BİRDƏFƏLİK DİSSERTASİYA ŞURASININ İCLASI KEÇİRİLİB.
30 mart 2022-ci il tarixində Bakı Dövlət Universitetinin Fizika fakültəsində Milli Aerokosmik Agentliyinin doktorantı Sultanova Ceyran Rafiq qızının “2222.01 – Nanoquruluşların fizikası və texnologiyası” ixtisası üzrə “Polipropilen, polivinildenflüorid və dəmir nanohissəcikləri əsasındakı nanokompozitlərin quruluşunun formalaşması və xassələrinin tədqiqi” mövzusunda fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsinə həsr olunmuş BFD 2.19 Birdəfəlik Dissertasiya Şurasının iclası keçirilib. İclası Dissertasiya Şurasının sədri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Aydın Kazımzadə açıq elan edərək bildirdi ki, Şuranın 12 üzvündən 11 nəfəri iclasda iştirak etdiyi üçün Dissertasiya Şurasının iclası səlahiyyətlidir. O, gündəlikdə olan “Polipropilen, polivinildenflüorid və dəmir nanohissəcikləri əsasındakı nanokompozitlərin quruluşunun formalaşması və xassələrinin tədqiqi” mövzusu üzrə dissertasiya işi ilə bağlı Şura üzvlərinə məlumat verdi. Dissertasiya Şurasının elmi katibi fizika üzrə fəlsəfə doktoru Həbibə Şirinova iddiaçı və Şuraya daxil olmuş Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə uyğun sənədlərlə iştirakçıları tanış etdi. Sonra iddiaçı Ceyran Sultanova “Polipropilen, polivinildenflüorid və dəmir nanohissəcikləri əsasındakı nanokompozitlərin quruluşunun formalaşması və xassələrinin tədqiqi” mövzusunda dissertasiya işinin aktuallığı, məqsədi, məzmunu, tədqiqat metodları və əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məlumat verdi.
Opponentlər – AMEA-nın Radiasiya Problemləri İnstitutu "Nizamsız bərk cisimlərin radiasiya fizikası" laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Oqtay Səmədov, BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutu "Kondensə olunmuş hal fizikası" şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, dosent Fərhad Rüstəmov, AMEA, Fizika İnstitutu "Darzolaqlı yarımkeçiricilər və yuxarı temperaturlu ifratkeçiricilər" ETL-in böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru, dosent Pərvanə Əsilbəyli dissertasiya işinin məqsədi, məqsədə çatmaq üçün həll edilmiş məsələlər, aktuallığı, tədqiqat obyektləri, nəticələrin həqiqiliyi, dürüstlüyü və aktuallığına dair müsbət rəylərini səsləndirdilər və iddiaçı rəsmi opponentlərin iradlarına münasibət bildirdi. Sonra iddiaçı iclas iştirakçılarının suallarını cavablandırdı. Dissertasiya işinin elmi rəhbəri, Bakı Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, fizika elmlər doktoru, dosent Hüseyn Məmmədov iddiaçı haqqında öz müsbət fikrini söylədi. Dissertasiya Şurasının üzvlərinin elektron gizli səsverməsi keçirildi və Şura üzvləri iddiaçı Ceyran Sultanovanın Fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Gizli səsvermənin nəticələri əsasında Bakı Dövlət Universitetinin nəzdindəki BFD 2.19 Birdəfəlik Dissertasiya Şurası Sultanova Ceyran Rafiq qızına 2222.01 – “Nanoquruluşların fizikası və texnologiyası" ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi diplomunun verilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırdı.
Təbrik edirik!