməd Novruz oğlu Əliyev 18 sentyabr 1942-ci ildə Azərbaycan Respublikası Tovuz şəhərində qulluqçu ailəsində anadan olub. 1959-1964-cü illərdə BDU-nun Fizika fakultəsinin tələbəsi olub. 1964-1967-ci illərdə Kazan Universitetində aspirantura təhsili alıb. 1967-1969-cu illərdə Kazan Universitetində stajor kimi fəaliyyət göstərib. 1969-cu ildə Kazan Universitetində “Paramaqnit kristallarda aşağı temperaturlarda dinamik effektlər” mövzusunda namizədlik dissertasiya işi müdafiə edib.
Məmməd Əliyev 1969-cu ildə BDU-nun Nəzəri fizika kafedrasında elmi-pedaqoli fəaliyyətə başlayıb. 1971-1991-ci illərdə Bərk cisimlər fizikası kafedrasında müəllim, baş muəllım, dosent, professor vəzifələrində çalışıb. 1971-1972-ci illərdə Parısın “École Normale Supérieure” ali məktəbində elmi ezamiyyətdə olub. 1990-cı ildə “Paramaqnit ionlu diamaqnit kristallarda və yarımmaqnit yarımkeçiricilərdə dinamik effektlər” mövzusunda doktorluq dissertasiyası müdafiə edib və 1991-ci ildə professor elmi adını alıb. 1991-1992-ci illərdə ATU-nun Biofizika kafedrasının müdiri vəzifəsinə çalışıb. 1992-2005-ci illərdə Azərbaycan Respublikasının Ankaradakı Fövqaladə və Səlayihətli Səfiri işləyib. 2005-2010-cu illərdə Azərbaycan Respublikasının Madriddəki Fövqaladə və Səlayihətli Səfiri olub. Madriddə diplomatik fəaliyyəti dövründə İspaniya kralı tərəfindən İspaniyanın ən yüksək ordeni ilə təltif olunub. 2010-2011-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində idarə rəisi işləyib. 2011-2013-cü illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xüsusi tapşırıqlar üzrə səfir olub. 2013-2015-ci illərdə ATU-nun professoru vəzifəsində işləyib. 2015-2022-ci illərdə BDU-nun Fizika fakültəsinin Bərk cisimlər fizikası kafedrasının müdiri olub. 2015-ci ildən Bərk cisimlər fizikası kafedrasının professorudur.
Məmməd Əliyev Bakalavr təhsil pilləsində “Termodinamika və statistik fizika” fənnindən, magistr təhsil pilləsində isə ixtisas kurslarından “Qrin funksiyası metodunun bərk cisimlərə tətbiqi, “İfratkeçiricilik və maqnetizm” fənlərindən mühazirə oxuyur və məşğələ dərsləri aparır. Elmi fəaliyyəti bərk cisimlərdə dinamik effektlərin tədqiqinə həsr olunub. Yerli və xarici elmi nəşrlərdə dərc olunmuş 90-a yaxın elmi məqalənin müəllifidir. Onun rəhbərliyi ilə 3 namızədlık dıssertasiya işii müdafiə edilib. Azərbaycan Respublikası Təhsil nazirinin əmrinə əsasən "BDU-nun 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
Məmməd müəllim fədakar alim olmaqla yanaşı, həm də gözəl insandır. Fizika fakültəsi ailəsi olaraq Məmməd müəllimi 80 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, ona möhkəm can sağlığı və elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.