Dissertasiya işinin ilkin müzakirəsi keçirilib
25 may 2021-ci ildə BDU-nun Fizika fakültəsinin Bərk cisimlər fizikası, Yarımkeçiricilər fizikası və Fiziki elektronika kafedralarının Microsoft Teams platforması üzərindən birgə elmi seminarında Bərk cisimlər fizikası kafedrasının sabiq dissertantı, Az MİU-nun Fizika və Kimya kafedrasının dosenti Hüseynov Hüseynağa İbrahim oğlunun 2211.01 Bərk cisimlər fizikası ixtisası üzrə fizika elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi "Aşağıölçülü elektron sistemlərində anizotrop kinetik hadisələr” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. İclasın sədri Bərk cisimlər fizikası kafedrasının müdiri, professor Məmməd Əliyev iclası açıq elan edərək iddiaçı və dissertasiya işi haqqında qısa məlumat verdi. Hüseynağa Hüseynov dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi. Rəyçilər, f.-r.e.d. Adilə Abasova, f.-r.e.d. Taryel İsmayılov və f.e.d. Rəna Babayeva dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Açıq səsvermə keçirildi və iclas iştirakçıları Hüseynağa Hüseynovun fizika elmləri doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Qərar qəbul olundu ki, Hüseynov Hüseynağa İbrahim oğlunun təqdim etdiyi"Aşağıölçülü elektron sistemlərində anizotrop kinetik hadisələr” mövzusunda dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmlər doktoru dissertasiyalarına qoyduğu tələblərə tam cavab verir və onun müəllifi 2211.01 “Bərk cisimlər fizikası” ixtisası üzrə elmlər doktoru elmi dərəcəsi almağa layiqdir. Dissertasiya işini BDU-nun nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya Şurasına təqdim etmək olar.