Birdəfəlik Dissertasiya Şurasının iclası keçirilib
28 mart 2022-ci ildə BDU-nun Fizika fakültəsinin "Nanomaterialların kimyəvi fizikası" kafedrasının doktorantı Qəhrəmanlı Lalə Rasim qızının BDU-nun nəzdində fəaliyyət göstərən BFD 2.19 Dissertasiya Şurasında 2222.01 – Nanoquruluşların fizikası və texnologiyası ixtisası üzrə "Texnoloji şəraitin CdxZn1- xS nanohissəciklərinin fiziki xassələrinə təsiri" mövzusunda fizika üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilib. Dissertasiya Şurasının sədri AMEA-nın müxbir üzvi, professor Aydın Kazımzadə iclası açıq elan edərək 12 nəfər Şura üzvündən 12 nəfərin iştirak etdiyinə görə Dissertasiya Şurasının iclasının səlahiyyətli olduğunu bildirdi. Dissertasiya Şurasının elmi katibi f.ü.f.d. Şirinova Həbibə Şuraya daxil olmuş sənədlərlə iştirakçıları tanış etdi. Lalə Qəhrəmanlı dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məlumat verdi. Lalə Qəhrəmanlı bildirdi ki, dissertasiya işi, texnoloji şəraitin CdxZn1-xS nanohissəciklərin fiziki xassələrinə təsirinin tədqiqinə həsr olunub. İşdə, iki -SİLAR və sonokimyəvi sintez üsullarından istifadə etməklə alınan nanomaterialların strukturu, fiziki xassələri müasir tədqiqat üsullar ilə analiz edilərək xassələri öyrənilmişdir. Əldə olunan nəticələrə əsasən nanomaterialların kristal quruluşu, nanohissəciklərin ölçüləri təyin edilmişdir. Eyni zamanda, formalaşan nanohissəciklərin fiziki xassələrinə istifadə olunan müxtəlif növ stabilləşdiricilərin təsiri öyrənilmişdir. Bununla yanaşı SİLAR üsulu ilə alınan nanokompozit təbəqələrin quruluş və fiziki xassələrinə yetişmə temperaturunun və termik tablama temperaturlarının təsiri də araşdırılmışdır. Üçlü CdxZn1-xS əsaslı nanomaterialların dielektrik xassələri də ilk dəfə olaraq təqdim olunan dissertasiya işində tədqiq edilmişdir. Rəsmi opponentlər fizika - riyaziyyat elmləri doktoru, professor Hüseyn İbrahimov, fizika elmlər doktoru, dosent Əli Hüseynov və fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Alıyev dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəsmi opponentlərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Sonra Şura üzvləri professor Oktay Qasımov və dosent Sədiyar Rəhimov, doktorantın elmi rəhbəri dosent Mustafa Muradov iddiaçı haqqında və dissertasiya işi barədə öz müsbət fikirlərini söylədilər.
Dissertasiya Şurasının üzvlərinin elektron gizli səsverməsi keçirildi və Şura üzvləri Lalə Qəhrəmanlının fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər. Gizli səsvermənin nəticələri əsasında BDU-nun nəzdindəki BFD 2.19 Dissertasiya Şurası Lalə Rasim qızı Qəhrəmanlıya 2222.01 – Nanoquruluşların fizikası və texnologiyası ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi diplomunun verilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırdı.
Təbrik edirik!