Dissertasiya işinin ilkin müzakirəsi keçirilib
21 may 2021-ci ildə BDU-nun Fizika fakültəsinin Optika və molekulyar fizika, Maddə quruluşu kafedralarının və BDU-nun Fizika Problemləri ETİ-nin Biofizika şöbəsinin Microsoft Teams platforması üzərindən birgə elmi seminarında "Maddə quruluşu" kafedrasının sabiq doktorantı, Optika və molekulyar fizika kafedrasının dosenti Paşayev Bəxtiyar Gülmalı oğlunun 2206.01 Molekulyar fizika ixtisası üzrə fizika elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi "Bir sıra kiçik molekullu birləşmələrin müxtəlif fraksiyalı polietilenqlikolların suda məhlullarının strukturuna təsiri" mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. İclasın sədri Optika və molekulyar fizika kafedrasının müdiri professor Rəna Qasımova iclası açıq elan edərək iddiaçı və dissertasiya işi haqqında qısa məlumat verdi. Bəxtiyar Paşayev dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi. Rəyçilər, f.e.d. Larisa İsmayılova və f.e.d. Cahangir Hüseynov dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Açıq səsvermə keçirildi və iclas iştirakçıları Bəxtiyar Paşayevin fizika elmlər doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Qərar qəbul olundu ki, Paşayev Bəxtiyar Gülmalı oğlunun təqdim etdiyi "Bir sıra kiçik molekullu birləşmələrin müxtəlif fraksiyalı polietilenqlikolların suda məhlullarının strukturuna təsiri" mövzusunda dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmlər doktoru dissertasiyalarına qoyduğu tələblərə tam cavab verir və onun müəllifi 2206.01 – "Molekulyar fizika" ixtisası üzrə elmlər doktoru elmi dərəcəsi almağa layiqdir. Dissertasiya işini BDU-nun nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya Şurasına təqdim etmək olar.