Dissertasiya işinin ilkin müzakirəsi keçirilib
17 mart 2022-ci ildə BDU-nun Fizika fakültəsinin Optika və molekulyar fizika, Yarımkeçiricilər fizikası və Nanomaterialların kimyəvi fizikası kafedralarının birgə elmi seminarında "Yarımkeçiricilər fizikası" kafedrasının doktorantı, Cəfərli Rüfər Seydi oğlunun 2222.01 – “Nanoquruluşların fizikası və texnologiyası” ixtisası üzrə “ZnS əsaslı nanoquruluşlu materialların optik və fotoelektrik xassələri” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. İclasın sədri Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti Mustafa Muradov iclası açıq elan edərək iddiaçı və dissertasiya işi haqqında qısa məlumat verdi. Rüfət Cəfərli dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi. Rəyçilər, BDU-nun Bərk cismlər fizikası kafedrasının professoru f.r.e.d. Tariyel İsmayılov və Radiasiya Problemləri İnstitutunun professoru f.r.e.d. Rəhim Mədətov dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Açıq səsvermə keçirildi və iclas iştirakçıları Rüfət Cəfərlinin fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Qərar qəbul olundu ki, Cəfərli Rüfət Seydi oğlunun təqdim etdiyi “ZnS əsaslı nanoquruluşlu materialların optik və fotoelektrik xassələri” mövzusunda dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının f’əlsəfə doktoru dissertasiyalarına qoyduğu tələblərə tam cavab verir və onun müəllifi 2222.01 – “Nanoquruluşların fizikası və texnologiyası” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiqdir. Dissertasiya işini BDU-nun nəzdində fəaliyyət göstərən BFD 2.19 Dissertasiya Şurasına təqdim etmək olar.