Dissertasiya işinin ilkin müzakirəsi keçirilib
04 iyun 2021-ci ildə BDU-nun Fizika fakültəsinin Optika və molekulyar fizika, və Fiziki elektronika kafedralarının Microsoft Teams platforması üzərindən birgə elmi seminarında "Optika və molekulyar fizika" kafedrasının sabiq dissertantı, Optika və molekulyar fizika kafedrasının böyük laborantı Məmmədova Vüsalə Cəlali qızının 2211.01 - Bərk cisim fizikası ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru fizika üzrə fəlsəfə doktoru “Elektrokimyəvi çökdürülmüş Cd1-xZnxO nazik təbəqələri və onlar əsasındakı strukturların elektrik fotoelektrik və optik xassələri” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. İclasın sədri Fiziki elektronika kafedrasının müdiri professor Əhməd Abdinov iclası açıq elan edərək iddiaçı və dissertasiya işi haqqında qısa məlumat verdi. Vüsalə Məmmədova dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi. Rəyçilər, f.r.e.n. Namiq Dərvişov və f.r.e.n. Mustafa Muradov dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Açıq səsvermə keçirildi və iclas iştirakçıları Vüsalə Məmmədovanın fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Qərar qəbul olundu ki, Məmmədova Vüsalə Cəlali qızının təqdim etdiyi “Elektrokimyəvi çökdürülmüş Cd1-xZnxO nazik təbəqələri və onlar əsasındakı strukturların elektrik fotoelektrik və optik xassələri” mövzusunda dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmlər doktoru dissertasiyalarına qoyduğu tələblərə tam cavab verir və onun müəllifi 2211.01 – Bərk cisim fizikası ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiqdir. Dissertasiya işini BDU-nun nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya Şurasına təqdim etmək olar.