Dissertasiya işinin ilkin müzakirəsi keçirilib
30 iyun 2021-ci ildə BDU-nun Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının, Kimya fakültəsinin Yüksəkmolekullu birləşmələr kafedrasının və Nano Araşdırmalar ETL-nin Microsoft Teams platforması üzərindən birgə elmi seminarında "Nanomaterialların kimyəvi fizikası" kafedrasının doktorantı Qəhrəmanlı Lalə Rasim qızının 2222.01-"Nanoquruluşların fizikası və texnologiyası" ixtisasından fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi "Texnoloji şəraitin CdxZn1-xS nanohissəciklərinin fiziki xassələrinə təsiri" mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. İclasın sədri Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri dosent Faiq Paşayev iclası açıq elan edərək iddiaçı və dissertasiya işi haqqında qısa məlumat verdi. Lalə Qəhrəmanlı dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi. Rəyçilər, AMEA-nin Fizika İnstitunun böyük elmi işçiləri fizika üzrə fəlsəfə doktoru, dosent Əsilbəyli Pərvanə və fizika üzrə fəlsəfə doktoru, dosent Hadıyeva Aynurə dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Açıq səsvermə keçirildi və iclas iştirakçıları Lalə Qəhrəmanlının fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Qərar qəbul olundu ki, Qəhrəmanlı Lalə Rasim qızının təqdim etdiyi "Texnoloji şəraitin CdxZn1-xS nanohissəciklərinin fiziki xassələrinə təsiri" mövzusunda dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəlsəfə doktoru dissertasiyalarına qoyduğu tələblərə tam cavab verir və onun müəllifi 2222.01 – " Nanoquruluşların fizikası və texnologiyası" ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiqdir. Dissertasiya işini BDU-nun nəzdində fəaliyyət göstərən BFD 2.19 Dissertasiya Şurasına təqdim etmək olar.